Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Noyabr 2017 12:01

Qələbə soraqlı Azərbaycan əsgəriyik

Dan yeri yenicə sökülür, ana təbiətin gözəlliyini seyr edə-edə Azərbaycan əsgərinin görüşünə tələsirik. Dağların arxasından boylanan payız günəşi xəyallarımı isidir, düşüncələrimi dincəldir. Torpağa səpələnən xəzan da öz gözəlliyi ilə adamı düşüncələrə qərq edir. Mənə elə gəlir ki, bu dağların hər qarışı, hər daşı qəhrəmanlıq tariximizi özündə yaşadır.
Sakit bir mehrlə açılan səhər çağında bizi müşayiət edən zabit Seymur Abıyev isə diqqətimizi quruyan çaya yönəldir.
- Bir vaxtlar buradan axan dağ çayından indi əsər-əlamət yoxdu. Elə bil çay da torpaqlarımızın həsrətinə dözə bilmədi, döyüşlərdə həlak olan oğullarımıza yas saxladı, göz yaşını axıda-axıda qurudu, - deyir. - Vətən naminə canlarını qurban verən oğullarımızın acısını hər kəs kimi bu çay da qədərincə yaşayır. Ancaq inanıram ki, ağrı-acı tezliklə sona çatacaq, həsrət vüsalla əvəzlənəcək və bu çayın da möhtəşəmliyi özünə qayıdacaq.
Yolun elə bir yerinə gəlib çatırıq ki, bizi əhatələyən torpaq sədlərindən, mavi səmadan və Bülbülün ifasında dinlədiyimiz "Şuşanın dağları başı dumanlı" musiqi parçasından başqa heç nəyi görmür və eşitmirik. Bilmirəm irəlilədiyimiz yolun çəkilməsində həlak olan və yaralanan oğullarımız haqqında aldığım informasiyadanmı, dahi Bülbülün ifasında dinlədiyimiz musiqi parçasındanmı, quruyan çayın yaratdığı təəssüratların təsirindənmi kövrək anlar yaşadığımı etiraf etməliyəm.
Ön xətdə Azərbaycan əsgəri ilə görüşümüzdən sonra həmin kövrək və sıxıntılı anlar geridə qalır.
Leytenant Elgün Mustafazadənin ilk sözü bu olur ki, məqsədimiz torpaqlarımızı azad etmək və dövlətimizin ərazi bütövlüyünə nail olmaqdır. "Bu gün Azərbaycan zabitinin və əsgərinin ruhunu kimsə öldürə bilməz. Başımıza od yağdıra bilərlər. Bu, onların erməni xislətidi. Amma bizi sındıra bilməzlər. Biz öz torpağımızdayıq, haqq savaşına qatılmışıq. Azərbaycan əsgəri öz iradəsi ilə müharibənin yaratdığı istənilən şəraitə hazırdı. Aprel döyüşləri də buna sübutdu. Süfrəmizdə çörək kəsib, bizə xəyanət edən mənfur qonşular, siyasi maraqlar üçün insanlara zülm edənlər, bilsinlər ki, haqq öz yerini tapacaq. Azərbaycan Ordusunun şəxsi heyəti buna bütün varlığı ilə inanır".
Quba rayonundan hərbi xidmətə çağırılan və 13 aydı xidmət edən əsgər Murad Şıxməmmədov hesab edir ki, güclü ordunun əsgəri kimi müharibənin başlamasından qorxmur, əksinə, bu anı səbirsizliklə gözləyir. “Dövlətimizin gücünü hiss edəndə daha mübariz olur, torpaqlarımızın işğaldan azad edilməsi üçün alışıb-yanırıq. Hər birimizin arzusu budur ki, torpaqlarımızın düşməndən azad edilməsi bizim hərbi xidmət dövrümüzə təsadüf etsin."
- Biz hər an döyüşə hazır olduğumuzu hiss etdiririk, - deyə əsgər Cəmil Abbaslı söhbətə qoşulur. - Qüdrətli Azərbaycan Ordusunun əsgəri olaraq başa düşürük ki, ərazilərimizi geri qaytarmaq üçün daha güclü, qətiyyətli olmalıyıq. Ona görə də Vətənin keşiyində məğrur dayanır və igidlərimizdən, qəhrəmanlarımızdan nümunə götürürük.
- Aprel döyüşləri də sübut etdi ki, əsgərlərimizin hər biri qəhrəmanlıq göstərməyə qadirdir. Azərbaycan əsgərlərinin hünəri, şücaəti düşmənlərimiz üçün göz dağı, xalqımız üçün isə fəxr və qürur yeridir.
Söhbətin bu yerində leytenant Elgün Mustafazadə də bildirir ki, əsgər yoldaşının qeyd etdiyi qəhrəmanlarımızın hünər və şücaəti onlar üçün ən dəyərli örnəkdir. Doğrudan da, igidlərin vətənpərvərliyi, hünəri xalqın, cəmiyyətin mənəvi inkişafında yeni bir mərhələ açır və bu mərhələdə əqidəyə sədaqət şəxsi emosiyalardan qat-qat üstündür.
Əsgər Rəşad Əliyev isə deyir ki, burada bizimlə düşmən mövqelərinin ara məsafəsi yaxındır. “Xırda bir ehtiyatsızlıq faciəyə səbəb ola bilər. Buna görə də təhlükəsizlik qaydalarına maksimum riayət edirik. Əks halda düşmən snayperinin qurbanı ola bilərik. Bizim isə torpaqları azad etmədən ölməyə haqqımız çatmır. Çünki yaxşı bilirik ki, gündəlik tapşırıqları yerinə yetirməklə, təhlükəsizliyimizi təmin etməklə özümüzü işğal altındakı torpaqlarımızın azadlığı uğrunda zəfər yürüşlərinə hazırlayırıq”.
Əsgərlər Murad İbrahimov və Elməddin Qurbanov da silahdaşlarının sözünü təsdiqləyərək dedilər ki, vətənpərvərlik ruhu yüksək olan Azərbaycan əsgərinin gücü ilə Azərbaycan Ordusunun qələbə sorağı, üçrəngli bayrağımızı Qarabağda ucaldacağımız gün uzaqda deyil.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
fotolar Coşqun CƏFƏROVUNDUR