Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Noyabr 2017 09:44

Əlamətdar günlərin təntənəsi

"N" hərbi hissəsində ötən istirahət günü Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin təşkilatçılığı ilə təntənəli tədbir keçirildi. Öncə ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbiri hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini polkovnik-leytenant Nuhbala Zahidov açaraq Dövlət bayrağı və Konstitusiya günləri münasibətilə iştirakçıları təbrik etdi və bildirdi ki, hər bir dövlət yalnız vətəndaşlarının təhlükəsizliyini, onların hüquqlarının və qanuni maraqlarının qorunmasını, müdafiəsini təmin etdikdə hüquqi dövlət kimi qəbul edilir. "Müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli milli bayrağımız ilk dəfə 1990-cı ildə Naxçıvanda, sonra isə Azərbaycan Ali Soveti tərəfindən dövlətin əsas atributu kimi qəbul edilib. Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik ənənələri Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər il 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlət Bayrağı Meydanının tikilib istifadəyə verilməsi və dünyada ən hündür bayraq dirəyinin paytaxtımızda ucaldılması bunun bariz nümunəsidir."
Şəxsi heyətlə iş üzrə komandir müavini, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal bəyannaməsindən, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilən ilk milli Azərbaycan Konstitusiyasından ətraflı bəhs etdi. Polkovnik-leytenant N.Zahidov1996-cı il fevralın 6-da ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncama əsasən hər il 12 noyabr tarixinin Konstitusiya Günü kimi qeyd edilməsinin ölkəmizin Əsas Qanununa hörmət və ehtiramın nümunəsi olduğunu vurğuladı.
Tədbirə qonaq gəlmiş əməkdar mədəniyyət işçisi polkovnik-leytenant Zöhrab İmamquliyev çıxışına ümummilli lider Heydər Əliyevin "Azərbaycanın bayrağı, sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir", fikirləri ilə başlayaraq bildirdi ki, min illər boyu torpaqlarımızda bayraqlar dalğalanıb. 
- Bayrağımız tarixin keşməkeşli yollarından keçib, illərin sınağından çıxıb, - zabit dedi. - Müstəqillik uğrunda gedən mücadilələrdə minlərlə oğul və qızlarımız bu bayrağın qorunması yolunda şəhid olub. Ona görə də hər bir azərbaycanlı üçün bayraq müqəddəsdir. Onu uca tutmaq, vüqarla dalğalandırmaq hər birimizin şərəf borcudur. Bayrağımızın Qarabağda, Şuşada, Zəngilanda, Xankəndidə... dalğalanacağı günün həsrətindəyik. 2016-cı ilin aprel döyüşlərində qazanılan qələbə nəticəsində Lələtəpədə, Bayraqtəpədə dalğalanan bayrağımız tezliklə Ali Baş Komandanın əmri ilə savaşa atılacaq Azərbaycan əsgərinin gücü ilə başqa yurd yerlərimizdə də ucaldılacaq. O gün uzaqda deyil! 
Daha sonra tədbir polkovnik-leytenant Zöhrab İmamquliyevin söylədiyi vətənpərvərlik şeirləri, Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin solistlərindən Elçin Məmmədovun, Nigar Rəhimovanın, Vüsal Ağayevin  və Yaqut Xəlilzadənin ifalarında "Azərbaycan", "And içirik", "Qarabağ", "Əsgər"...  kimi şən musiqilər və bir-birindən maraqlı rəqslərlə davam etdi.
Sonda Dövlət bayrağımız Elçin Məmmədovun ifa etdiyi "Bu ada qurban" mahnısının sədalarıyla səhnəyə gətirildi. Əsgərlər təntənəli marşla bayrağın qarşısından keçdilər.
     
Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"