Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Noyabr 2017 11:15

Vətən bizdən hünər gözləyir!

Tarix boyu xalqımız Vətən torpaqlarının  bütövlüyü uğrunda qəhrəmanlıqla döyüşmüş, canı bahasına yurdunu göz bəbəyi kimi qorumuşdur. Keçən ilin aprelində cəbhə xəttində hərbçilərimizin göstərdiyi şücaət, mərdlik, qorxmazlıq bunu bir daha sübut etdi. Atəşkəsi pozaraq dinc əhalini təhlükə ilə üz-üzə qoyan düşmənə ordu hissələrimiz layiqli cavab verərək torpaqlarımızın bir qismini işğaldan azad etdi. Ermənilər Azərbaycan əsgərinin igidliyi, mərdliyi, vətənpərvərliyi qarşısında tab gətirməyərək döyüş meydanında silahlarını qoyub qaçdılar.
Həmin günlərdə qəhrəmanlıq nümayiş etdirən mərd oğullarımızdan biri, Türkiyədən əməliyyatdan qayıdan gizir Yaşar Ağayevlə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının reabilitasiya bölməsində söhbətləşdim. O, Talış yüksəkliyi ətrafında gedən döyüşlərdə başından güllə yarası alıb. Azərbaycanda 5 dəfə ağır əməliyyat keçirdikdən sonra diqqət və qayğısını ordudan heç zaman əsirgəməyən Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən müalicəsini Türkiyədə davam etdirib.
Yaşar İsmayıllı rayonunda doğulub, boya-başa çatıb. Atası dülgər işləyib. Evdar xanım olan anası və bir də yaralandığı gündən ondan köməyini əsirgəməyən böyük qardaşı Anardan ibarətdir ailəsi. İlk dəfə hərbi formanı 2007-ci ildə geyinib, əsgəri xidmətə başlayıb. Hələ uşaqlıqdan hərbçi olmaq arzusu ilə ordu sıralarında xidmətini davam etdirmək qərarına gəlib. 2009-cu ildən gizir kimi xidmətə başlayıb.
- Uşaqlıqda televiziyada tez-tez hərbi verilişləri izləyirdim, - gizir deyir.  - Xocalı soyqrımında, 20 Yanvar hadisələrində həmvətənlərimizə qarşı törədilən vəhşiliklər məndə də düşmənə nifrət hissi yaratmışdı. Hərbçi olmaq, düşməndən qisas almaq arzusu ilə böyüyürdüm. Elə buna görə də fiziki hazırlığımı artırmağa maraq göstərdim. İdmanın boks növü ilə məşğul olmağa başladım. Torpaqlarımızı düşməndən azad etmək, onlardan qisas almaq istəyi idmana həvəsimi daha da artırırdı. Hərbçi olmaq çətin peşədir. Mən bunların hamısını nəzərə alıb bu yolu seçmişəm. Lakin bu peşənin şərəfi onun bütün çətinliklərini üstələyir. Əsgəri xidmətə gedən və hərbçi peşəsini seçən gənclərə deyirəm ki, möhkəm olun, hər bir Azərbaycan övladının borcudur ki, Vətənə məsuliyyət hissi ilə xidmət etsin. Vətənə xidmətlə daim şərəf duysun. 
Söhbətinə davam edən gizir iştirakçısı olduğu aprel döyüşlərindən, həmin gün keçirdiyi hisslərdən danışır:
- Hamımız bu şərəfli yolda bir amalla xidmət edirik - tezliklə torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü bərpa edək. Həmin gün düşmən güclü təxribata əl ataraq, mövqelərimizi və dinc əhalimizi atəşə tutmuşdu. Döyüşə atıldıq. İnanın ki, həmin hissləri dillə ifadə etmək olmur. Onlardan qat-qat güclü olduğumuzu bilirdik. Həmin an düşüncələrinə Vətən, xalq, millət sevgisi hakim olur. Təkcə bir şey düşünürsən: düşməni məhv edəsən və bir addım da geri çəkilməyəsən.  Düşmən təxribatının qarşısını inamla alırdıq. Onları pərən-pərən salmışdıq. Snayper gülləsi qəfil məni başımdan yaraladı.  Ay yarımlıq komadan sonra özümə gələndə, döyüş yoldaşım gizir Rusif Ağayevin şəhid olduğunu eşitdim və xeyli kədərləndim. Lakin Talış yüksəkliyini, Lələtəpəni işğaldan azad etdiyimizi bildikdə çox sevindim. Bu xəbər hərəkətsiz bədənimdə canlanma yaratdı. Həmin anda yerimdən qalxıb yenidən cəbhəyə getmək istədim.
Göstərilən yüksək qayğıya görə dövlətimizin başçısına, Müdafiə Nazirliyinə, Türkiyə hökumətinə və həkimlərə təşəkkürünü bildirən gizir Ağayev, hazırda reabilitasiya şöbəsində müalicəsini uğurla davam etdirir. "Vətən məndən hünər gözləyir, müalicəm başa çatan kimi, hərbi hissəmizə qayıdıb xidmətimi davam etdirəcəyəm", - deyir.
Yaşarın müalicəsinə göstərilən yüksək diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə ailələri adından dərin minnətdarlıq bildirən qardaşı Anar, onun uşaqlığından danışır.
- Məhlədə bütün uşaqlar gizlənpaç, futbol oynayanda, xizək sürəndə Yaşar dülgər işləyən atamın yanına gedərdi.  Orada özünə taxtadan tapança, avtomat düzəldər və əsgər olacağını deyərdi. Yəni, lap erkən çağlarından vətənpərvərliyi ilə yaşıdlarından seçilirdi. Bu gün Yaşar arzusuna çatıb: həm hərbçi olub, həm də torpaqlarımızın azadlığı uğrunda şücaət göstərib. Qürur hissi keçirdirəm ki, qələbəmizdə qardaşımın da payı var. Ali Baş Komandana, Müdafiə nazirinə, həkimlərə bir daha minnətdarlığımı bildirmək istəyirəm ki, sağ qalmaq ehtimalı heçə bərabər olan qardaşımı bizə bağışladılar. Türkiyədə olduğumuz müddətdə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev  bizi ziyarətə gələrək qayğılarımızla maraqlandı. Həmçinin Türkiyədə olan hərbi attaşemiz heç vaxt bizi tək qoymur, tez-tez baş çəkir, ehtiyaclarımızı öyrənirdi.
Döyüş meydanında Yaşara ilk tibbi yardım göstərən və bu gün də müayinəsi ilə məşğul olan tibb xidməti kapitanı Elvin Məmmədli də fikirlərini bölüşür.
- Yaşar hospitala kəllə-beyin travması ilə gəlmişdi, vəziyyəti çox ağır idi. Sol yuxarı və aşağı ətraflarında hərəkət məhdud idi. Əlimizdən gələn bütün müalicələri tətbiq etdik. Buradakı müalicədən sonra dəstəkli və dəstəksiz qısa məsafələrlə gəzə bildi. Türkiyədə keçirdiyi son əməliyyatdan sonra vəziyyəti çox yaxşıdır və sürətlə sağalır. Artıq sərbəst gəzə bilir. Bir vacib məqamı vurğulamaq istəyirəm ki, Yaşarın sağalmasında təkcə müalicəsi deyil, onun daxili istəyi də böyük rol oynadı. Xidmətə olan bağlılığı, Vətən sevgisi bütün ağrı-acılarını üstələyirdi. O özünə gələn gündən deyir ki, həkim, məni tez ayağa qaldırın, silahdaşlarımın yanına gedim, xidmətimi davam etdirim. Torpaqlarımız yadların tapdağında olduğu bir vaxtda cəbhədə hünər göstərməyin zamanıdır.
Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"