Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Noyabr 2017 12:14

“Yenə tarix yazacağıq!”

Cəbhə xəttində yerləşən "N" hərbi hissəsindəki bölmələrdən birində müasir ideoloji mərkəz diqqətimi cəlb etdi. Yüksək tərtibatla hazırlanmış mərkəzdə ulu öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin əsgərlərlə görüşlərini, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin inkişafını mərhələ-mərhələ əks etdirən dəyərli eksponatlar asudə vaxtlarını əsasən burada keçirən gənc döyüşçülərin mənəvi hazırlığında mühüm rol oynayır.
Qrup rəhbəri baş leytenant Rəşad Qafarov bildirdi ki, əsgərlərlə həm ictimai-siyasi hazırlıq, həm də başqa mövzularda məşğələlər keçirilir, şəxsi heyət ordumuzun inkişaf tarixi haqqında məlumatlandırılır. "Əsgərlərimizi həm 1918-20-ci illər Azərbaycan Xalq Cümhuriyyəti dövründə respublikamızda ilk ordu hissələrinin yaranması, həm ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müxtəlif tarixi mərhələlərdə ordu quruculuğunu inkişaf etdirmək, xalqımızın hərbi ənənələrinin davam etdirilməsi sahəsində həyata keçirdiyi məqsədyönlü islahatlar, həm də müasir dövrdə Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında görülən işlər barədə hərtərəfli məlumatlandırmağa çalışırıq. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin cəbhə xəttinə səfərləri, aprel döyüşlərində fədakarlıq göstərmiş hərbi qulluqçuları mükafatlandırması ilə bağlı foto-stendlər də şəxsi heyətin marağına səbəb olur."
Söhbət zamanı öyrənirəm ki, müsahibim artıq 4 ildir ki, ön xətdə xidmət edir. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib.
Bu gün də zabitimiz şəxsi heyətə ordu quruculuğu, ordumuzda silahlanmaya verilmiş silah və texnikalardan, həmçinin "Azərbaycan Ordusu" qəzeti və "Hərbi bilik" jurnalında dərc edilən məqalələrin əsgərlərin istər döyüş, istərsə də mənəvi hazırlığında əhəmiyyətindən də danışdı.
15 aydır xidmət edən əsgər Rəfail Talıbzadə də fikirlərini bildirdi:
- Tariximizi öyrənməyə çalışmışam. Belə bir deyim var: "Keçmişini bilməyənin gələcəyi olmaz". Biz Azərbaycan Ordusunun əsgərləriyik. Tariximizi də böyük həvəslə öyrənirik. Ali Baş Komandanın əmriylə tarix yazmalıyıq. Bu şanlı tarixin əsası aprel döyüşlərində qoyuldu.
Hərbi xidmətə Tərtər rayonundan çağırılan əsgər İsmail İsmailzadə dedi ki, peşəkar, bacarıqlı komandirlərimizdən tariximizi də öyrənirik, istifadə etdiyimiz silahların taktiki-texniki xüsusiyyətlərini də. İctimai-siyasi hazırlıq dərsləri hərbi biliklərimizi, dünya görüşümüzü daha da artırır.
Digər əsgərlər - Səyyad Bayramov, Turan İsmayılov, Xalid Musayev doğma Vətənin hərb tarixinə böyük maraq göstərdiklərini qeyd etdilər. Tarixini unutmayan döyüşçülərimiz yaxın vaxtlarda yenə tarix yazacaqlar.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR