Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Noyabr 2017 09:39

Konstitusiya Günü Hərbi Dəniz Qüvvələrində də qeyd olunub

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin təşkilatçılığı ilə Hərbi Dəniz Qüvvələrində 12 Noyabr Konstitusiya Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin təbliğat və hərbi-kütləvi iş bölməsinin rəisi kapitan Ramil Qasımov Konstitusiya Gününün əhəmiyyətindən danışaraq qeyd edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi Azərbaycan Respublikasının dövlət quruculuğunun əsasını müəyyənləşdirdi. Natiq çıxışında ali hüquqi qüvvəyə malik Konstitusiyanın, eyni zamanda Azərbaycan xalqının mənəvi dəyərlərini də əks etdirdiyini vurğulayıb və tədbir iştirakçılarını Konstitusiya Günü münasibətilə təbrik edib. Çıxışı zamanı zabit hər il olduğu kimi, bu il də ölkəmizdə Konstitusiya Gününün yüksək əhval-ruhiyyə ilə qeyd edildiyini, 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş ilk millli Konstitusiyamızın qabaqcıl dünya təcrübəsinə və dövlətçilik ənənələrimizə əsaslanaraq hazırlandığını bildirib.
Çıxış üçün söz alan Mərkəzi Zabitlər Evinin mədəni-bədii iş bölməsinin müdiri Gülxar Məmmədova da Konstitusiyanın tarixi və mahiyyəti barədə məlumat verib. "Konstitusiya ölkədə siyasi sabitliyin, ictimai sülhün və milli barışığın qarantı kimi çıxış edir. Əsas Qanunumuzun qəbul olunmasından keçən müddət ərzində Azərbaycanın qazandığı nailiyyətlər, regionun lider dövlətinə çevrilməsi, ölkəmizin sanki onilliklərə bərabər inkişaf yolu keçdiyini düşünməyə əsas verir. Bu uğurların kökündə dayanan əsas səbəb ulu öndər Heydər Əliyevin siyasi kursunun müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir".
Bakı Dövlət Universitetinin müəllimi, hüquq elmləri doktoru Xaliq Səfərli və hüquqşünas Ramazan Bağırov da 12 noyabr gününü Azərbaycan tarixinin əlamətdar günlərindən biri kimi xarakterizə edərək bildiriblər ki, azad cəmiyyətin aparıcı qüvvəsi olan insan amilinə önəm verilən Konstitusiyamızda insan hüquq və azadlıqlarına təminat verilir.
Çıxışlarda müstəqil Azərbaycanın ilk Konstitusiyasının ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdığı, həmçinin dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünyada nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisə olduğu da xüsusilə vurğulanıb. Qəti əminliklə bildirilib ki, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi altında tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olacaq və Dövlət bayrağımız yaxın zamanda Ali Baş Komandanımızın rəhbərliyi ilə bütün torpaqlarımızda dalğalanacaq.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"