Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Noyabr 2017 12:11

“Öncə hərbi qulluqçuyam”

Müasir dövrdə avtomobil xidməti ordu infrastrukturunda da mühüm yer tutur. Silahlı Qüvvələrin şəxsi heyətinin nəqliyyat vasitələrinə olan tələbatının ödənilməsi, müxtəlif daşınmaların həyata keçirilməsi məhz bu vacib sahənin müntəzəm fəaliyyət göstərməsindən asılıdır.
"N" hərbi hissəsində avtomobil parkı ilə yaxından tanış oluruq. Parkla tanışlıq zamanı idarə etdiyi avtomobilə texniki qulluq göstərən hərbi qulluqçulardan biri öz çalışqanlığı ilə diqqətimizi çəkir. Öyrənirik ki, bu hərbi qulluqçu üç ildir sürücü vəzifəsinsə xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Etibar Rzayevdi.
Söhbət zamanı bacarıqlı sürücü bildirdi ki, hərbi hissədə bütün sürücülərin nizam-intizamı, avtomobillərin texniki xüsusiyyətləri və istismarı haqqında bilikləri, həmçinin yol hərəkəti qaydaları və avtomobillərə texniki qulluq göstərilməsi üzrə praktik vərdişlər şəxsi heyətə aşılanır.
Hərbi qulluqçunun sözlərinə görə, sürücü birinci növbədə mexaniki ötürücü qutusu olan avtomobili idarə etməyi bacarmalıdır. "Bu tip avtomobilləri idarə edə bilən sürücü, avtomat ötürücüsü olan maşını da asanlıqla idarə edir. Bütün sürücülər daim təcrübə əldə etməli və peşəkarlıq qazanmalıdırlar. Hər bir sürücü mütləq şəkildə idarə etdiyi avtomobilin, mexanizm və cihazların təyinatını, quruluşunu, işləmə prinsipini, avtomobillərin yol hərəkəti və texniki istismarı qaydalarını, hərəkətin təhlükəsizliyinin əsaslarını, avtomobilin istismarı prosesində üzə çıxan nasazlıqların əlamətlərini, səbəb və nəticələrini, bu nasazlıqları vaxtında aradan qaldırmağın üsullarını bilməlidir. Yalnız bundan sonra həmin sürücünün peşəkarlığına əminlik yaranır".
Söhbət əsnasında öyrəndik ki, Silahlı Qüvvələrdə mövcud olan  standartların tələblərinə müvafiq surətdə avtomobillərə texniki qulluq təmir bölmələrindəki mütəxəssislərə həvalə edilir. Bu avtomobillərin saz vəziyyətdə olmasına əminlik yaradır. Axı, avtomobil hər zaman çıxışa hazır vəziyyətdə olmalıdır.
Peşəkar sürücü Azərbaycan Ordusunda xidmət edən bütün həmkarlarına üzünü tutaraq bildirdi ki, yollarda, xüsusilə təlim karvanlarında çox diqqətli olsunlar, avtomobilin rahat və fasiləsiz hərəkəti  üçün şərait yaratsınlar: "Gərək hərbi qulluqçu olduğumuzu da yaddan çıxarmayaq. Ordumuza əməlimizlə, fəaliyyətimizlə dəstək vermək hər birimizin borcudur. Hər birimiz Vətənə, xalqa və dövlətə sədaqətlə xidmətimiz hesabına, Qələbəmizi təmin edəcəyik".
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto N.PƏNAHOVUNDUR