Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Noyabr 2017 11:58

“Vətənimizi azad, bütöv görəcəyik!”

Hər fəslin öz gözəlliyi olduğu kimi, payızın da gözəllikləri adamın könlünü oxşayır. Payız  bar-bərəkət rəmzidir. İnsanlar bu fəsildə də bağ-bağatdan çəkilmir, aylarla əkib-becərdiklərini sahələrdən yığanda nə qədər sevinirlər. Bu dəfə yolumuz Azərbaycanın mühüm təsərrüfat rayonlarından birinədir. Ötən ilin aprel döyüşlərində qazandığımız tarixi qələbədən sonra bu cəbhə bölgəsinin də adamlarında qurub yaratmağa həvəs daha da artıb. Dövlətimizin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsi olaraq hərbi qüdrətini  artıran Silahlı Qüvvələrimizlə burada da hər kəs öyünür, fəxr edir. Əkinçi də, sürücü də, müəllim də ordumuzun gücünə yaxşı bələddir və inanır ki, Azərbaycan Ordusu ötən ilin aprelindəki kimi hər an düşmənə layiqli cavab verməyə qadirdir.
"N" hərbi hissəsi  şərəfli döyüş yolu keçib. Qarabağ savaşının ilk dövründə yaranmış hərbi hissənin kollektivi arasında yüzlərlə zabit və əsgərimiz Vətən naminə döyüşlərdə fədakarlıq göstərərək adlarını xalqımızın qəhrəmanlıq tarixinə yazdırıb. Doğru deyiblər ki, Vətən mərd, qəhrəman oğulların hesabına qorunur və yaşayır. Böyük türk şairlərindən biri əbəs deməyib ki, torpaq qanla suvarılanda vətənləşir. Bu gün də Silahlı Qüvvələrimizin tərkibində qəhrəmanlığın sirlərinə yiyələnən gənclərimiz Vətənimizi qorumağa qadir olan döyüşçülər kimi formalaşır.
Qərargahda gəlişimizin məqsədini bildirəndən sonra çox ləngimirik, hərbi maşına əyləşib dağlara - düşmənlə təmas xəttindəki mövqelərimizə yola düşürük. Taborda bizimlə görüşən cavabdeh zabitlər əsgərlərin görüşünə gəldiyimizə görə minnətdarlıqlarını bildirirlər. Əslində, Vətənimizin keşiyini çəkən müqəddəs oğulları ziyarət etmək  cəmiyyətdə tutduğu vəzifəsindən, mənsubiyyətindən asılı olmayaraq hər kəsin bir vətəndaşlıq amalıdır. Millət vəkillərinin, söz-sənət adamlarının, bir sözlə, ictimaiyyətin cəbhə xəttində əsgərlərlə görüş keçirdiklərindən xəbər tutanda çox sevinirik. Çünki bu gün dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunan əsgərlərimizin yalnız sözlü-söhbətli qonağa ehtiyacı vardır. Mayor Fəxrəddin Əhmədov da söhbətimizdə qeyd etdi ki, ziyalıların, cəmiyyətimizdə tanınan adamların əsgərlərlə hər görüşü şəxsi heyətin həyatında unudulmaz hadisəyə çevrilir. "Ordu yalnız mənsub olduğu xalqın dəstəyini hiss edəndə güclüdür, internet yazısında belə bir cümlə oxumuşdum: ordu xalqın bağrından qopan gücdü. Doğrudan da, əsgərlərimizin mənəvi hazırlığında, ruh yüksəkliyində belə görüşlər əhəmiyyətlidir", - zabit deyir.
Onun müşayiəti ilə qarşıdakı mövqelərə yaxınlaşırıq. Hər tərəf meşəlikdir, yolları xəzan bürüyüb, çünki  soyuqlar başlayanda ağaclar da libasını dəyişir. Həmişə belə mənzərəylə rastlaşanda adama elə gəlir ki, ağac da canlıdır, insan kimi fəsildən-fəslə libasını dəyişir.
"Qürbət adama Vətən sevincini yaşada bilməz"
Ön xətdə rastlaşdığım hərbçilərdən bir qədər yaşlısını oxucularımıza da yaxından tanıtmaq istərdim. Təcrübəli gizir Elvin Səfərovu deyirəm, Qusar rayonundandır, Azərbaycan Ordusunda əsgəri xidməti sülhməramlı qüvvələrin tərkibində keçib. Əfqanıstanda 9 ay xidmət edib və  başqa dövlətlərin bayraqları arasında Azərbaycanın üçrəngli bayrağını görməkdən daim qürurlanıb. Deyir ki, münaqişə bölgəsində sülhün və əmin-amanlığın təmin edilməsinə dəyərli töhfə verən beynəlxalq qüvvələr arasında doğma ordumuzun da təmsil olunması ona bir dünya sevinc yaşadıb. "Terror təhdidləriylə üz-üzə qalan bir xalqın dərd-sərini görəndə, günahsız insanların qətlə yetirildiyini biləndə yadıma Xocalı düşürdü. Ermənistanda da terrora dəstək verənlər xalqımıza qarşı zaman-zaman vəhşiliklər, qırğınlar törədiblər. Cinayətkarın milliyyəti olmur, dinc insanlara hücum etmək ağlasığmaz  əməldir. Dəfələrlə terrordan ehtiyatlanan qocanı da, qadını da, uşağı da görəndə hər birinin simasından yalvarış, imdad hiss etmişəm. Onlar sülhməramlılara öz xilaskarları kimi baxırdılar. Nə qədər ki, dünyada terror təhlükəsi var, belə baxışlar kəsilməyəcək".
- Elvin, sülhməramlı kimi xidmət və doğma Vətənin qulluğunda dayanmaq. Hansından daha qürurlanmısan?
- Əlbəttə, Vətənə xidmətdən. Qürbət heç vaxt adama Vətən sevincini yaşada bilməz. Qürbətdə xan, şah olunca, Vətəndə sadə bir ömür sürmək yaxşıdır. Adama doğulduğu yer qədər heç nə əziz deyil. Sülhməramlı qüvvələrdə xidmət müddətim başa çatıb Vətənimə qayıdanda elə zənn etdim ki, dünyaya yenidən gəlmişəm. Bu gün Vətənimdə xidmət edirəm və sonsuz qürur yaşayıram. Ön xətdə xidmət isə daha qürurvericidir, çünki Vətənini, xalqını, millətini qoruyursan. Məzuniyyətə çıxıb evimizə gedirdim, bir ağbirçək ana avtobusda harada  xidmət etdiyimlə maraqlandı. Dedim ki, düşmənlə üz-üzə mövqelərdə dayanıram. Sifətimə həvəslə baxdı, "ay oğul, bizi qoruyursan, afərin!" dedi. Bu cəhətdən Vətənə xidmət ən şərəfli vəzifədir. Burada gənc əsgərlərə həmişə öz xidmətimlə bağlı xatirələrimi danışıram və onlara da izah edirəm ki, doğma yurdu qorumaq  müqəddəs borcdur.
"Döyüş növbətçisi olduğum ilk gün yaddaşıma həkk olunub"
Səngərdə düzülmüş əsgərləri bir-bir salamlayıram, qayğılarıyla, arzularıyla maraqlanıram. Vətənimizi qoruyan mərd oğulların əhatəsində dayandığıma görə özüm də bir sevinc içindəyəm. Ön xətdə xidmət edən hər bir kəsi qəhrəman sayıram, çünki məhz belə  oğulların çiyinlərində Vətən yaşayır. Doğrudan da, səngər həyatı gənclərin sınaq meydanıdır, burada yüksək mənəvi dəyərlərə malik olan gənclər xidmət edir. Sinəsində Vətən yükü gəzdirən oğullar var olsun, deyirəm. Yaxından tanıdığım komandir deyirdi ki, həyatda sağ qaldığına görə bir əsgərinə ömrü boyu borcludur, çünki Qarabağ müharibəsində yaralanan zaman həmin əsgər onu çiyninə alıb böyük əziyyətlə arxaya çatdırıb. Doğrudan da, belə əsgəri olan millət xoşbəxtdir.
Ağstafa rayonundan olan əsgər Vaqif Həsənovun hərbi xidmətini başa vurmasına sayılı günlər qalıb. O da silahdaşları kimi ön xətdə xidmət etdiyinə görə fəxarət duyur. Deyir ki, Vətənimizə bir övlad borcunu belə mövqelərdə ödəmək nə yaxşı ona da nəsib olub.
- Yaşadığım bölgə işğalçı Ermənistanla sərhəd olduğuna görə bizim yerlərdə də müharibə gedib, - əsgər deyir. - Valideynlərimdən, böyüklərimizdən müharibə haqqında çox eşitmişəm. Mənimlə yaşıd olanlar zamanında döyüşə könüllü gedib, amma hazırlıqlı ordu olmadığı üçün o vaxt itkilərimiz olub, torpaqlarımızın bir hissəsi işğal olunub. Amma indi tam fərqli bir ordunun əsgərləriyik, hərtərəfli təminatımız, müasir silah-texnikalarımız var. Daha düşmən bizə güc gələ bilməz.
- Əsgər, xidmətini başa vurmağa az qalıb. Hərbi xidmətdən hansı təəssüratla ayrılacaqsan? Ən yaddaqalan günlərindən danış...
- Gənclik illərimin bir hissəsini bu dağlarda keçirməyimdən, Vətənimə əsgər olmağımdan fəxr duyuram. Sabah Vətən üçün nə etmisən? - sualını kimdənsə eşitsəm, deyəcəm ki, ən çətin mövqelərdə xidmətim keçib, düşmən qarşısında dayanıb torpaqlarımızı qorumuşam. Əslində, hər bir gəncin həyatda ən vacib vəzifəsi əsgər olmaq, düşmənlə savaşa atılmağa qadir olan mübariz döyüşçü kimi yetişməkdir. Mən də komandirlərimə, təcrübəli silahdaşlarıma minnətdaram ki, onların sayəsində Vətənimizi qorumağı öyrənmişəm. Orduda keçən günlərimi həyatımın ən mənalı bir dövrü sayıram. Hərbi xidmətə gəldiyim, sırada dayandığım, təntənəli şəkildə Hərbi andı qəbul etdiyim günləri unuda bilmirəm. Amma ilk dəfə döyüş növbətçiliyində dayandığım gün taleyimə həkk olunub.
- Niyə görə?
- Çünki həmin gün mənə ən məsulliyyətli bir vəzifə - Vətənimizin qorunması etibar edilmişdi. Gecənin bir vaxtıydı, hər tərəf lal sükuta qərq olmuşdu. Düşünürdüm ki, bircə an sayıqlığı əldən vermək olmaz. Axı qarşıda yağı düşmən var, düşməni gözdən qoysam nələr baş verərdi. Həmin anda qürur duydum ki, mən də Vətənimə gərək olanlardan biriyəm.
"Milli Qəhrəmanın adını daşıyan məktəbin yetirməsiyəm"
Müasir dövrdə Azərbaycanda vətənpərvər nəsil formalaşır və gəncliyin Vətənə, xalqa sədaqət ruhunda yetişməsi üçün həyatımızda kifayət qədər örnək olan nümunələr vardır. Bu gün məktəblərimizin böyük əksəriyyəti şəhidlik zirvəsinə ucalmış doğma məzunlarının adını daşıyır. Səngərdə söhbətləşdiyim əsgərlərdən biri - Əli Alqocayev də Qobustan rayonunun Sündü kəndində Milli Qəhrəman Şikar Şikarovun adını daşıyan orta məktəbi bitirib. Sonra ali təhsilə yiyələnib və ordumuzun sıralarına yola düşüb.
- Oxuduğum məktəbin həyətində qəhrəman döyüşçünün büstü yaradılıb, hər səhər məktəbə gələndə bir an ayaq saxlayıb onun qəhrəmanlığını düşünürdüm, - deyən əsgər müəllimlərindən, böyüklərindən əfsanəvi döyüşçü haqqında eşitdiklərindən danışır. - Müharibənin ilk illərində orduya yola düşüb və Tərtər istiqamətində düşmənlə mübarizədə qəhrəmancasına şəhid olub. Hər dəfə onun anım tədbiri məktəbimizdə də keçirilir,  ağsaqqallarımız, ziyalılarımız qəhrəman haqqında ürək sözlərini bölüşür və bizə də igidliyi, vətənpərvərliyi ondan öyrənməyi tövsiyə edirlər. Bu gün səngərdə Vətənimizin keşiyində dayanmaqla döyüş sirlərinə alışıram, axı qarşıda bizi müqəddəs vəzifə - torpaqlarımızın işğaldan azad edilməsi vəzifəsi gözləyir. Mütləq Vətənimizi azad, bütöv görəcəyik.
Döyüş mövqeyində görüşdüyüm əsgərlərdən Famil Tahirov, Gəray Fərahim, Bayram İsrafilov və başqaları da səngər ömrü yaşamağın nə qədər qürurverici olduqlarını bildirərək Vətənimizi azad, bütöv görmək üçün haqq savaşına atılacaqları günü həsrətlə gözlədiklərini dedilər.
Arif PƏNAHOV, "Azərbaycan Ordusu"