Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Noyabr 2017 11:13

Növbəti səfərlər ümidi ilə...

Dağların zirvəsində yerləşən döyüş mövqeyindən qayıdırıq. Kələ-kötürlü yollarda avtomobili ustalıqla idarə edən, narahatçılığı bizə hiss etdirməyən sürücümüzün fikri yalnız yoldadır, maşını sərbəst idarə etmək bacarığı ilə hamını heyran edir.
Hərbi hissəyə daxil olduqdan sonra sürücü maşınını avtomobil parkına aparır. Kənardan dayanıb seyr edirəm. Avtomobilinə texniki qulluq göstərməyi də diqqətimi cəlb edir.
Söhbət əsnasında 10 ildən artıq xidmət etdiyini öyrənirəm. Gənc yaşlarından hərbi formalılara həsrətlə baxdığını deyən çavuş Vüqar Orucov bildirir ki, sürücülük asan peşə deyil. "Hərbi sürücülük isə daha çətindir, ağır və mürəkkəb hərbi texnikanı idarə etmək yüksək bacarıq tələb edir. Bu maşınları təkcə asfalt yolda deyil, ekstremal şəraitdə idarə etmək lazım gəlir. Hərbi texnikanın sükanı arxasına keçdikdə bu məsuliyyətin hamısını öz çiyinlərimə götürürəm". Həmsöhbətim avtomobil və texnikaların həmişə “səfər” vəziyyətində olduğunu bildirir: "Hər an həyəcan siqnalı verilə bilər. Texnikalarımızın təyin olunmuş əraziyə vaxtında çatması üçün onlar daim saz vəziyyətdə olmalıdır. Bunun üçün də maşınlara daim yüksək texniki qulluq göstəririk".
Fikir verirəm, bir an da gözünü avtomobilindən ayırmayır.
- Texnikaları təmiz saxlamaq onların ömrünü uzadır, çatışmazlıqların aradan qaldırılması isə onların daim səfərə hazırlığını təmin etmək məqsədini daşıyır, - deyə həmsöhbətim bildirir: - Avtomobili idarə etmək asandır, razıyam. Hamı bacara bilər. Yalnız bu bir dəmir parçasıdır ki, buna heç vaxt etibar etmək olmur. İstənilən an hər hansı bir detal sıradan çıxa bilər. Bunun üçün idarə etdiyin avtomobilin, texnikanın bütün incəliklərini bilməlisən ki, nasazlıq olanda tez aradan qaldırıb verilən tapşırığı vaxtında yerinə yetirə biləsən".
Çavuş V.Orucova görə, maşını yaxşı idarə etmək üçün yol hərəkəti qaydalarını da mükəmməl bilmək vacibdir. “Hərbi texnikalarla səfərə çıxanda hər zaman diqqətli olmaq lazımdır".
Sürücümüzün əlini sıxıb növbəti səfərlərinin Laçına, Kəlbəcərə, Şuşaya... da təsadüf etməsini arzulayıram.
Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR