Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Noyabr 2017 11:13

“Yüksək hazırlıqlı əsgər sabahın qalib döyüşçüsüdür”

Sıra hazırlığı hərbi qulluqçuların təlim və tərbiyəsində əsas amillərdən biridir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsi əsasında hazırlanır və keçirilir. Sıra hazırlığı dərslərində hərbi qulluqçulara səliqəlilik, diqqətlilik, nizam-intizam aşılanır və sıra üsullarının bölmə tərkibində yerinə yetirilməsi bacarığı təkmilləşdirilir. Hərbi qulluqçuların sıra hazırlığının meyarı onların hərbi mədəniyyət və intizamlılığından, sırada və döyüşdə inamlı fəaliyyətindən ibarətdir. Hərbi qulluqçuların sıra hazırlığı taktiki, fiziki, atəş hazırlığı və digər məşğələlərdə, düzülüşlərdə, müxtəlif yerdəyişmələrdə və gündəlik həyat fəaliyyətində təkmilləşdirilir.
"N" hərbi hissəsində də şəxsi heyətin bir qrupu sıra hazırlığı məşğələsinə cəlb edilmişdi. Manqa komandirlərinin nəzarəti altında əsgərlər müəyyən komandaları yerinə yetirirdilər. Zabit Məhəmməd Əliyev qeyd etdi ki, əsgərlər Sıra hazırlığı nizamnaməsinin tələbləri əsasında məşğul olurlar.
- Sıra hazırlığı bütün şəxsi heyətdə sıra vərdişlərinin aşılanması və onlarda dözümlülük qabiliyyətinin artırılması baxımından əhəmiyyətlidir, - deyə manqa komandiri bildirdi. - Dərs cədvəlinə uyğun olaraq şəxsi heyət sıra meydanında göstərilən kateqoriyalar üzrə hazırlıq keçir. Onlar üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar.
Müşahidələrimiz onu deməyə əsas verir ki, məşğələlər səmərəli keçir. Mövcud əyani vəsaitlərdən, tədris imkanlarından yetərincə bəhrələnən komandirlər dərs prosesində əsgərlərə hərbi vərdişləri hərtərəfli aşılamağa çalışırlar. Əsas məqsəd bütün heyətdə döyüş vərdişlərini və ruh yüksəkliyini artırmaqdır.
Sıra hazırlığı ilə bağlı söhbətimi kiçik çavuş Famil Hacımuradovla davam etdirirəm. Öyrənirəm ki, 2009-cu ildə ön xətdə müddətli həqiqi hərbi xidmət keçib və ilk sıra vərdişlərini əsgərliyi dövründə yetərincə öyrənib. Vətənə övladlıq borcunu yerinə yetirdikdən bir müddət sonra yenidən ordu sıralarına qayıdıb. Manqa komandiri vəzifəsində xidmət etməklə öz bilik və bacarığını bu gün tabeliyindəki şəxsi heyətə həvəslə öyrədir. Manqa komandiri hesab edir ki, “sıra hazırlığı əsgərdə nizam-intizam vərdişlərini artırmaq üçün ən çox istifadə olunan üsuldur. Başqa sözlə desək, əsgərin ruh yüksəkliyini artırmaq üçün metoddur. Sıra hazırlığında əsgər dözümlülüyü, komandir və rəislərə tabeçilik münasibətlərini və s. vərdişləri öyrənir. Əsas məqsədimiz keçdiyimiz təlim-məşqlərin səmərəliliyini təmin etməkdir. Çünki yüksək hazırlıqlı əsgər sabahın qalib döyüşçüsüdür.”
Oğuz rayonundan xidmətə çağırılan əsgər Hamlet Məmmədli deyir ki, Vətənə əsgər olmağıma görə çox sevinirəm. "Günlər keçdikcə ordu həyatına alışırıq. Həm zabitlər, həm də çavuşlar bizə hərbin bütün sirlərini öyrədirlər. Dərslərdə öyrəndiyimiz biliklər gələcək döyüşlərdə köməyimiz olacaq."
Əsgərlərdən Cavanşır Abdullayev, Vüqar Bədirov, Qoşqar Əsgərov, Şaiq Əhmədov və başqaları da söhbət zamanı öz vəzifələrinin öhdəsindən layiqincə gələrək, Vətənə sədaqətlə xidmət etdiklərini bildirdilər.
Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR