Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Noyabr 2017 12:16

Milli Qəhrəmanın xatirəsinə voleybol turniri keçirilir

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyevin xatirəsinə həsr olunmuş kurslar arasında ənənəvi voleybol turnirinin açılış mərasimi keçirildi.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni oxundu.
Hərbi liseyin idman rəisi Fərhad Əliyev qəhrəmanın həyat və döyüş yolundan danışaraq bildirdi ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi həmişə əziz tutulur. "Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyev bir vaxtlar bu təhsil ocağının kursantı olub. O, 1959-cu il yanvarın 9-da Beyləqan rayonunda dünyaya göz açıb. Sonra onların ailəsi Sumqayıt şəhərinə köçüb. Mətləb səkkizinci sinfə qədər təhsilini buradakı 13 nömrəli məktəbdə alıb və hərbçi olmaq həvəsi onu Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gətirib".
- 1992-ci il avqustun 31-də Ağdam istiqamətində ağır döyüşlər gedirdi, - deyə Fərhad müəllim çıxışına davam edib. - Ermənilər mühüm əhəmiyyətli yüksəklikləri ələ keçirməyə çalışırdı. Mətləb pulemyotun arxasına keçərək düşmən üzərinə güllə yağdırırdı. Bu atəşlərdən neçə-neçə erməni yaraqlısı yerə sərildi. Erməni quldurları onun pulemyotunun darağında güllənin qurtardığını hiss edərək, bir neçə istiqamətdən hücuma keçirlər. Mətləb isə qısa vaxt ərzində pulemyotun darağını dəyişərək atəşə davam edir. Əsgərlərini xilas etsə də, özü qəhrəmancasına həlak olur."
Döyüşlərdə göstərdiyi igidliyə və şücaətə görə baş leytenant Quliyev Mətləb Kamran oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı"  fəxri adı verilib.
Qəhrəmanın adı əbədiləşdirilib. Sumqayıt şəhərindəki 3 nömrəli orta məktəb Mətləb Quliyevin adını  daşıyır. Təhsil ocağının qarşısında onun büstü vardır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub, adına bulaq tikilib. Bu gün gələcəyin zabiti olmaq istəyən gənclər də qəhrəmanlığı, igidliyi Mətləb kimi oğullardan öyrənirlər.
Milli Qəhrəman Mətləb Quliyevin xatirəsinə həsr olunmuş voleybol turniri ruh yüksəkliyi şəraitində başlanıb və bir həftədən sonra yekunlaşacaq.

Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey