Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Noyabr 2017 11:10

Mən əsgər atasıyam!

Yeniyetmələr evdə valideynlərin, məktəbdə müəllimlərin söhbətlərindən, məsləhətlərindən, öyüd-nəsihətlərindən Vətən sevgisi öyrənir, bu sevginin müqəddəsliyini dərk etdikcə mətinləşir. Vaxtı çatanda hərbi xidmətə çağırılır. Ata-ana xeyir-duasıyla hərbi xidmətə gedir.
İstər televiziya verilişləri, istərsə də qəzetlərdə dərc edilən məqalələr gənclərin vətənpərvərlik duyğularını formalaşdırır. Qəhrəmanların ömür yolu, döyüş yolu onların hər biri üçün örnək olur. Oğlum Əbülfəz də bu ruhda böyüyüb. Hələ orta məktəbdə oxuyanda hərbi xidmətdən tərxis olunan gənclərlə söhbətləşməyə vaxt ayırardı. Bu, bizi sevindirərdi. Sevinərdik ki, oğlumuz Vətən borcunu yerinə yetirmiş gənclərdən nəsə öyrənmək istəyir, əslində, öyrənir.
2016-cı ilin aprel döyülərində oğlum 10-cu sinifdə oxuyurdu. Döyüşlər gedən günlərdə televiziyadan aldığı məlumatları bizimlə o qədər hərarətlə bölüşürdü ki. "Kaş mən də əsgər olaydım!" deyirdi. Lələtəpənin, Bayraqtəpənin işğaldan azad edildiyini bizimlə böyük sevinclə bölüşdü. "Çingiz Qurbanovun qəhrəmanlığı hər birimizə əsl örnəkdir" - məktəbdə belə deyib.  Müəllimi bunu mənə qürurla bildirdi. O gün Əbülfəzin böyüdüyünü ilk dəfə hiss etdim elə bil. Ata ürəyim dağa dönmüşdü. Var səsimlə qışqırmaq, sevincimi hamı ilə bölüşmək istəyirdim: oğlum böyüyüb! Oğlum əsgər olacaq!..
Əbülfəz əsgərdir. Komandirlərinin əmr və göstərişlərini böyük məsuliyyətlə yerinə yetirir. Qardaşına yazdıqları bizi çox sevindirir: "Əsgər olmadan bu sevincin necə yaşanıldığını təsəvvür edə bilməzsən...". Azərbaycan əsgərlərinin hər birində hərbi xidmətə belə münasibət var. İnanıram ki, oğlum nümunəvi xidmətiylə yeniyetməliyində dediklərinə böyük məsuliyyətlə əməl edəcəkdir.
Son illər Silahlı Qüvvələrimizdə həyata keçirilən islahatlar bir vətəndaş kimi məni də sevindirir. Bu islahatlar ordu quruculuğunda böyük uğurlara səbəb oldu. İndi əsgər və zabitlərimiz yüksək döyüş hazırlığına malikdir. Güclü ordumuzun  hər zabiti, hər əsgəri Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Oğlum əsgər Əbülfəz İbadov da onların sırasındadır.
Mən əsgər atası adıyla qürurlanıram, liseydə təhsil alan oğlum Hikmət əsgər qardaşı adıyla. Vaxt gələcək, qalib ordunun əsgəri kimi tərxis olunan oğlum Əbülfəz əsgər qardaşı adıyla qürurlanacaq...
Rakif İBADOV, Lənkəran rayonu