Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Noyabr 2017 10:33

Əsgər olmaq istəyirdim, əsgərəm!

Payız fəslidi. Yolumuz səngərədi. Dağların zirvəsinə düşən qara, ağacların yaşıllığını itirməsinə görə qəribə hisslər yaşaya-yaşaya Azərbaycan əsgəri ilə görüşə gedirik. Yağışdan sonra torpaqdan yaranan qoxunu sinəmə çəkirəm, ancaq payız yağışında fərqli bir rütubət, kövrəklik duyuram, yaz yağışından fərqli olaraq payız yağışını ahıl qocaya bənzədirəm. Mənə elə gəlir ki, yerə səpələnən yarpaqlar ağacların budağından deyil, göylərin dərinliyindən yağır. Saralmış yarpaqlar, otlar, kol-kos yolun üzərini də qapayıb. Qəlbimdə nisgil qarışıq sevgi də yol gedir mənimlə. Narahatlığım torpaqlarımızın hələ də düşmən işğalında olmasından yaranırsa, sevgim tezliklə Azərbaycan əsgəri ilə görüşəcəyimdən yaranır.
Kapitan Sübhi Mürsəliyev ordumuzun torpaqlarımızı düşmən tapdağından hər an azad etməyə qadir olduğunu bildirərək söhbətə başlayır: "Hər yerdə olduğu kimi, burada da əsgərlərimiz ruh yüksəkliyi ilə xidmət edir, düşmənin təxribatlarının qarşısını layiqincə alırlar. Hər kəs şəhidlərimizin qisasını erməni işğalçılarından alacaqları günü səbirsizliklə gözləyir".
Şəxsi heyəti təlimatlandıran müddətdan artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Fərman Cavadzadə tabeliyində olan şəxsi heyətə xidmətlərində ayıq-sayıq olmalarını, vəzifə borclarını dəqiq yerinə yetirmələrini və s.  çatdırır. Həmsöhbətim onu da bildirir ki, Vətənimizi, xalqımızı qoruyan, Vətən üçün canlarından keçməyə qadir olan vətənpərvər gənclərlə xidmət etməyi özünə şərəf bilir.
Ağdam rayonundan ordu sıralarına çağırılan, bir ildir ön xətdə xidmət edən əsgər Hüseyn Rəcəbli ilə həmsöhbət oluram. Ağdam rayonunda gedən qızğın döyüşlər zamanı əsgərin dayısı baş leytenant Vüqar Gərayevin də şəhid olduğunu öyrənirəm. Əsgər dayısının yolunu davam etdirəcəyini bildirir: "Düşmənlə təmas xəttində xidmət etdiyim üçün çox sevinirəm. Düzdür, asan deyil, lakin qəlbimdəki Vətən sevgisi mənə bu çətinlikləri hiss etdirmir. Elə buna görə də erməni faşistlərini dədə-baba torpaqlarımızdan qovacağımız günü gözləyirəm. Dərsliklərdən əxz etdiklərimdən, valideynlərimdən öyrəndiklərimdən bilirəm ki, ermənilər xalqımızın başına olmazın müsibətlər gətiriblər. Xocalıda dinc sakinlərin başına gətirilənləri, şəhərin viran edilməsi kadrlarını izlədikcə özümü saxlaya bilmirdim. Məktəb illərimin bitməsini tez istəyirdim. Əsgər formasını əynimə geyinərək ön xətdə xidmət etmək mənim də arzum olub. Bu gün arzuma çatmışam. Ancaq ən böyük arzum xidmətimi bitirdikdən sonra ordu sıralarına yenidən qayıtmaqdır. Ali Baş Komandanımızın döyüş əmri ilə başlanacaq haqq savaşında iştirak etmək mənim də əsas məqsədimdir".
Daha sonra əslən Qubadlıdan olan əsgər Xəqani Kərimovla tanış oluram. Artıq 10 aydır ordu sıralarında Vətənə xidmət edən əsgərə "Hərbi xidmət dövründə hansı vərdişlərə yiyələnmisən?" sualı ilə müraciət edirəm. Əsgər bildirir: "Hər bir vətənsevər gənc hərbi xidmət dövrünü keçməlidir. Bu yol çətin olsa da, şərəfli yoldur. Bura mənim üçün sanki başqa bir dünyadır. Xidmətdə yaşanan hər bir gün yaddaşıma həkk olunur, əsgər yoldaşlarımla keçirdiyim günlər, asudə vaxtlarımızda söhbətlərimiz, təlim və həyəcan vaxtları və s. Özümə dostlar qazanmışam. Hər sirrimi onlarla çəkinmədən paylaşa bilirəm. Çətinliklərə dözmək, qarşına qoyduğun məqsədə nəyin bahasına olursa-olsun, nail olmaq, silah yoldaşlarına həmişə köməklik göstərmək və digər üstün keyfiyyətlər əldə etmişəm".
Əsgər Fərid Dadaşzadə Füzuli rayonundandır. 15 aydır ön xətdə xidmət edir. O da tez bir zamanda Azərbaycan bayrağını işğal altında olan torpaqlarımızda dalğalanacağı günü səbirsizliklə gözlədiyini deyir. "Ermənilər bizim ata-baba torpaqlarımıza çox nahaqdan iddia edirlər. Axı Qarabağ əzəldən bizim olub, o torpaqlarda əcdadlarımızın ruhu dolanır. Tarixi torpaqlarımızı mütləq azad etməliyik".
Böyük maraqla əsgərimizin söhbətlərini dinləyirəm. "Bəs onda Pənahəli xan kim olub? O, Qarabağ xanlığının yaradıcısıdır. Orada Şahbulaq, Əsgəran, Bayat qalaları Pənahəli xan tərəfindən düşməndən qorunmaq üçün tikilib. Qarabağın əzəldən bizim ərazimiz olduğunu bütün faktlar sübut edir. Qədim torpaqlarımız işğalda qala bilməz. Hər qarış uğrunda canımızdan, qanımızdan keçməyə hazırıq".
- Vətən sevgisi ən uca sevgilərdən biridir, - deyə əsgər Hilal Quliyev də söhbətə müdaxilə edir: - Düşmənə olan nifrətimiz sonsuzdur. Mənim və əsgər yoldaşlarımın yüksək döyüş qabiliyyəti və əhval-ruhiyyəsi var. Burada bizim üçün hər cür şərait yaradılıb. Bu imkanlar hesabına nümunəvi xidmət edirik. Bu gün güclü ordulardan birinin əsgəri olmağımla fəxr edirəm."
Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR