Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Noyabr 2017 12:05

“Ali Baş Komandanımızın əmrini gözləyirik”

Bu gün müstəqil Azərbaycan qüdrətli orduya malikdir. Ordunun güclənməsi, dövlət və xalq üçün vacib amildir. Çünki Vətənimizi, müstəqil dövlətimizi daim qorumaq qüdrətinə malik olmalıyıq. Ordumuz möhkəmlənir ki, ölkəmizin ərazi bütövlüyünü bərpa edə bilsin. Bütün bunlara görə Azərbaycan gəncliyinin qarşısında duran ən vacib məsələlərdən biri məhz orduda xidmət etmək, döyüş vərdişlərinə yiyələnməkdir.
Döyüş bacarığının təmin edilməsi nəzəriyyənin öyrənilməsindən və öyrənilənlərin təcrübədə tətbiq edilməsindən keçir. Bu məqsədlə "N" hərbi hissəsinin qabaqcadan təsdiq edilən planına əsasən, şəxsi heyət və texnikalar təyin olunan təlim məntəqəsinə çıxarılıb. Şəxsi heyətin müasir vasitələrdən, silah və texnikalardan səmərəli istifadə edərək şərti düşmənin qarşısının alınması məqsədilə həyata keçirdiyi atış və atəşin idarə olunması məşqini izləyirik.
Bir daha əmin oluruq ki, peşəkar, vətənpərvər zabitlərin hesabına ordumuz bu gün Azərbaycanın müstəqilliyinə yönəldilən hər hansı bir qəsdə yüksək səviyyədə cavab verməyə hazırdır. Belələrindən biri ilə - baş leytenant Ceyhun Xankişiyevlə məşq prosesində tanış oluruq. Öyrənirik ki, həmsöhbətimiz Laçın rayonunun Daşlı kəndində anadan olub və zabit olmaq məqsədilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Zabitin Azərbaycan Ordusunda xidmətə başladığı ilk gündən əsas məqsədi işğalda olan torpaqlarımızın düşməndən azad edilməsinə töhfəsini verməkdir: "İnsan hər şeydən əvvəl torpağı, Vətəni ilə qürurlanır, fəxr edir. Ancaq Laçın bu gün yoxdu. 24 ildir ki, Laçınsızıq. Laçının dağlarına, torpaqlarına, ata-babalarımızın yurduna neçə illərdir həsrətik. İstər Laçın olsun, istərsə də başqa rayonlar, hər biri Azərbaycanımızın bir parçası olmaqla hamımızın dədə-baba ocağıdır. Bu gün bir məqsədimiz var: torpaqlarımız mütləq işğaldan azad olunmalıdı, başqa cür mümkün deyil. Çünki biz atalarımızın, babalarımızın ruhu qarşısında borcumuzdan torpaqları geri qaytarmaqla çıxa bilərik. Bunun üçün də Ali Baş Komandanımızın əmrini gözləyirik".
Bir qədər fikrə dalan baş leytenant deyir: "Aprel zəfəri bütün dünyaya Azərbaycanın gücünü, Azərbaycan Ordusunun nəyə qadir olduğunu, Vətən torpaqları üçün hər kəsin canından keçmək əzmini sübut etdi. Belə anları yaşadığıma, Azərbaycan Ordusunun zabiti olduğuma görə vüqarlanıram, fəxarət hissi keçirirəm. Məşğələlərdə döyüş səriştəmizi artırmaqla məqsədimiz aprel zəfərini davam etdirməkdir. Bu məşğələlərin hesabına şəxsi heyətin taktiki və texniki bacarıqları artır, əsgərlərdə fiziki, mənəvi-psixoloji və döyüş hazırlığına inam yaranır. Bununla da hərbi qulluqçularımız yüksək döyüş ruhuna malikdirlər, hər kəs üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir."
Zabitlə söhbətdən sonra sevinirəm ki, Vətən torpağının hansı hissəsində xidmət etməsindən asılı olmayaraq hər zaman dövlətini, xalqını düşünən zabitlərimiz çoxdu. Böyük Atatürkün sözləri ilə desək: "Hər hansı bir ordunun dəyəri onun zabit və komanda heyətinin dəyəri ilə ölçülür".

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"