Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Noyabr 2017 11:02

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimizdə heç bir dəyişiklik olmayacaqdır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü mərasimində geniş nitq söyləyib. Dövlətimizin başçısı bu partiyanın yaradılmasında ulu öndərimiz Heydər Əliyevin xidmətlərini xatırladaraq qeyd edib ki, dahi rəhbər 1990-cı ildə Vətənə qayıdaraq Azərbaycanın ictimai-siyasi proseslərində yaxından iştirak edib və ölkəmizdə gedən xoşagəlməz proseslərin qarşısının alınmasında xüsusi rol oynayıb. Əslində, Ulu Öndər hələ ötən əsrin 70-80-ci illərində sovetlər birliyi zamanında respublikamıza rəhbərlik edəndə də Azərbaycana böyük töhfələr verib və müasir dövlətçiliyimiz üçün əhəmiyyət kəsb edən vacib layihələr həyata keçirib. Azərbaycan məhz onun rəhbərliyi dövründə geridə qalmış ucqar milli respublikadan ittifaqın ən qabaqcıl respublikalarından birinə çevrilib.
Prezident çıxışında 20-ci əsrin 90-cı illərində ölkəmizdə mövcud olan mürəkkəb tarixi şəraitdən söhbət açaraq dahi rəhbərimizin bu dövrdə də Azərbaycanın müstəqilliyinin qorunub möhkəmləndirilməsi üçün məqsədyönlü fəaliyyətindən söhbət açıb. "1990-cı illərin əvvəllərində - xalqımız üçün ən ağır dövrdə yenə də Heydər Əliyev öz liderlik keyfiyyətlərini göstərmiş, böyük cəsarət, vətənpərvərlik göstərmiş və qanlı 20 Yanvar hadisələrini Sovet İttifaqının mərkəzində, Moskva şəhərində pisləmişdi. Həmin günlərdə Heydər Əliyevin qətiyyətli çıxışı, Vətəninə, xalqına olan bağlılığı bütün Azərbaycan xalqına bir daha göstərdi ki, o, xalqa bağlı olan böyük bir liderdir."
Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizin dövlətçilik tarixində tamamilə yeni bir mərhələnin başlandığını bildirən Prezident ötən dövrlərdə Azərbaycanda sabitliyin qorunub saxlanmasında, davamlı iqtisadi inkişafın təmin edilməsində qazanılan uğurlardan danışıb və bildirib ki, ölkəmizdə uzunmüddətli sabitliyin əsas təminatçısı Azərbaycan xalqıdır. "Məhz xalq-iqtidar birliyi bu sabitliyi şərtləndirir. Bu vəhdət imkan verir ki, biz uzunmüddətli inkişaf strategiyamızı planlaşdıraq. Bu, imkan verir ki, bu gün Azərbaycana milyardlarla dollar sərmayə qoyulur və Azərbaycan xalqı rahat, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayır. Mən şübhə etmirəm ki, Azərbaycanda bundan sonra da ictimai-siyasi sabitlik təmin ediləcəkdir".
- Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq, - deyə Prezident bir daha günümüzün ən vacib məsələsinə toxunub və qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini ölkəmizin ərazi bütövlüyü çərçivəsində tapmalıdır. - Biz heç vaxt imkan verə bilmərik ki, tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılsın. Beynəlxalq hüququn normaları tam tətbiq edilməlidir, BMT Təhlükəsizlik Şurasının qətnamələri  icra olunmalıdır, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir. Bu, prinsipial mövqedir. Bu mövqe tarixə və beynəlxalq hüquqa əsaslanır. Çünki Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Çünki bütün dünya, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşır. Dağlıq Qarabağ isə Azərbaycanın ayrılmaz hissəsidir. Bu il bunu təsdiqləyən növbəti hadisə baş vermişdir. Yenə də Ermənistanın ağılsızlığı nəticəsində Dağlıq Qarabağda keçirilmiş qanunsuz referendum bütün dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Həm qonşu ölkələr, həm də Minsk qrupuna həmsədr olan ölkələr, Avropa İttifaqı və digər təşkilatlar bu referendumun nəticələrini tanımadılar. Tanımamaqla bir daha təsdiqlədilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
Göründüyü kimi, tarixi həqiqət bizim tərəfimizdədir. Bu yerdə bir el deyimi yada düşür: haqq nazilər, üzülməz. Artıq dünya ictimaiyyəti Qarabağ həqiqətləri barədə kifayət qədər məlumatlıdır. Azərbaycan haqq işi uğrunda mübarizə aparır, yəni, qanuni ərazilərinin işğaldan azad olunmasını tələb edir. Və bu məqsədlə hər il hərbi xərclərini artıraraq ordusunu gücləndirir.
Prezident İlham Əliyev çıxışında ordu quruculuğuna da toxunub və əminliklə qeyd edib ki, biz hərbi gücümüzü artıracağıq. "Bundan sonra da ordumuza nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaqdır. Heç bir məhdudiyyət olmayacaq. Hərbi gücümüz,  eyni zamanda, torpaqlarımızın azad olunmasında və ərazi bütövlüyümüzün bərpasında öz rolunu oynayır və oynayacaq. Aprel döyüşləri, torpaqlarımızın bir hissəsinin işğalçılardan azad edilməsi ordumuzun gücünü bütün dünyaya göstərmişdir".
Ötən ilin aprel döyüşlərində ordumuzun qazandığı tarixi qələbəni yüksək dəyərləndirən dövlət başçısı yenə vurğulayıb ki, həmin günlərdə biz şanlı hərbi qələbə qazanmışıq. Prezidentin sözlərinə görə, Azərbaycan xalqının, Azərbaycan əsgərinin gücünü sübut edən bu tarixi qələbə bir həqiqəti də təsdiqlədi ki, xalqımız heç bir zaman işğal faktı ilə barışmayacaq və nəyin bahasına olursa-olsun, öz ərazi bütövlüyünü bərpa edəcək.
Bu il üçün dövlət büdcəsində hərbi xərclərin artırılması da Azərbaycan rəhbərliyinin ordu quruculuğuna diqqət və qayğısının yeni bir təzahürüdür. Ordumuzun hərbi qüdrətinin artırılması belə bir inama əsas verir ki, biz işğalda olan torpaqlarımızı mütləq azad edəcəyik.
"Azərbaycan Ordusu"