Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Noyabr 2017 11:55

Güclü ordu – güclü dövlət

Ali Baş Komandan İlham ƏLİYEV:
Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Biz bunu bilirdik, ancaq bu gün bunu bütün dünya bilir. Bu ilin aprelində təmas xəttində baş vermiş hadisələr Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Bizim ordumuz əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi. Orada indi Azərbaycan bayrağı dalğalanır. Bu, bizim gücümüzü göstərir. Biz gücümüzü bilirik, gücümüzə əminik və düşmənin istənilən hədəfini məhv edə bilərik...
Noyabrın 9-u öz Vətənini, millətini, dövlətini sevən hər bir soydaşımız üçün əziz və müqəddəs bayramlardan biridir. Həmin gün Dövlət bayrağımız prospekt və küçələrimizi bəzəyir//. Paytaxtımızın ən görkəmli yerində və dünyanın ən yüksək bayraq dirəyində üçrəngli bayrağımız daha əzəmətlə dalğalanır, hər birimizin köksünü qabardır. Bu gün təkcə Azərbaycanda deyil, dünyanın hər yerində qəlbi Vətəni ilə döyünən soydaşlarımız müstəqil Azərbaycanın Dövlət Bayrağı Gününü böyük ehtiramla qeyd edirlər. Bu gün harada azərbaycanlı varsa, orada Azərbaycan var. Azərbaycan olan yerdə isə üçrəngli bayrağımız var!
Azərbaycan Respublikasının gerbi və himni kimi, bayrağı da Vətənimizin müstəqilliyini təcəssüm etdirən rəmzlərdən biridir. Dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşlarının müqəddəs borcudur.
Üçrəngli bayrağımıza ölkəmizdə dövlət səviyyəsində hörmət və ehtiram göstərilməsi də dünya şöhrətli siyasətçi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda Dövlət bayrağı kimi qəbul olunmuşdu. Yalnız bundan sonra 1991-ci il fevralın 5-də ölkə ictimaiyyətinin tələbi ilə Azərbaycan Respublikasının Ali Soveti Dövlət bayrağı haqqında Qanun qəbul edərək, üçrəngli bayrağa Azərbaycan Respublikasının Dövlət bayrağı statusunu verməyə məcbur olmuşdu. 1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən ölkəmizdə tarixi ənənələrə hörmət və sədaqətin ifadəsi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri, o cümlədən Dövlət bayrağı qəbul edilib. 
Ümummilli Liderimizin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Bundan sonra  hər il noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Dövlət Bayrağı Meydanının təməli qoyulub. Meydan üçün seçilmiş yer paytaxtın müxtəlif nöqtələrindən dövlət bayrağının görünməsinə imkan yaradır. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər. İnşa olunmuş dayağın hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Paytaxtımızın müxtəlif yerlərindən nəhəng və möhtəşəm bayrağımızın yüksəkdə dalğalandığını görmək köksümüzü qabardır, qəlbimizi qürur hissilə doldurur.
Bu gün Azərbaycan dövləti kimi onun rəmzlərinin keşiyində hər bir vətənsevər azərbaycanlının sevdiyi qüdrətli Silahlı Qüvvələrimiz dayanıb. Ölkəmizin sərhədləri boyunca, o cümlədən müharibə vəziyyətində olduğumuz Ermənistanın silahlı bölmələrilə üzbəüz mövqelərdə Azərbaycan əsgəri keşikdə dayanır, döyüş növbəsi aparır. Azərbaycan əsgəri həm dövlətimizi, həm də onun bayrağını müdafiə və mühafizə edir. Hətta cəbhə bölgələrində belə Azərbaycanın dövlət rəmzi üçün ən yüksək sahələrdə yer ayrılıb və dalğalanan bayrağımızı düşmən ordusunun əsgərləri belə müşahidə etmək imkanındadır.
Üçrəngli bayrağımız 2016-cı ilin aprel döyüşlərində cəsur ordumuzun şücaəti ilə işğaldan azad edilən 2 min hektardan artıq ərazidə də dalğalanır. Əminik ki, Azərbaycan əsgərinin  gücü ilə düşmən işğal edilmiş torpaqlarımızı birdəfəlik tərk edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Dağlıq Qarabağda - Xankəndidə, Şuşada... bayraq meydanları yaradılacaq, Azərbaycanın üçrəngli bayrağı həmin ərazilərdə daha əzəmətlə dalğalanacaq.
"Azərbaycan Ordusu"