Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Noyabr 2017 11:18

Təhsildə fərqlənənlər mükafatlandırıldı

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının C.Naxçıvanski adına Hərbi Liseylə sıx əlaqəsi neçə illərdir ki, davam edir. Konfederasiyanın iştirakı ilə təhsil ocağında  vaxtaşırı hərbi vətənpərvərlik tədbirləri keçirilir. Belə tədbirlərdən biri də 2017-2018-ci təhsil ilində fərqlənən kursantlara mükafat və diplomların təqdim edilməsidir.
Bu günlərdə C.Naxşıvanski adına Hərbi Liseydə təntənəli bir gün yaşandı. Kursantlara hədiyyələrin təqdim olunma mərasimi keçirildi. Ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad olundu. Mərasim iştirakçıları Azərbaycan Respublikasının Dövlət himnini oxudular. Polkovnik-leytenant Kamran Nəsibov tədbiri açıq elan edərək Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ilə Hərbi lisey arasındakı sıx əməkdaşlıqdan, qarşılıqlı xoş münasibətlərdən ətraflı danışdı.
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının məsul işçisi Xoşqədəm Bağırova qeyd etdi ki, təmsil etdiyi qurumla C.Naxçıvanski adına Hərbi Lisey arasında 2000-ci ildən sıx əməkdaşlıq davam edir. "Bildiyiniz kimi, Konfederasiyanın sədri, millət vəkili Səttar Möhbalıyevin təşəbbüsü ilə təhsil ocağında hərbi vətənpərvərlik mövzusunda müxtəlif yönümlü tədbirlər keçirilir. Artıq neçə ildir ki, biz həmkarlar təşkilatı olaraq gənclərin hərbi sahəyə marağını daha da artırmaq məqsədi ilə təhsildə yüksək nəticə göstərən kursantlara mükafat və diplomlar təqdim edirik. Bu gün də o ənənə davam edir. Cari ildə təhsildə fərqlənən kursantlara hədiyyə və diplomlar təqdim edəcəyik. Bu tədbiri keçirməkdə əsas məqsədimiz gələcək zabitlərin hərbi vətənpərvərlik ruhunu yüksəltmək, onlara milli-mənəvi dəyərlərimizi aşılamaqdır." 
Çıxışlardan sonra hədiyyələr təqdim olundu.
Mükafata təqdim olunan kursantlardan Tariyel Hüseynov, Kənan Məhərrəmov, Elmar Əhmədli, Samir Ağabalayev, Şaiq Hacıyev və başqaları onlara verilən dəyərə görə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər.
Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey