Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Noyabr 2017 11:17

Mİlli Dirçəliş günü münasibəti ilə tədbir keçirildi

"N" hərbi hissəsində keçirilən tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət himni səsləndirildi.
Tədbiri giriş sözü ilə H.Aslanov adına Mərkəzi Zabitlər Evinin təbliğat və kütləvi iş bölməsinin rəisi kapitan Ramil Qasımov açaraq əlamətdar gün münasibəti ilə toplaşanları təbrik etdi və xoş arzularını çatdırdı. Zabit çıxışında tarix boyu təbii sərvətləri ilə zəngin olan Azərbaycanın yadellilər tərəfindən hərbi təcavüzə məruz qaldığını bildirdi. "Lakin 17 noyabr - Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpasında mühüm hadisədir. Ölkəmiz ilk müstəqillik dövründə bir çox çətinliklərlə üzləşsə də, ümummilli lider Heydər Əliyevin Vətənə qayıdışı ilə Azərbaycanın milli-siyasi azadlıq hərəkatında tamamilə yeni mərhələ başlandı". Ulu Öndərin tarixi xidmətlərindən danışan R.Qasımov diqqətə çatdırdı ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirilib. "Ümummilli Liderin sədrliyi ilə keçirilən bu sessiyanın qərarı ilə muxtar respublikanın adından "sovet" və "sosialist" sözləri çıxarıldı. Bu, müstəqillik uğrunda mübarizənin tərkib hissəsi oldu...".
Mərkəzi Zabitlər Evinin mədəni-bədii iş bölməsinin müdiri Gülxar Məmmədova əsgər və zabitləri təbrik etdi və bildirdi ki, inkişaf strategiyası dahi rəhbər Heydər Əliyev tərəfindən yaradılan dövlətimizin taleyi etibarlı əllərdədir. "Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev ölkəmizi gələcəyə yeni uğurlara inamla aparır. Böyük tarixə malik xalqımızın Dirçəliş Günü milli həmrəyliyin, demokratiyanın, dövlət müstəqilliyimizin qorunması uğrunda mübarizənin təntənəsidir. Xalqın şüurunda baş verən milli oyanış bütün sahələrdə əldə olunan uğurların təzahürü torpaqlarımızın tezliklə işğaldan azad edilməsinin, qaçqınların ata-baba yurdlarına qayıtmasının rəhnidir. Milli dirçəliş sahəsində qazanılan uğurlar ən böyük sərvətimizdir. Çünki digər tarixi nailiyyətlərimiz məhz milli oyanışımızdan qaynaqlanır."
Tədbir musiqili proqramlarla davam etdi. H.Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin rəngarəng çıxışları, milli rəqslərimiz böyük marağa səbəb oldu. Müğənni Ağabala Abdullayevin ifasında səsləndirilən "Çağırış", Günay Qasımova və  Qoşqar Qasımovun birlikdə səsləndirdiyi "Orta Sarıtel" mahnıları, "İgidlər", "Cəngi" və "Yallı" rəqsləri hamıya xoş ovqat aşıladı.
Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu"