Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Noyabr 2017 12:11

İnama sevgi

"N" hərbi hissəsində çavuş Eldar Talıbovun nümunəvi xidməti haqqında eşitdiyim xoş sözlər onu daha da yaxından tanımağa, tanıtmağa sövq etdi. Söhbətləşərkən öyrəndim ki, 2008-ci ildən xidmətdədir. Sülhməramlı taborda xidmət edir. Bir neçə dəfə Əfqanıstanda olub. "Öncə türk taborunun tərkibində Doğan Qışlası adlanan ərazidə xidmət edirdik. Burada Atatürkün büstü və onun qarşısında NATO-nun, Türkiyənin və Azərbaycanın bayraqları dalğalanırdı. 2015-ci ildən isə Həmid Karzai hava limanını qoruyuruq. Burada "Bayraq hovuzu" adlanan meydanda 51 ölkənin bayrağı dalğalanır. Böyük  dövlətlərin bayraqları sırasında əzəmətli bayrağımızı ilk dəfə görəndə ürəyim sanki köksümə sığmadı, sevincdən gözlərim yaşardı. Sözün həqiqi mənasında, həmin anda azərbaycanlı olmağımın qürurunu yaşadım. Mərasimlər və təltiflər bu meydanda keçirilir".
Çavuş deyir ki, üzv ölkələr arasında qaçış marafonları, şahmat və futbol yarışları keçirilir. Müttəfiq ölkələrin hərbçiləri arasında keçirilən şahmat oyunlarında bir əsgərimiz qalib gəlib. Bayrağımız qaldırılıb, himnimiz səsləndirilib. Əsgər qiymətli hədiyyə ilə mükafatlandırılıb. Ümumiyyətlə, əlamətdar günlərimiz, 20 Yanvar və Xocalı faciəsi geniş miqyasda qeyd olunur. Videoçarxlar təqdim edilir, ingilis dilində ətraflı məlumatlar verilir.
Tarix hər zaman tarix olaraq qalır...
Tariximizin yaddaşında torpaqlarımızın bütövlüyü uğrunda hər an canından keçməyə hazır oğullarımız olub və olacaq. Dəfələrlə yazılarımda da qeyd etmişəm, vətənpərvərlik gendən gəlir, vətənpərvərlik tərbiyəsinin əsası ailədə qoyulur. Eldarın da yaxınlarının əksəriyyəti Vətəni qorumaq peşəsini seçib.
Zaman yaraları sağaltmır, sadəcə, ötüb keçir. Yurd həsrəti sönməyən ocaq kimi için-için yandırır adamı. Çavuş E.Talıbov Qərbi Azərbaycandandır, Soyuqbulaq kəndində anadan olub. Bu gün doğma yurdlarının, unudulmayan uşaqlıq illərinin, Dəvə qoruğunun, Hacxalıl ocağının, su içdiyi  buz bulaqların şırıltısının, yağışının, küləyinin belə həsrəti sanki qasıb-qovurur onu. Ailə böyükləri ilə birlikdə Səbail rayonunda məskunlaşan Eldarın gözləri yol çəkir daim. Bir anlıq uzaqlara dikilir baxışları. "Valideynlərimi kəndimizin, doğmalarının həsrəti daha tez qocaltdı, xəstə saldı... O gün olmur ki, o yerləri xatırlamasınlar... Dilə gələn xatirələrini dinlədikcə illərin həsrəti məni də varımdan yox edirdi".
Davranışı, xidmətə sevgisi ilə fərqlənən, verilən bütün tapşırıqları böyük həvəslə yerinə yetirərək nümunəvi xidmət göstərən hərbçi qeyd etdi ki, ordumuz ən müasir silah-sursat, döyüş texnikası, hərbi təyinatlı müxtəlif avadanlıq və vasitələrə malikdir. "Vətənimizin ərazi bütövlüyünə yönəldilmiş hər hansı bir qəsdə layiqli cavab verməyə hazırıq. Apreldə ordumuzun xalqımıza yaşatdığı qələbə sevinci bunun bariz nümunəsidir. Ali Baş Komandanın verəcəyi əmrə hər an hazırıq".
Düşmən ürəyimizi, beynimizi, əyilməz ruhumuzu, xalqımızın şanlı keçmişini heç bir vəchlə silə bilməz, çünki özü üçün deyil, Vətən üçün, millətimizin, xalqımızın xoşbəxt gələcəyi üçün yaşayan oğullarımız var. Babalarımızdan miras qalan əzəli torpaqlarımızı çavuş Eldar Talıbovun timsalında vətənpərvərliyi, nizam-intizamı, bacarığı, yüksək peşəkarlığı olan oğulların sayəsində azad edəcəyik. Yaxın gələcəkdə xalqımıza qələbə sevinci yaşadacağımıza inamımız sonsuzdur. Sonsuz inamımız sevgidir.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"