Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Noyabr 2017 12:07

Təcrübəli rabitəçi

Bu gün həyatımızı rabitəsiz təsəvvür etmək mümkün deyil. Çünki günü-gündən müasirləşən dünyamızda hər sahədə rabitə aparıcı rol oynayır. Elə ordu həyatında da üstünlük təşkil edən rabitə sistemi daim müasirləşir və daha da təkmilləşir. Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki təminatına güclü, müasir rabitə sistemləri daxildir.
Cəbhə bölgəsində yerləşən bölmələrimiz də güclü, dayanıqlı, etibarlı rabitə ilə təchiz edilib. Bu sistemin idarə olunmasında peşəkar rabitəçilərimizin rolu böyükdür. Onlardan biri də "N" hərbi hissəsində rabitə bölməsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Sənan Nəsibovdur. Qazax rayonunun Məzəm kəndində dünyaya göz açıb. Yaşadığı ərazi düşmənlə sərhəddə yerləşdiyinə görə, müharibənin ağrı-acılarını lap uşaqlıqdan hiss edib. Ermənilərin atəşkəsi pozması nəticəsində yaşayış evlərinin dağıdıldığının, dinc əhalinin ömürlük əlil, şikəst olduğunun və şəxsi təsərrüfatlara çoxlu ziyan vurulduğunun şahidi olub. Bütün bunlar Sənanın uşaqlıq yaddaşına hopan acı xatirələrdir. Sənan beləcə illəri başa vurub və 18 yaşı çatanda hərbi xidmətə - Vətənə övladlıq borcunu verməyə gedib. Əsgəri xidmətini Naxçıvan Muxtar Respublikasında keçirib. Tez bir zamanda hərbi vərdişlərə yiyələnir, vəzifə borclarını layiqincə yerinə yetirir, komandirlərinin hörmətini qazanır. Nümunəvi əsgər olur. Hərbi xidmətdən sonra yenidən hərbçi olmağı qarşısına məqsəd qoyur.
Bu gün Sənan rabitə bölməsində nümunəvi hərbçilərdən biridir. Peşəsinin sirlərinə dərindən yiyələnən rabitəçi təlimlərdə həmişə uğur qazanır. Orduda etibarlı rabitənin vacibliyini deyən Sənana görə, rabitə xətti relyefə görə qurulur. "Dağlıq və düzənlik ərazilərdə rabitə sisteminin qaydaya uyğun yerləşdirilməsi onun etibarlılığını daha da möhkəmləndirir. Çünki rabitənin yerləşdirilməsi əraziyə görə seçilir. Gərək, həmin ərazinin relyefinə hərtərəfli bələdçiliyin olsun. Soyuq, qarlı, yağışlı, dumanlı havada ərazini əgər tanımırsansa,  kəsilmiş rabitə xəttinin bərpası çətinləşir. Buna görə də müasir rabitə vasitələrinin sirlərini mükəmməl öyrənmək vacibdir. Artıq rabitə qurğuları daha müasirləri ilə əvəz edilir. Onların taktiki-texniki xüsusiyyətlərini öyrənmək vacibdir. Rabitə bölməsində yeni xidmətə başlayan hərbi qulluqçulara da tövsiyəm odur ki, rabitənin orduda əhəmiyyətini  başa düşüb, vəzifə borclarını məsuliyyət hissi ilə yerinə yetirsinlər."
Bölmələr arasında əlaqə yaradarkən əvvəlcə rabitənin əməliyyata qoşularaq tezliyin çatdırılmasını, rabitənin hansı məsafədə aparıldığını və s. şərtlərə əməl olunduğunu vurğulayan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Sənan Nəsibov onu da bildirdi ki, sənətini çox sevir. “Rabitəçi olmağa da öz arzumla qərar vermişəm. Bu sənətin sirlərini təcrübəli, peşəkar rabitəçilərdən öyrənmişəm. Ən böyük arzum düşmən işğalında olan torpaqlarımızın  azad edilməsində iştirak etməkdir. Qoy, tezliklə Qələbə xəbərini rabitəçilər də  eşidib hər yana çatdırsınlar”.
Sənanın arzularına biz də qoşuluruq və qələbə xəbərinin veriləcəyi günün sorağındayıq.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"