Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Noyabr 2017 11:19

Qürurun qürurumuzdu!..

Bir az əvvəl burada gənc əsgərlər Hərbi and içdilər. Mərasimi sən də böyük maraqla, murazla, niyyətlə izlədin. Əsgərlərin təntənəli keçidini izlədikcə ürəyinin necə döyündüyünü mən də hiss edirdim. Qabağa çıxmışdın. Sən də hərbi salam verirdin - əsgər qardaşının timsalında qardaşına qardaş bildiyin bütün əsgərləri uğurlayırdın. Varlığınla yerə-göyə sığışmayan bir sevinc idin, əzizimiz Yusif...
Tədbirdən sonra əlini ananın əlindən üzdün, qardaşının Hərbi and içdiyi yerə tələsdin. Hara tələsdiyini duyanların baxışlarını da özünlə apardın. Səni ora aparan hansı istəyiydi, hansı murazıydı, hansı niyyətiydi? - tez böyümək, əsgər olmaq, hərbi and içmək. Düşüncələrini yaxın vaxtlarda işğaldan azad edəcəyimiz torpaqlarımıza məlhəm edərdim...
Sağa baxdın, sola baxdın, qardaşını tanıya bilmədin, tərəddüd etmədən əlində dalğalandırdığın bayrağı qardaş əvəzi tanımadığın əsgərə verdin. O qədər gözlənilməz oldu ki, o anı tarixləşdirə bilmədik...
Bu arzunla, bu murazınla, bu niyyətinlə sən də xidmətdəsən, körpə vətəndaş. Böyüyəcəksən, yaşa dolacaqsan. Vətənimizə ən layiqli vətəndaşlardan biri olacaqsan....
Azərbaycan əsgərinin qardaşı olmağınla qürurlanırsan. Əsgər olmaq istəyiylə  qürurlanırsan. Zamanı 12-13 il qabaqlayıb qürurlanırsan. Əsgər Yusif Bağırzadə müraciətini eşidəcəyin anın sevinciylə qürurlanırsan!..
Qürurun qürurumuzdu, balaca əsgər!..
Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"