Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Noyabr 2017 12:09

Döyüşçülərin sadiq dostu

Arxeoloji qazıntılar zamanı müəyyən olunub ki, insanlar ov edərkən itlərin əməyindən istifadə ediblər. Bu səbəbdən də itlər insanın sadiq dostu sayılır. Təsadüfi deyil ki, itlər Yaponiyada sədaqətin rəmzi hesab olunur. Müharibə meydanında döyüşçülərin də etibarlı dostu rolunu oynayan bu heyvanların ordumuzda xüsusi şəkildə yetişdirilməsində 1992-ci ildən fəaliyyət göstərən Silahlı Qüvvələrin Kinologiya mərkəzi mühüm rol oynayır.
Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri ilə Kinologiya mərkəzinə yollanarkən ürəyimdə qəribə həyəcan vardı. Çünki uşaqlıq illərində it saxlamaq, ona bəzi vərdişləri öyrətmək arzusunda idim. Yadımdadır, babam müharibə illərindən, cəbhədə itlərin sədaqətindən söz açarkən, "itlər nadir heyvanlardır, istədiyin vaxt köməyinə yetişir" deyərdi.
...Polkovnik-leytenant Ariz Xasıyev Kinologiya mərkəzi haqqında ətraflı məlumat verir.
- Ordumuzda xidməti itlərin saxlanılması, yetişdirilməsi və təlim işi Silahlı Qüvvələrin Kinologiya mərkəzində  həyata keçirilir. İtlərin hazırlanması üçün xüsusi təhsil almış kinoloqlar var ki, onlar heyvanlarda işçi keyfiyyətlərini təkmilləşdirirlər. Həmçinin kinoloqlar xidməti itlərin sağlamlıqlarının qorunmasına da borcludurlar. İtlər seçilərkən sağlamlığına, iybilmə, eşitmə, görmə qabiliyyətinə və digər xüsusiyyətlərinə diqqət yetirilir.
Təcrübəli kinoloq kapitan Mövcud Əsgərov isə itlərin yetişdirilməsi ilə bağlı bəzi məsələləri qeyd etdi. İtlərlə təlim keçirilməsindən danışan zabit deyir ki, mərkəzdə minaaxtaran, qarovul və damazlıq xidməti itləri hazırlanır və xüsusi təlim keçirilir. "Damazlıq manqasında yeni doğulmuş itlər yetişdirilir və müəyyən vaxtdan sonra kinoloqlar tərəfindən seçilərək təyinatı üzrə istifadə edilir. Nəsil artırmaya məsləhətli olanlar isə damazlıq manqasında saxlanılır. Mütəxəssislər tərəfindən seçilən itlər təyinatı üzrə yetişdirilir. Minaaxtaran xidməti itləri ərazidə basdırılmış minaların, partlayıcı trotillərin tapılması üzrə əhliləşdirilir. Qarovul xidməti itləri isə obyektlərin mühafizə olunması və obyektlərə kənar şəxslər daxil olarsa onların zərərsizləşdirilməsi üçün yetişdirilir. Ümumilikdə mərkəzimizdə yetişdirilən itlərdən ordumuzda təyinatı üzrə istifadə edilir."
Kiçik çavuş Elnur Əliyev söhbətimiz zamanı bildirir ki, kinoloq olmaq üçün bu sahəyə daxildən gələn sevgi ilə üz tutmalısan. Labrador cinsinin nümayəndəsi haqqında məlumat verən çavuş deyir:
- "Soltan" adlandırılan itlərin  mina axtarmaq, verilən əmrləri yerinə yetirmək qabiliyyəti var. İtləri sadiq dost hesab etmək olar. Onlar da küsməyi, əylənməyi, hətta rəqs etməyi bacarır. Ən çox sevdikləri oyuncaq topdur, həmçinin ərazidə gəzməyi xoşlayır. İtlərə diqqət etmək, qayğı göstərmək, xarakterini bilmək lazımdır.
Kinologiya məkrəzinin baytar həkimi Elçin Nəsirov isə heyvanların sağlamlığına cavabdeh olduğunu bildirir.
- Mən burada çalışdığım ilk gündən heyvanlarımızın sağlamlığı üçün əlimdən gələni əsirgəmirəm. Həmçinin onların düzgün qidalanmasını, xüsusi vannalarda təmizlənməsinı, antibakterial daraqlarla daranmasını nəzarətdə saxlayıram. Hər birimiz anlayırıq ki, əhliləşdirdiyimiz itlər döyüşçülərin sadiq dostu kimi müharibə meydanında köməyimizə çataçaq.
Sonda itlər tərəfindən şərti düşmənin zərərsizləşdirilməsi, ərazidə basdırılmış minaların tapılması və s. vədişlər nümayiş etdirildi.
Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR