2017-ci ilin döyüş hazırlığı planına əsasən, Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında cüdo birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Güləş Federasiyası və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 15 komandadan 85 hərbi qulluqçu 7 çəki dərəcəsi üzrə mübarizə aparıb. Heydər Əliyev adına Hərbi Liseyin kursantları da yarışa qatılıblar. İlham Əliyev adına Olimpiya İdman Kompleksində təşkil olunan yarışı Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının hakimləri idarə ediblər.
Hərbi qulluqçuların cüdo birinciliyində komanda hesabında 1-ci yerdə xüsusi təyinatlılar, 2-ci yerdə sərhədçilər, 3-cü yerdə isə motoatıcılar qərarlaşıb. Fərdi hesablara gəldikdə isə 60 kq çəkidə əsgər Məhəmməd Muradov, 66 kq çəkidə əsgər Orxan Cabbarlı, 73 kq çəkidə əsgər Orxan Əsgərzadə, 81 kq çəkidə əsgər Yusif Ələkbərov, 90 kq çəkidə baş leytenant Ziya Şıxəliyev, 100 kq çəkidə gizir Sadiq Qasımov, 100 kq-dan artıq çəkidə kiçik çavuş Dərya Quliyev birinci yerin qalibi olublar.
Qaliblərə Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən fəxri fərmanlar təqdim edilib.
Nəriman NƏCƏFOV, foto Rauf ƏLƏSGƏROVUNDUR