Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Noyabr 2017 10:37

“Bu ürəklə döyüşə də gedərəm”

Cocuq Mərcanlı kəndinin 49 yaşlı sakini üzərində açıq ürək əməliyyatı keçirilib
Cocuq Mərcanlının işğalı camaatı doğma ocağından, isti bucağından perik sal-mışdı. Az sonra döyüşlə azad edilən bu kənddə daş daş üstə qalmamışdı. Erməni xisləti - ermənilik kəndi viran qoymuşdu, evlər sökülüb-dağıdılmışdı. Camaat doğma ocağına qayıtsa da, kənddə yaşamaq üçün şərait yox idi. Acılar çəkmiş kənd doğmalarının intizarında ağrılı aylar yaşayırdı; kənd həm də ermənilərin atəş mövqeyindəydi. Onda 2015-ci iliydi...
2016-cı ilin aprelində ermənilərin geniş miqyaslı təxribatlarının qarşısı alındı, Azərbaycan Ordusunun hissələri əks-hücum əməliyyatıyla, Lələtəpə də daxil omaqla, 2 min hektardan çox ərazini ermənisizləşdirdi. Cocuq Mərcanlının göylərinə can atan qara buludlar dağıldı...
Aprel döyüşləri Azərbaycan Ordusunun qüdrətini təsdiqlədi. Bu qələbə həm də ordu ilə xalqın birliyinin təntənəsiydi, xalqın inamının qələbəsiydi. Döyüşlər gedən vaxtlarda  yaxın kəndlərin əhalisi döyüşənlərə gücü çatdığı həddə kömək edirdi. O döyüşlərdə 8 yaşlı Murad anasının verdiyi bağlamanı çılpaq ata süvar olaraq döyüşənlərə çatdırmışdı; buna ehtiyac olmasa da. Analar döyüşləri belə uğurlamışdı. Muradın atasının - üçüncü qrup Çernobl əlili Natiq Fərəməzovun döyüşlər başlayanda infarkt keçirdiyindən kimsənin xəbəri olmamışdı. Əzizləri Natiqin ürək nahiyyəsində yaranan ağrıları məmləkətin ruhunu kükrədən, coşduran-daşdıran hücuma, arzulanan, gözlənilən qələbənin sevincinə yozdular. Az sonra Natiq ikinci infarkt keçirdi. 49 yaşlı bir ömrü ölüm hədələyirdi. Müxtəlif klinikalara müraciət etdilər, müxtəlif münasibətlər, müxtəlif cavablar Natiqin əzizlərinin düşüncələrinin qasırğasına döndü; üç övlad atasının bir əli ömürün, bir əli ölümün əlindəydi...
 Son çarə kimi Müdafiə Nazirliyinə müraciət etdilər...
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə Natiq Fərəməzov Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ürək-damar mərkəzinə yerləşdirildi.
Mərkəzin rəisi tibb xidməti polkovnik-leytenantı Anar Əmrah o günü belə xatırlayır:
- Xəstə ümidsiz vəziyyətdə gətirilmişdi. Ciddi ürək problemləri var idi. Ürəyinin atım gücü cəmi 30 faiz qalmışdı. Açıq ürək əməliyyatı aparılmalıydı. Xəstənin ağ ciyərində, qara ciyərində, böyrəklərində yaranmış problemlər, şəkərli diabet əməliyyatı çətinləşdirirdi. Qısa müddətdə operativ müalicələr nəticəsində bu problemləri çətinliklə də olsa stabilləşdirdik. Ürək dayandırılmadan xəstənin üç damarında əməliyyat apardıq.
Anar Əmrahın rəhbərlik etdiyi mərkəzdə 4 il müddətində 35 minə yaxın xəstəyə müxtəlif səviyyəli tibbi yardım göstərilib. Onların sırasında ürək qüsurlu uşaqlar da olub. 3 min əməliyyat, onlardan 250-si uşaq. Ən kiçiyi 2 günlük körpə! Azərbaycan səhiyyəsinin uğuruna heyrətlənməmək mümkünmü? İndi mərkəzdə quraşdırılan xüsusi avadanlıqlarla müxtəlif növ ürək aritmiyaları xəritələmə ilə aşkar edilir, aritmiyaların müalicəsi ablasiya ilə aparılır. Karto xəritələmə cihazı ilə uzun illər atrial fibrilasiya, paroksizmal atrial taxikardiya kimi xəstəliklərdən əziyyət çəkənlərə diaqnoz qoyulur və müalicəsi aparılır.
Müdafiə nazirinin göstərişi ilə Natiq Fərəməzov bu mərkəzdə əməliyyat olundu. Açıq ürək əməliyyatı oktyabrın 30-da uğurla həyata keçirildi.
Natiq Fərəməzov özünü gümrah hiss edirdi. Uğur üstəydi - bir azdan Cocuq Mərcanlıya qayıdacaqdı. Əzizlərinin - həyat yoldaşının, qardaşı Rafiqin, bacısının, bacısı oğlunun, ... sevincini sözlə ifadə etmək mümkünmü? Yox, mümkün deyil. Ali Baş Komandana, Müdafiə nazirinə, Baş Klinik Hospitalın rəhbərliyinə, Anar Əmraha, mərkəzin bütün əməkdaşlarına təşəkkürləri eşitmək nə qədər xoşdu! Qürurlanırsan. Belə bir ordu ilə, belə bir Hospitalın fəaliyyətiylə, belə bir Nazirliklə qürurlanırsan. Xalqımızın belə həkim-cərrahlarıyla qürurlanırsan. 
Natiq Fərəməzov hərdən qapıya sarı boylanır. Ona həyat verənlərimi arayır sevinc beşiyinə dönən baxışları? Onlara deyiləsi sözümü var? Deyəcəyi sözləri ifadə edə biləcəkmi? Sağ olun, deyəcək. Bu kəlmələr o qədər səmimi səslənəcək ki!..
Söhbətləşirdik. Xeyli keçmişləri xatırlaya-xatırlaya söhbətləşirdik. Hər kəlməsində torpaq vardı, əsgər vardı, qələbə vardı, ağrıların sıxılcımların unudulduğu anların xoş ovqatı vardı. Bu ovqatı ona uzman Anar Əmrah, Anar Əmrahın rəhbərlik etdiyi şöbənin əməkdaşları yaşadırdı.
2016-cı ilin aprel döyüşlərini xatırlayanda baxışlarını bürüyən sevinc də təsdiqləyirdi ki, on beş-iyirmi gün əvvəlki ağrılardan əsər-əlamət qalmayıb.
Çox istərdik ki, Anar Əmrah əməliyyat haqqında danışsın, danışmadı, əməliyyat qabağı keçirdiyi duyğulardan danışdı:
- Aprel döyüşləri  də, Lələtəpə də, Cocuq Mərcanlı da yaddaşlara yazılıb. Azərbay-can Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yenidən qurulan Cocuq Mərcanlını mən də işğaldan azad edəcəyimiz yaşayış məntəqələrimizin timsalı bilirəm. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə bu kənddə yaşayan Natiq Fərəməzov mərkəzə gətiriləndə də aprel döyüşlərini xatırladım, uçub-dağılmış Cocuq Mərcanlının bu gününü xatırladım. Mənə elə gəlirdi ki, bu əməliyyat aprel döyüşlərinin davamıdır. Bütün Cocuq mərcanlılar şükranlıqla əhatələnməlidi! - əməliyyata bu istəklə, bu niyyətlə başladıq. Uğurlu alındı. Natiqi yaşada bildik.  Bu uğur mənim deyil, bizə bu şəraiti yaradan Ali Baş Komandanın, Müdafiə Nazirliyinin, Baş Klinik Hospitalın rəhbərliyinin uğurudu...
Öyrəndik ki, respublikamızda ilk dəfə olaraq ağciyər tromboemolisiyasının qapalı üsulla müalicəsi aparılan, dünyada nadir (həm də ilk!) hesab edilən ürəyin tac arteriyasındakı trombu xüsusi kataterlə EKOS prosedurası ilə əritməyə nail olan mərkəzdə ölkə başçısının göstərişi ilə hərbçilərlə yanaşı, bütün müraciət edən vətəndaşlar da müayinə və müalicə olunur. Onlardan biri də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə Cocuq mərcanlılı Natiq Fərəməzov olub. Tam təmənnasız əməliyyat, ölümün pəncəsindən qoparılan həyat və həyat qədər şirin sevinc!..
Natiq Fərəməzovun sezilməsi çətin olan narahatlığını yurd sevgisinə yozduq və söhbətimizi bayaqdan bəri düşüncələrimizə çökmüş bir sorğuya yönəltdik:
- Döyüş bölgələrində, ön xəttə yaxın kəndlərdə yaşayan uşaqların böyük əksəriy-yəti "Hərbçi olacam!" deyir. Yəqin ki, soruşsaq, aprel döyüşlərində çılpaq ata süvar olub anasının verdiyi bağlamanı döyüşənlərə çatdıran Murad da belə deyərdi.
Natiq Fərəməzov bir anlığa duruxdu. Yaddaşında nələrisə dürüstləşdirməyə çalışdı və bir qədər qürurla, bir qədər fərəhlə dilləndi:
- Əvvəllər belə deyərdi. Mən bu azardan qurtulandan sonra "Həm hərbçi olacam, həm də cərrah. Vətən üçün hərbçi, camaat üçün cərrah" - deyir. Yəni, Murad hərbçi-cərrah olmağı qərara alıb. Anar Əmrah bu yaşda uşaqların düşüncələrinin səmtini dəyişib, xalqa, millətə, dövlətə gərəkli səmtə dəyişib...
"Yenidən tapdığım bu ömürə görə Ali Baş Komandana, Müdafiə nazirinə, hospitalın rəhbərliyinə, məni ölümün əlindən alan cərrahıma, şöbənin əməkdaşlarına hansı kəlmələrlə təşəkkür edim, bilmirəm. Onu bilirəm ki, döyüşəcək oğullarımızla bir sırada dayanmağa hazıram. Sağlam bir ürəklə Cocuq Mərcanlıya qayıdıram, oradan döyüşəcək əsgərlərimizlə Cıdır düzünəcən getməyə qadir olan bir ürək verdi mənə Anar Əmrah. Bu ürəklə döyüşə də gedərəm..." - Natiq Fərəməzovun dedikləri bizə bir  könül xoşluğu yaşatdı: Böyük Qələbəyə az qalıb, Vətən! Bu könül xoşluğu illər keçsə də unutmadığımız, unutmayacağımız Cıdır düzünün çiçəklərinin qoxusundaydı...  
Ürək...
Baş Klinik Hospital...
Anar Əmrahın rəhbərliyiylə müraciət edənlərin ürəyi burada sağaldılır. Torpaqlarımızı ürək sıxıntılarından Azərbaycan əsgəri qurtaracaq, torpaqlarımızın yaralarını Azərbaycan əsgəri sağaldacaq!..
Həkimlər Natiq Fərəməzova gərəkli tövsiyələr verib. Anar Əmrah yolasalma ərəfəsində də müayinə edir. Bu, peşəyə sədaqətdi - loğmanlıqdı, insansevərlikdi...
Natiq Fərəməzov "Muradımın yanına qayıdıram..." - dedi. Təkcə oğlu Muradı demədiyinə, muradının, istəyinin, niyyətinin yanına qayıtdığına sevindiyini sezmək çətin deyildi. O murad, o istək, o niyyət işğalın sonuna aparan yoldu. Biz də - ayağı yer tutanlar da, dizində taqət olanlar da o möhtəşəm yolun yolçusu olacağıq. Həm də yaxın vaxtlarda...
Məhəmməd NƏSİRLİ, Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR