Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Noyabr 2017 12:09

“Qələbəmizi təmin edəcəyik”

Hər bir uğuru ilə qürur duyduğumuz Azərbaycan Ordusu özünəməxsus inkişaf yolu ilə dünyanın qabaqcıl orduları sırasında öz yerini tutur. Ordumuzun son illərdə inanılmaz dərəcədə dəyişdiyini, eyni zamanda onilliklərə bərabər inkişafa nail olduğunu hazırda hər kəs etiraf edir. Həmin inkişafın nəticəsidir ki, ordumuz tarixi aprel zəfərini xalqımıza bəxş edib. Artıq ordumuzun tərəqqisi qaçılmaz, dönməz proses kimi qəbul edilib.
"N" hərbi hissəsinin artilleriya divizionunun şəxsi heyəti ilə atış və atəşin idarə olunması məşqində gördüklərimiz də bir daha ordumuzun tərəqqisinə güvənməyə əsas verir. Zabit İntiqam Məhərrəmov keçirilən məşqin mahiyyətini izah edərək bildirir ki, tabeliyində olan şəxsi heyətin cəlb olunduğu məşq zamanı ilkin olaraq atəş mövqeləri və komanda-müşahidə məntəqələri yaradılır. Şərti olaraq düşmən mövqeyi müəyyənləşdirilir. Bundan sonra planlı surətdə atəş tapşırıqları icra olunur. Bu tapşırıqların tərkib hissəsi olaraq arakəsmə, hərəkətli maneə atəşləri, eyni zamanda kalona atış tapşırığı yerinə yetirilir.
Zabit onu da qeyd etdi ki, bir vaxtlar xəyal kimi görünən, əlçatmaz hesab olunan texnologiyalar əsasında formalaşan Azərbaycan Ordusunun uğurlu məşq və təlimləri artıq təəccüblü görünmür. Həyata keçirilən çoxşaxəli islahatlar nəticəsində hərbin bütün sahələrində nailiyyətlərə zəmin yaradılıb və  bu da hər birimizdə qürur doğurur.
Zabitin dediklərini məşq prosesində gördüklərimiz bir daha təsdiqləyir. Bir taqımın timsalında şəxsi heyətin məşq prosesini izləyirik. Əsgərlərin silahdan istifadə qaydalarını peşəkarcasına mənimsədiyini, fiziki cəhətdən hazırlıqlı olduğunu, qazanılan nəzəri-təcrübi biliklər hesabına şərti düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv etməyə qadir olduğunu görürük. Məşq prosesi zamanı apardığımız müşahidələrə əsaslanaraq deyə bilərik ki, fiziki cəhətdən hazırlıqlı olan Azərbaycan hərbçiləri müasir texnika və silahlardan normativə uyğun istifadə edə bilir, bu sahədə təcrübələrini durmadan təkmilləşdirir, yeni nəticələr əldə etməyə çalışırlar.
Məşq prosesindən sonra manqa komandiri kiçik çavuş Ənvər Əliyev istifadə etdikləri qurğu haqqında məlumat verərək bildirdi ki, mövcud zenit-raket qurğusu düşmənin bütün hava hədəflərini məhv etməyə qadirdir. Manqa komandiri onu da qeyd etdi ki, hücuma və ya müdafiəyə hazırlıq zamanı zenit-raket qurğularından açılan sərrast atəş döyüşün taleyini həll edir. Ona görə nahaq yerə deməyiblər ki, artilleriya imkanlarına malik ordular möhtəşəmliyi və məğlubedilməzliyi ilə seçilir: "Xidmət etdiyim artilleriya divizionunun simasında deyə bilərəm ki, artilleriya bölmələrimiz yeni uğurlu nəticələr əldə etməyə, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə hazırdır. Tarixi torpaqlarımızın işğalçılardan təmizlənməsində artilleriya qüvvələrinin üzərinə böyük məsuliyyət düşür. Onlar digər qoşun növlərinin səmərəli hücum strategiyasını təmin etməli, dəqiq koordinatlar əsasında düşmənin istehkam qurğularını, artilleriya bölmələrini, sığınacaqlarını, eləcə də digər strateji hərbi obyekt və məntəqələrini, canlı qüvvəsini məhv etməlidirlər".
Manqa komandiri sözünün davamı olaraq bildirdi ki, məşqin ssenarisinə əsasən, hava hücumundan müdafiə bölməsinin şəxsi heyəti zenit-raket kompleksi və digər yaylım atəşli reaktiv artilleriya silahları vasitəsilə dövlət sərhədini pozan şərti düşmənin təyyarələrini məhv edib, onların idarəetmə məntəqələrini, canlı qüvvəsini, döyüş texnikalarını, artilleriya və minaatan batareyalarını zərərsizləşdirib, dayaq məntəqələrini və qovşaqlarını dağıdıb. “Nəticədə düşmən obyektlərinə zərbələr endirilib və atəş üstünlüyü əldə edilib. Bundan sonra nəzərdə tutulan məşq prosesi başa çatıb".
Əsgər Həmid Məhərrəmov bildirdi ki, tuşlayıcı kimi onun borcu düşmənin hava hədəflərini aşkar edib manqa komandirinə məlumat verməkdir. “Bundan sonra aşkar edilən hədəfin məhv edilməsi prosesi başlayır. Burada məqsəd piyada qüvvələrinə yardım etmək və şəxsi heyətimizə yönələn hədəfləri sıradan çıxarmaqdı. Hərbi xidmətə gəldiyimiz müddətdə zenit-raket qurğusunun sirlərini dərindən öyrənir və özümüzü ordumuzun qalibiyyət döyüşlərinə hazırlayırıq.  Artıq istənilən döyüşün müqəddəratını həll edə biləcək imkanlarımız formalaşıb".
Əsgər Yusif Əliyev isə qeyd etdi ki, məşqlərdə və təlimlərdə mənimsədiklərimizə, komandirlərimizdən öyrəndiklərimizə əsaslanaraq dövlətimizin hava sərhədlərinin qorunması işinin öhdəsindən layiqincə gəlirik. "Bütün silahdaşlarım da  zenit-raket qurğusundan necə istifadə etməyi bilir və düşmənin zəif təchiz olunan dayaq nöqtələrindən məlumatlıdır".
- Məşqlər və təlimlər zamanı əldə etdiyimiz təcrübə sayəsində döyüş meydanında mütləq uğur qazanacağıq, - deyə əsgər Zaur Qüddəsərli söhbətimizə qoşulur. Keçirilən məşqlər və təlimlər döyüş əməliyyatlarının uğurlu təşkilində mühüm rol oynayır. Bu şərəfli vəzifəni yerinə yetirən əsgər xüsusi təlim keçməli, dərin hərbi biliklərə malik olmalıdır. Bundan sonra böyük Qələbədən danışmaq olar. Şəxsi heyətimizin Qələbə üçün tələb olunan vətənpərvərlik, mənəvi-psixoloji və fiziki hazırlığı da kifayət qədərdir. Bu gün Azərbaycan əsgərinin adından çıxış edib deyə bilərəm ki, Vətənimizə göz dikən düşməni çox yaxın vaxtda öz qanlarına boyamağa yetərincə iradəmiz və gücümüz var. Şəhidlərin, körpə uşaqların, qoca anaların, ataların qisasını qiyamətə qoymaq fikrində deyilik. Ali Baş Komandanımızın əmrini gözləyirik ki, bir daha  apreldə olduğu kimi, dünyaya kim olduğumuzu sübut edək”.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR