Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Noyabr 2017 11:10

“Şəhidlər ölməzdirlər”

Müəllim hər birimizin həyat yolunu işıqlandıran, bizə elm, bilik öyrədən və bu yolda ömrünü şam kimi əridən müqəddəs peşə sahibidir. Bu adı  şərəflə daşıyan, ömrünü şagirdlərinə həsr edən müəllimlərdən biri də Dursun Abdullayevadır.
Dursun müəllimin pedaqoji fəaliyyəti 42 ildən artıq bir dövrü əhatə edir. Bu gün vaxtilə onun dərs dediyi şagirdlər arasında neçə-neçə həkim, müəllim, hərbçi, mühəndis və digər sənət sahibi var. Onlar ilk müəllimlərini heç vaxt unutmur, hər zaman xatırlayır, vaxtaşırı onun görüşünə gedirlər. Eyni zamanda onların arasında ölkədən kənarda Vətənimizi təmsil edənləri də yetərincədir.
Onun da dərs dediyi şagirdlərdən bir çoxu Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb, Vətən, torpaq uğrunda döyüşüb. Yetirmələri arasında ordumuzun peşəkar zabitləri olaraq ömürlərini Vətənə xidmətə həsr edənlər də var. 
Qəzetimizin "Ordu və cəmiyyət" rubrikasının qonağı olan Dursun Abdullayeva  Şəki rayon Kiş kənd Heydər Əliyev adına 4 saylı tam orta məktəbdə çalışır. Uzunmüddətli pedaqoji təcrübəyə malik müəllim təhsilin hər zaman   xalqın, millətin həyatında böyük rol oynadığını qeyd edir. "Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, elm, təhsil, mədəniyyət sahəsində əldə etdiyimiz nailiyyətlər, Azərbaycan xalqının bugünkü yüksək təhsil, elm, mədəniyyət səviyyəsi, şüur səviyyəsi - bunların hamısı ilk növbədə müəllimlərin xidmətlərinin nəticəsidir.”
Əlbəttə, hər bir vətəndaşın həyatda uğur qazanmasının yolu təhsildən başlanır. Ona görə də Ümummilli Liderimiz cəmiyyətə və dövlət quruculuğuna bir sistem halında yanaşaraq, burada təhsilin də yerini müəyyənləşdirməyi heç vaxt unutmurdu. Dursun müəllimə görə, bu prosesdə uğurla iştirak etmək üçün insan müasir təhsilə malik olmalıdı. "Dərs dediyim məktəb Ulu Öndərimizin adını daşıyır. 2002-ci ildə rayonumuza gələrkən elm, təhsil, mədəniyyətlə  maraqlanan ümummilli liderimiz Heydər Əliyev qədim Kiş kəndində hazırda dərs dediyim müasir təhsil kompleksinin tikilməsinə xüsusi göstəriş vermişdi. Bu gün çox qürurluyam ki, Ulu Öndərin adını daşıyan məktəbdə çalışıram".
Ordu ilə cəmiyyətin vahid birliyindən danışan müəllim onu da vurğuladı ki, hər bir dövlət öz ordusu ilə möhtəşəm olur. “Ordu güclüdürsə, onun dövləti də sarsılmazdır. Hamıya bəllidir ki, nankor qonşularımız olan ermənilər çörəyimizi yeyib sonradan bizə dönük çıxıblar. Onların nə yurdu olub, nə də məkanı bilinib. Tarix boyu onun-bunun torpağında sığınacaqlar tapıblar və həmin torpaqlara yiyələnməyə can atıblar. Bu gün yenilməz ordumuz ərazi bütövlüyümüzün təmin olunması üçün Ali Baş Komandanın əmrini gözləyir və mütləq bu vəzifənin öhdəsindən gələcəkdir".
Müsahibim ordumuzun keçən il aprel döyüşlərindəki qələbələrinin düşmənə böyük zərbə olduğunu bildirərək dedi ki, bu xəbər bütün Azərbaycan xalqının böyük sevincinə səbəb oldu, şanlı, qüdrətli Azərbaycan Ordusu düşmənə nəyə qadir olduğunu bir daha sübut etdi. “Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji ruhu yüksəkdir. Hərbçilərimizdə döyüş əzmi var. Ordumuzun aprel qələbəsi dünyaya göstərdi ki, Azərbaycan xalqının gözü heç kimin torpağında deyil, bu xalqın övladları haqq işi uğrunda, öz torpağı uğrunda döyüşür və şəhid olur. Bu möhtəşəm qələbə ilə Azərbaycan Ordusu regionun ən güclü ordusu olduğunu bir daha təsdiqlədi. Bizim ordumuz, dövlətimiz sülhsevər, vətənpərvər və haqq-ədalət tərəfdarıdır. Biz yalnız öz torpaqlarımızı qoruyur, ərazi bütövlüyümüzü təmin etmək üçün mübarizə aparırıq. Odur ki, qələbə bizimlədir".
Onu da qeyd edim ki, Dursun Abdullayeva ordumuzun şəhid zabiti Aqşin Abdullayevin anasıdır. Orduya qırılmaz tellərlə bağlı olan müəllim şagirdlərinə illərdir ki, Azərbaycanın peşəkar Silahlı Qüvvələrini təbliğ edir, hərbçilərimizin peşə borcunun nə qədər müqəddəs olmasından danışır.
Həmsöhbətim qeyd etdi ki, şagirdlərinə ordumuzun aprel zəfərindən, hərbçilərimizin qəhrəmanlığından böyük həvəslə danışır. "Həmin ərəfədə vahimə və qorxu içərisində olan ermənilər silah-sursatlarını atıb qaçırdılar. Canlarını qurtarmaq istəyən erməni əsgərləri artıq özləri də başa düşmüşdülər ki, başqasının torpağında oturmaq heç də asan iş deyil, başqa dövlətin torpağını zəbt etmək işğalçılıq əməlidir. Bu, həm də bir daha onu sübut etdi ki, erməni həmişə qorxaq, ziyankar, hiyləgər, xəyanətkar olub və çörəyi də dizinin üstədir. Yüzlərlə zabit və əsgər itirən düşmən artıq Azərbaycan Ordusunun qarşısında aciz olduğunu həmin günlərdə dərindən anladı..."
Bu il yeni dərs ilinin ilk məşğələsinin aprel döyüşləri və Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsinə həsr olunduğunu, mövzu barədə şagirdlərinə geniş və ətraflı məlumat çatdırdığını söyləyən Dursun müəllim bildirdi ki, Vətən yolunda, ərazi bütövlüyümüz uğrunda şəhid olan oğullarımızın qanı yerdə qalmayacaq. "Biz şəhid valideynləri övladlarımızın Vətən yolunda şəhid olması ilə qürur duyuruq. "Təki Vətən yaşasın!" deyirik. Axı oğul düşmən çəpəridir deyiblər. Bütün şəhid analarına üzümü tutub deyirəm: başlarınızı uca tutun. Fəxr edin ki, övladlarımız şərəflə döyüşüb, Vətən yolunda canlarından keçiblər. Bilin ki, şəhidlər Tanrı dərgahının ən uca zirvəsinin - şəhidlik zirvəsinin əbədi sakinləridir. Bir şeirdə deyildiyi kimi:
Şəhidlər ölməzlərdir,
Ölməzi ağlamazlar...
Biz inanırıq ki, tezliklə ordumuz ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində torpaqlarımızı işğaldan azad edəcək və üçrəngli bayrağımız işğal altında olan torpaqlarımızda dalğalanacaq".
Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"