Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Noyabr 2017 09:36

“Güclü bir ordunun əsgəriyəm mən!”

...Yola düşəcəyimiz qatara minik başlanır. Vağzalda həmişəkindən fərqli insan sıxlığı müşahidə olunur. Bu da səbəbsiz deyil, bir qrup gənc ordu sıralarına yola düşürdü. Onların valideynlərinin və yaxınlarının dilindən iftixarla səslənən sözlərə şahid oluruq. "Azərbaycanımıza layiqli əsgər olun!", "Oğul, artıq Vətən sənə əmanətdir, torpaqlarımızın keşiyində möhkəm dayan", "Unutma ki, xalqımız sənə güvənir, mərd ol, cəsur ol, komandirlərinin sözündən çıxma" və s. deyimlər Vətənini, millətini sevən hər bir vətəndaş kimi mənim də ürəyimdə xoş duyğular oyadır. Rastlaşdığım nikbin baxışlar övladını əsgəri xidmətə yola salan hər bir valideynin ordumuzla qürur duyduğunu sübut edir...
...Səhər dan yeri təzəcə ağarır. Günəş uzaqlardan, buludların arasından yavaş-yavaş ətrafı işıqlandırır. Yolumuz düşmənlə təmas xəttinədir. Kənd əhalisinin rahat və firavan yaşamasına, əkinçiliklə, maldarlıqla təhlükəsiz şəraitdə məşğul olmalarına baxanda düşünürsən ki, onların güvənc yeri Azərbaycan Ordusudur. Ölkəmizdə gedən sürətli inkişafın burada da şahidi oluruq. Gənclər evi, müasir idman kompleksi, istirahət parkı və digər göz oxşayan tikililər ucqar kəndlərimizdə belə inkişafdan xəbər verir.
...Yolların daşlı-kəsəkli olması ilə yanaşı, qar örtüyü sürücünün məsuliyyətini daha da artırır. Uzun illərdir ordu sıralarında xidmət edən və bu yollara yaxşı bələd olan təcrübəli sürücü maşını peşəkarlıqla idarə edərək, bizi döyüş mövqeyinə çatdırır. Əsgərlərlə söhbət edən zabitə yaxınlaşıram. Döyüş növbəsinə gedən heyəti təlimatlandıran baş leytenant İsmət Əvəzzadə ilə söhbətdən öyrənirəm ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunudur. Növbəyə gedən əsgərlərə son tapşırıq və tövsiyələrini verən zabit şəxsi heyətlə ürəkdən, həvəslə danışırdı. Hər bir əsgərə Vətəni qorumağın məsuliyyətini izah edirdi.
"Hər biriniz növbədə ayıq-sayıq olun, diqqətinizi bir an belə qarşı tərəfdən ayırmayın. Unutmayın ki, qarşınızda duran mənfur düşmən təxribata əl atmaq üçün məqam gözləyir. Onlar dinc əhalimizə mərmi atacaq qədər aciz və hiyləgərdilər. Dönüb arxanıza baxın. O evləri görürsünüz? O evlərdə daim işıq yansın deyə biz buradayıq. O həyətlərdə qurbanlar kəsilsin, Novruz tonqalları qalansın, toy səsi eşidilsin deyə buradayıq. Və biz üzərimizə düşən şərəfli vəzifənin öhdəsindən layiqincə gələrək, xalqımızın, dövlət başçımız, Ali Baş Komandan İlham Əliyevin, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bizə göstərdikləri yüksək etimadı doğrultmalıyıq", - baş leytenant deyirdi.
Tabeliyində olan əsgərlərin döyüş ruhunu artırmaq, onlara Vətən sevgisinin, mənəvi-əxlaqi keyfiyyətlərin aşılanması üçün bütün biliklərini səfərbər etdiyini bildirən zabit əsgərlərlə söhbətini bitirdikdən sonra heyət növbəni təhvil alır. Vaxt tapıb bölmənin şəraiti ilə tanış oluram. Yemək otağı, hamam, əlyuma, silah doldurub-boşaltma yeri ilə yanaşı, idmanla məşğul olmaq üçün də şərait yaradılıb. Şəxsi heyətin asudə vaxtını səmərəli keçirməsi üçün nəzərdə tutulmuş otaqda şahmat, dama, domino oynamaq, həmçinin hərbi biliklərini və dünyagörüşlərini artırmaq üçün kitablar, qəzet və jurnallar gözümə dəyir. Belə nümunəvi şərait bir daha əmin edir ki, hansı uzaqlıqda, yüksəklikdə yerləşməsinə baxmayaraq, ordumuzun istənilən bölməsində əsgərlərin uğurlu xidməti üçün hər cür şərait yaradılıb.
Döyüş növbəsindən qayıdan əsgərlər sobanın ətrafında əyləşib çay içirlər. Onların yanında əyləşirəm, mənə də çay süzürlər. İçəridən təzəcə bişmiş çörəyin ətrini hiss edirəm. Sən demə, bu soba bir neçə  funksiya yerinə yetirir. Sobaya nəzarət edən əsgər İsmayıl Mirzəyev hərbi xidmətə Bakı şəhərindən çağırılıb. "Bu gördüyünüz soba otağı qızdırmaqla yanaşı, onun içərisində çörək bişirmək üçün də yer var. Həm çörək bişirir, həm çay qaynadır, həm də otağı qızdırır", - əsgər deyir. Sonra təzə bişmiş çörəkdən kəsib mənə uzadır. Çörəyin ətri kəndimizi, nənəmin bişirdiyi təndir çörəyini xatırladır. Torpaqlarımızın keşiyində duran mərd, cəsur oğullarla bir stolda əyləşib çörək kəsməyin qürurunu yaşayıram. Bu igidlərlə tez bir zamanda Qarabağda görüşmək arzusu ilə ürəyim döyünür. Bu arzu təkcə mənim yox, uşaqdan-qocaya, bütün Azərbaycan xalqının illərdir ürəyində alovlanan atəşdir.
Altı aydan çoxdur xidmət edən əsgər Həsən Verdiyevi tanıyıram. Hərbi xidmətə Goranboy rayonundan çağırılıb. Əsgər xidmətindən söz açır:
- Gənc əsgər hazırlığı dövründə komandirlərimiz bizə silahlardan istifadə etməyi, döyüş, sıra hazırlığı və digər hərbi biliklər öyrətdilər. Burada yaradılan şərait, komandirlərimizin bizə doğma münasibəti döyüş ruhumuzu daha da artırır. Ailə mühitində yüksək tələbkarlıqla xidmət edirik. Öndəki düşmənə yaxşı bələdik, onlardan qat-qat güclüyük. Ali Baş Komandanımızın əmrini gözləyirik ki, onları yurdumuzdan qovub çıxaraq.
Əsgərin söylədiklərinə, gözlərindəki qisas hissinə güvənib deyirəm ki, hər bir əsgər qəhrəmandır. Vətən sevgisi ən müqəddəs sevgidir. Bu igidlərimiz Vətən üçün son nəfəsədək mübarizə aparmağı müqəddəs vəzifə bilirlər. Valideynlər övlad acısına güc gələrək "Vətən sağ olsun" deməyi bacarırlar. Belə vətənpərvər xalqın əsgəri qarşısında heç bir qüvvə tab gətirə bilməz.
"Hər birimiz üçün Vətənə xidmət müqəddəsdir", - əsgər Elsevər Talıbov deyir. Hərbi xidmətə Lerik rayonundan çağırılan əsgərə görə, torpaqların keşiyində dayanmaq müqəddəs vəzifədir.
- Bu vəzifənin öhdəsindən layiqincə gəlmək hər birimizin,  həm də valideynlərimizin arzusudur. "Əsgəri xidmətində möhkəm ol, şanlı ordumuza layiqli əsgər ol" demişdi atam. "Torpaqlarımızı qorumağa gedirsən, bu vəzifə ana Vətəninə övladlıq borcundur, sağ-salamat get" - deyərək, arxamca su atmışdı anam da. Artıq bu gün mən hazırlıqlı əsgər kimi səngərdə dayanmışam. Bilirəm ki, bütün xalq bizə güvənir. Döyüş növbələrində ayıq-sayıq dayanır, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirirəm. Xalqın güvəncinə, ordumuzun adına layiq xidmət etmək üçün əlimdən gələni edirəm.
...Bəli, Elsevərin dediyi kimi, hər bir Azərbaycan gənci üçün əsgərlik Vətən borcudur. Hərbi xidmətə çağırılan hər gənc böyük təntənə, valideynlərinin xeyir-duası ilə  əsgəri xidmətə yola salınır. Və bununla da xalqın övladı olur. Torpaqlarımızın keşiyində inamla dayanmağın məsuliyyətini hiss edir. Bu məsuliyyəti yaradan isə Vətən sevgisidir. Ürəyi Vətən sevgisi ilə döyünən oğullar düşmənə göz dağıdır...
Torpaqlarımızın keşiyində inamla dayanan daha bir igid söhbətimizə qoşulur. "Əsgərliyə gələn gündən özümə söz vermişəm ki, hərbi anda sadiq, bacarıqlı döyüşçü olacaq, qəhrəmanların bizə əmanət qoyub getdiyi torpaqları göz bəbəyi kimi qoruyacağam", - deyən əsgər Kənan Tağıyev isə hərbi xidmətə Quba rayonundan çağırılıb.
- 7 aydır ki, hərbi xidmətdəyəm, - deyir. - Artıq Vətəni qorumağa qadir olan bir əsgərəm. Düşmənlə üz-üzə xidmət etmək şərəflidir. Onlardan qətiyyən qorxmuram. Torpaqlarımızın azadlığı üçün döyüşməyə hər an hazıram.     
Gecə-gündüz bu səngərlərdə Vətən keşiyi çəkən oğullarla sağollaşıram. Müqəddəs bir vəzifənin - Vətəni qorumaq vəzifəsinin öhdəsindən layiqincə gələn gənclərin qətiyyətli danışıqları, bir daha əmin edir ki, Azərbaycan Ordusu tezliklə düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad edəcək. Zəfər bayramında bir daha görüşmək arzusu ilə xudahafizləşirəm...

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"