Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Noyabr 2017 10:29

Əsgərlər bilik yarışmasında

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, oktyabrın 29-da "N" hərbi hissəsində "Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır" devizi ilə müsabiqə keçirildi. Müsabiqədə bölmələrin şəxsi heyətindən ibarət üç komanda yaradıldı. Komandalara şərti olaraq işğal altında olan bölgələrimizin - Kəlbəcər, Şuşa və Laçın rayonlarının adları verildi. Suallar Azərbaycan tarixini əhatə edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından müasir dövrümüzə qədər xalqımızın keçdiyi inkişaf yolu, ordumuzun yaranması və inkişaf mərhələləri, dövlət rəmzləri, həmçinin 2016-ci ilin aprel döyüşlərinə aid suallar müsabiqənin şərtlərinə daxil edilmişdi.
Bir qrup əsgərin qatıldığı bilik yarışmasında mayorlar Məhəmməd Əliyev və Çingiz Cəbiyevdən ibarət münsif heyəti tərəfindən qaliblər müəyyən edilirdi.
Müsabiqənin keçirilməsində əsas məqsəd şəxsi heyətə tariximizi təbliğ etmək, onlarda Vətənə, xalqa, dövlətçiliyə hörmət və sevgi hissləri aşılamaq, vətənpərvərlik duyğularını inkişaf etdirməkdən ibarətdir.
Yarış başlamazdan əvvəl ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Sualların səsləndirilməsi ilə başlanan müsabiqə bir neçə saat davam etdi.
Sonda verilən sualları daha dəqiq cavablandıran "Şuşa" komandası adını birinciliyə yazdırdı. "Kəlbəcər" ikinci, "Laçın" isə üçüncü oldular.
"Şuşa" komandasının rəhbəri əsgər Nail Abbaszadəyə üzərində "Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır" sözləri əks olunmuş kubok təqdim edildi. İkinci və üçüncü yerlərin sahiblərinə isə hərbi hissə komandiri adından fəxri fərman verildi.
Müsabiqədə qalib olan "Şuşa" komandasının sevincinə şərik olduq. Əsgər Nail Abbaszadə ürək sözlərini bölüşərək dedi:
- Biz çox sevinirik ki, üç komanda arasında keçirilən müsabiqənin qalibi olduq. Mən orta məktəb illərində də həmişə tarix fənninə maraq göstərmişəm. Tariximizi yaxşı bilməliyik ki, ermənilərin torpaqlarımıza ərazi iddialarının yalan olduğunu bütün dünyaya çatdıraq. Bu gün ordunun əsgəri və sabah cəmiyyətin bir üzvü kimi yaxşı dərk edirik ki, ermənilərin yaşadığı bütün torpaqlar Azərbaycan dövlətinin tarixi əraziləridir. Çox keçməyəcək ki, Ali Baş Komandanımızın əmri ilə ordumuz işğalda olan torpaqlarımızı son qarışına qədər azad etmək üçün vuruşacaq, düşməni Vətənimizdən qovub çıxaracaqdır.
Söhbətim zamanı öyrənirəm ki, gənc əsgər Göygöl rayonundan hərbi xidmətə çağırılıb. 4 aydır ordu həyatı yaşayır. Hələ gənc əsgərlərin təlim mərhələsində olan bu əsgərimizin sözlərindən bir daha başa düşülür ki, istər Azərbaycan xalqı, istərsə də ordumuzun şəxsi heyəti Qarabağımızın düşmən tapdağında olması ilə barışmır, hər an torpaqlarımızın azadlığı uğrunda vuruşmağa hazırdır.
Komandanın digər üzvləri də qeyd etdilər ki, əgər öz yaşadığın yerin, oxuyub təhsil aldığın, boya-başa çatdığın yurdun keçmişini, bu gününü yaxşı bilməsən, onu layiqincə qorumaq mümkün olmayacaq. Bir sözlə, hər kəs əsl vətəndaş olmaq üçün mənsub olduğu xalqın tarixini dərindən öyrənməli və öz Vətəni ilə qürur duymalıdır.
Müsabiqə sona çatdıqdan sonra əsgərlər Heydər Əliyev Mərkəzində filmə baxdılar.
Məhəmməd NƏSİRLİ "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR