Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Noyabr 2017 11:06

Cəsurluq, fədakarlıq unudulmur

Cəmşid  Naxçıvanski adına Hərbi Liseydə qəhrəmanların xatirəsi həmişə ehtiramla yad edilir. 1995-ci ilin 25 oktyabrında "Ulduz" stansiyası ilə "Nərimanov" stansiyası arasında törədilən təxribat nəticəsində onlarla vətəndaşımızı itirdik. Bu dəhşətli faciədən uzun illər ötsə də, o qanlı hadisə unudulmur.
Baş verən qanlı faciə zamanı yaralananlara kömək edənlər arasında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin zabiti, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş baş leytenant Çingiz Babayev və "İgidliyə görə" medalı ilə təltif olunmuş kursantlar Samir Məmmədov, Ruslan İsayev və Nicat Səfərov da olub.
Faciənin ildönümü ərəfəsində C.Naxçıvanski adına Hərbi Liseyin zabitləri, kursantları və müəllimləri  Azərbaycanın Milli Qəhrəmanı baş leytenant Çingiz Babayevin və kursant Samir Məmmədovun məzarını ziyarət etdilər.
Əvvəlcə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Babayevin Yasamal qəbiristanlığındakı məzarı ziyarət olundu. Kapitan Fərid Rüstəmli başda olmaqla kursantlar qəhrəmanın məzarı  üzərinə qərənfillər düzdülər və xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sonra kursantlar Badamdar qəsəbəsində "İgidliyə görə" medalı ilə təltif olunmuş kursant Samir Məmmədovun xatirəsini hörmətlə yad etdilər. Samirin atası Nadir Məmmədov oğlu haqqında kursantlara qısaca məlumat verdi: 
- Mənim də oğlum bir vaxtlar zabit olmaq istəyirdi, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alırdı. Yaxşı oxuyurdu. İnanırdım ki, o gələcəkdə peşəkar hərbçi olacaq. Metroda baş vermiş faciə onun ömrünü də, arzularını da yarımçıq qoydu.  Övladımın xatirəsini əziz tutduqlarına görə C.Naxçıvanski adına Hərbi Liseyin rəhbərliyinə minnətdarlığımı bildirirəm.
Kapitan Fərid Rüstəmli, Hərbi liseyin tərbiyəçi müəllimi Məhərrəm Fərziyev, kursantlardan Səbuhi İbrahimli, Yusif Baqıyev, Elmin Əliyev və başqaları çıxış edərək bildirdilər ki, bu cəsur oğulların adlarını həmişə uca tutacaq, qəhrəmanlığı, igidliyi onlardan öyrənəcəklər.
Tədbirin davamı olaraq onların xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Mayor Natiq Rəhimov dəvət olunan qonaqları iştirakçılara təqdim etdi. Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Mərasim iştirakçıları Azərbaycan Respublikasının Dövlət himnini oxudular.
Çıxış edənlər baş leytenant Çingiz Babayevin və kursantların faciə zamanı göstərdikləri qəhrəmanlıqdan söhbət açdılar:
Rejissoru Elnur Əliyev olan "O qatar çatmadı mənzil başına" sənədli filmi nümayiş olundu. Filmdə zabit və kursantların igidliyindən, cəsurluğundan ətraflı söhbət açılır.
Sonra Hərbi liseyin müəllimi Yengibar Müzəffərovun rəhbərliyi ilə hazırlanmış "Qəhrəmanlar ölməzdir" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülsəda Quluqızı Çingiz Babayevə həsr etdiyi şeirini oxudu.
Kursant Samir Məmmədovun atası Nadir Məmmədov çıxış edərək övladının uşaqlıq və gənclik illərini xatırladı. Onun həyatında baş vermiş maraqlı hadisələrdən danışdı.
Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey