Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Noyabr 2017 11:59

Təlimlər ordunun döyüş qabiliyyətinin artırılmasında əsas amillərdən biridir

Ali Baş Komandan İlham ƏLİYEV:
Bundan sonra da ordumuza nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaqdır. Heç bir məhdudiyyət olmayacaq. Hərbi gücümüz,  eyni zamanda, torpaqlarımızın azad olunmasında və ərazi bütövlüyümüzün bərpasında öz rolunu oynayır və oynayacaq. Aprel döyüşləri, torpaqlarımızın bir hissəsinin işğalçılardan azad edilməsi ordumuzun gücünü bütün dünyaya göstərmişdir.
Dünyanın məşhur hərb xadimlərindən biri - böyük rus sərkərdəsi Suvorov öz zamanında təlimlərin keçirilməsini yüksək dəyərləndirib və qeyd edib ki, təlim əsgərin akademiyasıdır. Doğrudan da, təlimlər ən mühüm hərbi əməliyyat  tədbiri olaraq şəxsi heyətin döyüş vərdişlərinin möhkəmləndirilməsində, qələbəyə olan inamın formalaşmasında  başlıca rol oynayır.
Son illər Azərbaycanın ordu quruculuğunda xüsusi diqqət yetirilən məsələlərdən biri də müxtəlif miqyaslı hərbi təlimlərin müntəzəm keçirilməsidir. Diqqət cəlb edən məqam ondan ibarətdir ki, əvvəlki dövrlərdən tam fərqli olaraq on minlərlə ehiyatda olan hərbi mükəlləfiyyətlilər də təlimlərə cəlb edilir və onların hərbi ixtisaslarına uyğun təkmilləşdirilməsi həyata keçirilir. Bundan əlavə müasir silah və texnikaların sirlərinin keçmiş döyüşçülərə aşılanması olduqca əhəmiyyətlidir, axı zamanında onlar belə silahlardan istifadə etməyiblər.
Çoxdanın söhbətidir, cəbhə xəttində taborların birində keçirilən təlimdən qeydlər götürəndə indi vəzifədə olan hörmətli zabitimiz gəlib çıxmışdı və təlimin ordunun şəxsi heyəti üçün nə qədər vacib, əhəmiyyətli olduğunu bildirmişdi. "Təlim zabitin də, gizirin də, əsgərin də həyatında olduqca önəmlidir, çünki bu sınaq onların hərbi bacarığını, səriştəsini qiymətləndirməyə imkan verir. Kim təlimdə fərqlənirsə, deməli, müharibə meydanında qələbə onundur", - demişdi. Azərbaycanın ordu rəhbərliyi də təlimlərin müntəzəm və əhatəli keçirilməsində maraqlıdır ki, şəxsi heyətin döyüş vərdişləri daha da təkmilləşdirilsin. Bu həqiqəti 2016-cı ilin aprel döyüşləri də təsdiqlədi və bu döyüşlər onu da sübut etdi ki, Azərbaycan zabiti, Azərbaycan əsgəri daim qələbə əzmindədir, üzərinə düşən vəzifələri inamla yerinə yetirəcəkdir.
Bir çox hərbi ekspertlər, həmçinin beynəlxalq analitiklər ordumuzun hərbi təlimlərə tez-tez cəlb edilməsinə birmənalı yanaşmırlar. Bəziləri Azərbaycanı sürətlə silahlanmada və müharibəyə hazırlıqda qınayır. Amma bir həqiqəti deməyi bacarmırlar ki, torpaqları işğalda olan, bir milyon vətəndaşı qaçqın vəziyyətində yaşayan məhz Azərbaycandır. 25 ildən artıq müstəqilliyi dövründə humanist dəyərlərə önəm verən dövlətimiz yenə də üzləşdiyi münaqişənin sülh yolu həllinə  tərəfdardır. Gəlin görək qarşı tərəfin, yəni, Ermənistanın buna münasibəti necədir? İşğalçı dövlət isə çirkin niyyətindən əl çəkməyərək həmişə sülh danışıqlarından boyun qaçırır və mövcud status-kvonu uzatmağa çalışır. Buna dünya dövlətlərinin biganə qalması isə adamda ikrah doğurur. Əgər Ermənistan sülh yolu ilə münaqişənin həllinə tərəfdar deyilsə, onda Azərbaycanın öz hərbi gücünü artırması və bu məqsədlə təlimlərə üstünlük verməsi qaçılmazdır. Bu fikri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev istər ölkə ictimaiyyəti qarşısında, istərsə də başqa dövlətlərin, habelə NATO, ATƏT kimi mötəbər qurumların rəsmiləri ilə görüşlərində də dəfələrlə bəyan edib.
Silahlı Qüvvələrin döyüş hazırlığı planına əsasən, komanda-qərargah hərb oyunları müxtəlif qoşun növlərində keçirildi. Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərb oyunlarına cəlb olunan rəhbər heyətlə noyabrın 17-də xidməti müşavirə keçirtdi. Mətbuat Xidmətinin yaydığı məlumatda da göstərildiyi kimi, baş idarə, idarə rəisləri, Silahlı Qüvvələrin qoşun növləri komandanları, birlik və birləşmə komandirlərinin iştirakı ilə keçirilən müşavirədə qoşunlara təlimlə əlaqədar əməliyyatların planlaşdırılması üzrə göstərişlər və döyüş sərəncamları çatdırıldı.
Komanda-qərargah hərb oyunları Hərbi Dəniz Qüvvələrində də keçirilib. Müdafiə Nazirliyinin rəhbər heyəti komanda idarəetmə məntəqəsindən dəniz poliqonunda təlim tapşırıqlarını yerinə yetirən bölmələrin manevrlərini, döyüş atışlarını izləyib. Bu təlimdə Azərbaycanın Xəzər dənizindəki ərazi sularında olan enerji strukturlarının mühafizəsi üzrə Hərbi Dəniz Qüvvələrinin gəmi qrupunun əməliyyatlarının planlaşdırılması, aviasiyanın dəstəyi ilə şərti düşmənin terror-diversiya qrupunun zərərsizləşdirilməsi üzrə döyüş tapşırıqları həyata keçirilib. Təlimin nəticələri bir daha sübut edib ki, Silahlı Qüvvələrimizin digər qoşun növləri kimi, hərbi dənizçilərimiz də qarşıya qoyulan döyüş tapşırıqlarını yüksək səviyyədə icra etməyə qadirdirlər.
Müdafiə Nazirliyi Mətbuat Xidmətinin digər bir məlumatına əsasən, Əlahiddə Ümumqoşun Ordunun birbaşa və əməliyyat tabeliyində olan birləşmə və hissələrində də komanda-qərargah hərb oyunları keçirilib. Burada da müxtəlif kateqoriyadan olan zabitlərin iştirakı ilə baş tutan təlim zamanı hərbi bölmələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib.
Bildiyimiz kimi, Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümünü qeyd etdiyimiz günlərdə Naxçıvanda yaradılan ilk milli ordunun da 25 illiyi böyük təntənə ilə keçirilib və bu münasibətlə Əlahiddə Ümumqoşun Ordunun paradı təşkil olunub. Müasir silah və texnikaların nümayiş etdirildiyi parad hər bir vətəndaşımızda sonsuz qürur yaradıb. Bizdə belə inam formalaşdırıb ki, Azərbaycan Silahlı Qüvvələrinin mühüm tərkib hissəsi olan Naxçıvan qarnizonunun hərbi hissə və birləşmələri də nəinki bu qədim diyarın müdafiəsində etibarlı dayanır, həmçinin Azərbaycanın qarşısında dayanan döyüş vəzifəsinin uğurla icra edilməsinə hər zaman öz töhfəsini verməyə hazırdır.
Yenə də Müdafiə Nazirliyi Mətbuat Xidmətinin növbəti məlumatında oxuyuruq. "Komanda-qərargah hərb oyunları çərçivəsində cəbhəboyu zonada yerləşən müxtəlif təlim poliqonlarında qoşunların praktik fəaliyyəti yoxlanılaraq döyüş atışları icra edilib. Bir neçə hərbi hissədə yerinə yetirilən təlimlərin əsas mərhələsində hücum əməliyyatları zamanı qoşunların qarşılıqlı əlaqəsi, hərtərəfli təminatı, idarəetmənin təşkili və digər taktiki fəaliyyətlər yerinə yetirilib."
Məlumatda həmçinin qeyd olunur ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov komanda-qərargah oyunlarına cəlb edilən şəxsi heyətin peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib. Təlimin yekunlarını təhlil edərkən birmənalı qeyd etmək lazımdır ki, bütün qoşun növlərində təmsil olunan şəxsi heyət qarşıya qoyulan tapşırıqların öhdəsindən bacarıqla gəlib.
Müdafiə Nazirliyi növbəti komanda-qərargah hərb oyunlarını yüksək səviyyədə keçirməklə bir daha  sübut etdi ki, Azərbaycan Ordusunun şəxsi heyəti dövlətin və xalqın  inamını, etibarını hər addımda doğrultmağa hazırdır.

"Azərbaycan Ordusu"