Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Noyabr 2017 12:14

Fiziki cəhətdən hazırlıqlı bölmə hər sınağa hazırdır

"İdman sağlamlığın, cəsurluğun mənbəyidir" - fikri idmanla məşğul olan hər bir gəncin həyatının devizidir. Hər gün yüksək əhval-ruhiyyədə olmaq, sağlam həyat yaşamaq istəyənlər idmanla müntəzəm məşğul olmalıdırlar.
Hər birimiz arzulayırıq ki, sağlam, qüvvətli və güclü olaq. Ordumuzun da qüdrətli olması zabitin, əsgərin fiziki hazırlığından çox asılıdır. Buna görə də hərbi hissələrdə şəxsi heyətin fiziki vərdişlərinin artırılmasına böyük diqqət yetirilir. Gündəlik qaçış, krosslar, turnikdə dartınmalar və s. vərdişlər nəticəsində əsgərlər hazırlıqlı döyüşçüyə çevrilir.
"N" hərbi hissəsində şəxsi heyətin idmanla məşğul olduğunu öyrənəndə müasir idman alətləri ilə təchiz edilmiş idman şəhərciyindən, şəxsi heyətin gündəlik idman fəaliyyətindən qeydlər götürmək qərarına gəldik.
Bölük komandirinin nəzarəti altında əsgərlər bir sıra idman növləri ilə məşğul idilər. Onlar növbə ilə alətlərdə müxtəlif hərəkətləri yerinə yetirirdilər. Həvəslə, yorulmadan məşq edirdilər. Hər kəs irəli çıxır, daha hazırlıqlı, daha üstün olduğunu göstərməyə çalışırdı.
- Əsgərin fərdi hazırlığı başlıca şərtdir, - deyə kapitan Natiq Musayev bizimlə söhbətə başladı. - Əgər belə olarsa, fiziki hazırlıq məşğələsində yaxşı nəticə göstərər, uğur qazanar. Ona görə də ilk növbədə əsgərlərin fərdi hazırlığına diqqət ayırırıq. Bir çoxları ordu sıralarına çağırılanadək idmanın müxtəlif növü ilə məşğul olublar. Hətta elələri də var ki, beynəlxalq, respublika əhəmiyyətli yarışların iştirakçısıdır. Fiziki hazırlıq döyüş hazırlığının tərkib hissəsidir. Buna görə də əsgərlərin fiziki hazırlığının artırılmasını diqqətdə saxlayırıq. İdman məşğələlərinin səmərəli keçirilməsi üçün  bütün imkan və vasitələrdən istifadə edirik.
Turnikdə məşq edən bir əsgərlə həmsöhbət oluram. Mahir Ağayevdir. Bakının Nizami rayonundan hərbi xidmətə çağırılan əsgər artıq ordu həyatının tən yarısını geridə buraxıb. 11 il taekvondo ilə məşğul olub. Respublikada keçirilən bir çox yarışlarda, həmçinin beynəlxalq turnirdə də çıxış edərək qitənin üçüncüsü adını qazanıb.
- Hələ kiçik yaşlarımdan idmana marağım var idi, - əsgər deyir. - Daim öz üzərimdə çalışır, məşq edirdim. Gündən-günə təcrübəm artırdı. İdmançılardan bəhs edən filmlərə maraqla tamaşa edir, fərdi hazırlığımı artırırdım. Ordu sıralarına gəldikdən sonra məşqlərimi daha da inamla davam etdirirəm. Çünki ordu həyatı cəsurların ünvanıdır. Dünənə qədər bir idmançı kimi Vətənimi təbliğ edir, üçrəngli bayrağımızın müxtəlif ölkələrdə dalğalanması üçün əzmlə çalışırdım. Bu gün isə həmin bayrağımızın Qarabağda da dalğalanması üçün son nəfəsimə qədər vuruşmağa hazıram."
Digər həmsöhbətim isə həm idman həvəskarı, həm də futbol azarkeşi olan əsgər Emil Sadıqovdur. Xidmətə Abşeron rayonundan çağırılan əsgər 4 aydır Vətənə layiqli övlad kimi borcunu ödəyir.
Ali təhsillidir, İdman Akademiyasını bitirib. Peşəkar futbol karyerasının 2 ilini "Neftçi" komandasında və 4 ilini yığmada oynayıb. Emil deyir ki, gənc nəslin idmana həvəs göstərməsi çox vacibdir. “Çünki bugünkü gənc sabahın əsgəridir. Hər bir əsgər isə ən çətin şəraitdə döyüş vəzifəsini icra etməyi bacarmalıdır.”
Əsgərlər Turqut Qədirli, Tural Xudaverdiyev, Şahin Əliyev və  başqaları da hər bir gəncin sağlam yetişməsində və ordu həyatında idmanın əhəmiyyətli rolunu qeyd etdilər.
Şübhəsiz, fiziki hazırlığı yüksək olan döyüş bölməsi savaşda düşmənə göz açmağa macal verməyəcək, xalqımıza qələbə müjdəsi bəxş edəcəkdir.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR