Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Noyabr 2017 12:02

Azərbaycan əsgəri Qələbə qazanacaq

Ordu müqəddəs Vətənin qoruyucusu kimi şərəfli bir vəzifəni həyata keçirir. Hər bir müstəqil dövlət mövcudluğunu, təhlükəsizliyini məhz Silahlı Qüvvələr vasitəsilə təmin edir. Azərbaycan mürəkkəb coğrafi regionda yerləşdiyinə, tarixən yadellilərin hücumlarına məruz qaldığına görə ölkəmizdə hərbi ənənələr formalaşıb. Bu gün torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub. Xalqımız ordumuzun gücünə bələddi və yaxşı bilir ki, müharibə yolu ilə Qarabağımızı düşmən tapdağından azad etməyə qadirdi. Hər kəs inanır ki, Azərbaycan əsgəri əzəli torpaqlarımızı işğaldan azad edəcək.
"N" hərbi hissəsinin artilleriya bölməsinin şəxsi heyəti ilə atış və atəşin idarə olunması məşqində də gördüklərimiz sübut edir ki, Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyən Azərbaycan əsgəri bir göz qırpımında Kəlbəcərə, Şuşaya, Xankəndinə... qanadlanmağa, murdarların ayaqlarını o torpaqlardan birdəfəlik kəsməyə hazırdı. Gördüklərimizdən bir inam hasil olur - məşqə cəlb olunan şəxsi heyət bir yumruq kimi mübarizə aparmağa, öhdəsinə düşən tapşırığı məsuliyyətlə yerinə yetirməyə və qələbə qazanmağa tam qadirdi.
Məşq zamanı qarşılaşdığımız belə əsgərlərdən biri də Biləsuvar rayonundan hərbi xidmətə çağırılan istehkam manqasının əsgəri Adil Eyvazovdu. Söhbət zamanı əsgər bildirdi ki, gördükləriniz adi hərbi məşqlərdən biri kimi görünə bilər. Amma bu məşqlər qələbəyə olan inam hissimizi artırır. "Mütəmadi belə məşğələlər keçirilir, dərslər bilavasitə atəş mövqeyində aparılır. Bu da hazırlıqlı əsgər kimi formalaşmağımızda mühüm rol oynayır. Minaaxtaran peşəsinə yiylənənlər üçün ən əsas məsələ peşəkarlıq əldə etmək və təhlükəsizlik qaydalarına əməl etməkdi. Əbəs yerə demirlər ki, minaaxtaran ömründə bir dəfə səhv edir. Yəni, bir səhv minaaxtaranın həyatı bahasına başa gəlir. Əgər torpaqlarımız hələ azad olunmayıbsa, bizim ölməyə haqqımız çatmır. Çünki torpaqlarımızın azadlığı uğrunda mübarizədə düşmənlərimizi öldürməyə borcluyuq".
Əsgər Adil Eyvazov onu da bildirdi ki, təlimlərin köməyi ilə istənilən hava şəraitində minaları zərərsizləşdirməyi öyrəniblər. "Minaaxtaran istənilən minanı aşkar və məhv edən zaman təhlükəsizlik tədbirlərinə mütləq riayət etməlidir: ilkin olaraq əraziyə baxış keçirməli və bundan sonra əməliyyata başlamalıdı. Əməliyyat prosesində istifadə etdiyimiz dedektorlardan siqnal gəldikdə orada qazıntı aparılmalıdı. Həmin yerdə hərbi sursat aşkar olunarsa, işarələnməli və bununla bağlı komandirinə məlumat verilməlidir. Minaların götürülməsi mümkün deyilsə, yerindəcə zərərsizləşdirməlidir".
Əsgər söhbətinin sonunda təcrübədə qazandıqlarına, əldə etdiyi hərbi biliklərə görə komandirlərinə minnətdarlıq etməyi də unutmadı: "Təcrübədə qazandıqlarım komandirlərimin sayəsində mümkün olub. Ona görə də bütün komandirlərimə minnətdarlığımı bildirirəm. Onlardan çox razıyıq ki, bizə xidmətin bütün incəliklərini öyrədiblər."
Məşq prosesini izlədikcə bir daha əmin oluruq ki, keçirilən məşqlərin, təlimlərin əhəmiyyəti danılmazdır. Yetərincə hazırlığa malik döyüşçülər məhz təlim meydanında yetişirlər. Bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirməyə qadir olan əsgər isə Qələbəmizin təminatçısıdır.
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR