Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Noyabr 2017 10:25

Azərbaycan düşmənlə müqayisədə tam üstünlüyə malikdir

Ordu quruculuğu vahid tarixi bir prosesdir. Bu proses xalqın mənəvi keyfiyyətləri ilə dolğunlaşır. Dünyada müstəqil dövlətlərin təcrübəsindən məlumdur ki, ordu dövlətin suverenliyini və onun ərazi bütövlüyünü təmin etmək üçün yaradılan əsas qüvvədir. Ona görə də ordu dövlət quruculuğunun tərkib hissələrindən biridir. Azərbaycanda ordunun daim gücləndirilməsinin, döyüş qabiliyyətinin daha da artırılmasının və bu məqsədlə yeni, müasir hərbi sənaye güclərinin yaradılmasının dövlətin prioritet hədəfləri sırasına daxil edilməsi həm də onunla şərtlənir ki, respublikamız bədnam qonşularımız tərəfindən elan olunmamış müharibəyə cəlb olunub. Bu müharibə nəticəsində ölkə ərazisinin təxminən 20 faizi işğala məruz qalıb, 1 milyondan artıq soydaşımız doğma yurd-yuvalarından zorla qovularaq qaçqın vəziyyətə düşüb.
 Hazırda Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan sərhədlərinin bərpası, BMT Təhlükəsizlik Şurasının işğal edilmiş ərazilərimizin qeyd-şərtsiz azad edilməsi ilə bağlı 4 qətnaməsinin tələblərinin yerinə yetirilməsi üçün səylərini  əsirgəmir. Dövlətimizin sülh danışıqlarına önəm verməsi, ilk növbədə xalqımızın humanizm ənənələrinə sadiqliyinin təzahürüdür. Ancaq Ermənistan  bundan sonra da sülh danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirsə, Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü gündən-günə möhkəmlənən ordusunun gücü ilə təmin etmək məcburiyyətində qalacaq. Bununla bağlı ölkə Prezidenti İlham Əliyev Azərbaycan dövlətinin mövqeyini ifadə edərək bildirib ki, Azərbaycan ordu quruculuğuna daha da böyük diqqət göstərir, göstərəcəkdir, çünki danışıqlar nəticə verməsə, bizim başqa yolumuz qalmayacaqdır.
Azərbaycanın ordu quruculuğunda aparılan islahatların milli təhlükəsizliyimizə xidmət etdiyini "Düşmənin hücumlarının qarşısını qətiyyətlə alan və xeyli canlı qüvvə itirən Ermənistana layiq olduğu cavabı verən Azərbaycan əsgərlərinin mətanəti göstərdi ki, dünya birliyində nüfuzu getdikcə artan, mövqeləri möhkəmlənən, siyasi və diplomatik əlaqələri genişlənən Azərbaycan həm də güclü müdafiə qüdrətinə malikdir" sözləri ilə ifadə edən Ali Baş Komandan vurğulayır ki, biz güclü  hərbi potensiala malikik. “Artıq bu,  müxtəlif vaxtlarda nümayiş etdirilib. Hərbi təlimlərdə və paradlarda bizim texnikamız nümayiş etdirilir. Amma bizim ən böyük gücümüz əsgərlərimizin cəsarəti, vətənpərvərliyidir."
Bəli, siyasi-iqtisadi inkişaf kontekstində ordu quruculuğunun təkmilləşdirilməsi üçün aparılan islahatlar inkişafın Azərbaycan modelinin əsas prioritetlərindəndir.  Son illərdə Azərbaycanın iqtisadi qüdrətinin artması, maliyyə imkanlarının genişlənməsi ordu quruculuğu ilə bağlı qarşıya qoyulan hədəfləri reallaşdırmağa imkan verib. Azərbaycanın dövlət büdcəsində ən böyük xərclər məhz ordu quruculuğu üçün nəzərdə tutulub. Son 10 ildə ölkəmizin dövlət büdcəsində ordu üçün nəzərdə tutulan xərclər 20 dəfədən çox artıb.
Hazırda ordumuzun arsenalında olan ən müasir silahlar, tanklar, artilleriya qurğuları, döyüş təyyarələri və digər texnikalar düşmənin istənilən hədəfini məhv etməyə qadirdir. Təsadüfi deyil ki, 2014-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi Azərbaycan Ordusunun qüdrətini bir daha nümayiş etdirmişdi. O zaman ümumilikdə, təlimlərə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemi, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş helikopteri cəlb olunmuşdu. Təlimlər zamanı Silahlı Qüvvələrimizin qarşısına qoyulan bütün tapşırıqlar yüksək səviyyədə yerinə yetirilmişdi ki, bu da şəxsi heyətin peşəkarlığının, döyüş hazırlığının təsdiqi idi.
Beynəlxalq əlaqələrə gəldikdə isə, bölgədə ən qüdrətli orduya malik Azərbaycanın NATO tərəfindən yaradılmış Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması, "Sülh Naminə Tərəfdaşlıq" proqramına qoşularaq hərbi təlimlərdə iştirak etməsi ordumuzun NATO standartları səviyyəsində hazırlıqlı olmasının göstəricisidir. Ölkəmizi bu qurumda ləyaqətlə təmsil edən hərbçilərimizin təlimlərdə hərbi hazırlığının beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilməsi hər bir azərbaycanlıda qürur hissi doğurur.
Ölkəmizdə hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə mühüm layihələr icra olunur. Silahlı Qüvvələrimizin şəxsi heyətinin həyat şəraitinin yaxşılaşdırılması məsələsinə xüsusi diqqətlə yanaşan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə çox mühüm və ardıcıl tədbirlər həyata keçirilir. Növbəti il üçün dövlət büdcəsində hərbi xərclərin yenidən artırılması da bu siyasətin davamlı olduğunu sübuta yetirir.
Orduda aparılan islahatlardan danışarkən qeyd olunmalıdır ki, Silahlı Qüvvələrimizin şəxsi heyətinin xidmət şəraiti getdikcə daha da yaxşılaşır. Bir çox hərbi hissələr müasir, dünya standartlarına cavab verən  yeni  hərbi şəhərciklərlə əvəz olunur. Bu da şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının artırılmasına güclü təkan verir.
Ali Baş Komandan İlham Əliyev ordu quruculuğundan danışarkən qeyd edir ki, ordu quruculuğu prosesi, təbii ki, təkcə maddi-texniki təminatla məhdudlaşmır. "Döyüş qabiliyyəti, əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu mühüm yer tutur. Mən tam əminliklə deyə bilərəm ki, bu baxımdan Azərbaycan Ordusu güclü ordular sırasındadır".
Ordu quruculuğu sahəsində nailiyyətlər qazanan Azərbaycanın uğurlarından ehtiyatlanan ermənipərəst qüvvələrin narahatlığının heç bir əsası olmadığını "Müdafiə məsələlərini həll etmək Azərbaycanın suveren hüququdur" sözləri ilə bildirən Ali Baş Komandan İlham Əliyevin tez-tez cəbhə bölgəsində olması zabit və əsgərlərimizin döyüş əhval-ruhiyyəsini artırmaqla xalq-ordu birliyini daha da möhkəmləndirir.
Müzəffər Azərbaycan Ordusunun keçən il aprelin əvvəllərində düşmən təxribatının qarşısını alaraq əks-hücumla 2 min hektar ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradə və qətiyyətini, habelə xalqımızın böyük dəstəyini hiss edən  Silahlı Qüvvələrimiz 1994-cü il mayın 12-də imzalanan atəşkəsdən sonra ilk irimiqyaslı hərbi əməliyyatında yüksək taktiki və strateji hazırlıq səviyyəsini və işğal altında olan torpaqlarımızı azad etmək əzmini bir daha nümayiş etdirdi.
Azərbaycan Ordusunun cəmi bir neçə gündə həyata keçirdiyi uğurlu əks-hücum nəticəsində düşmənin çoxlu sayda canlı qüvvəsinin və zirehli texnikasının məhv edilməsi xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı. Bir daha təsdiqləndi ki, ötən illər hədər getməyib. Azərbaycanda təməli ulu öndər Heydər Əliyev tərəfindən yaradılan müasir ordu quruculuğu sahəsində görülən işlər səmərəsini verir.
Hər il ordumuzun keçirdiyi genişmiqyaslı təlimlər Silahlı Qüvvələrimizin peşəkarlıq səviyyəsinin daha da artırılmasına xidmət edir. Bu il Azərbaycan "Beynəlxalq Ordu Oyunları-2017" yarışlarına ev sahibliyi etdi. Mayın əvvəllərində Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri, sentyabrın 18-dən 30-dək  yenə də iki qardaş dövlət arasında hərbi əməkdaşlıq planına əsasən Hərbi Hava Qüvvələrinin iştirakı ilə "TurAz Qartalı-2017" birgə taktiki uçuş təlimləri keçirildi.
İrimiqyaslı hərbi təlimlər ordu quruculuğunda aparılan islahatlara məqsədyönlü istiqamət verir. Bildiyimiz kimi, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə orduda məqsədli islahatlar həyata keçirilir. Son dövrlərdə bölgələrdə çoxlu sayda  hərbi hissələr sökülərək yerində daha müasirləri tikilib və  şəxsi heyətin istifadəsinə verilib. Bununla da hərbi qulluqçularımız üçün rahat, əlverişli şərait qurulub. Artıq 3 ildir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən orduda "Açıq qapı" günləri keçirilir. Həmin tədbirlərdə əsgər valideynləri, ictimaiyyət nümayəndələri, hər kəs hərbi hissələrdə yaradılan şəraitlə yaxından tanış olmaq imkanı qazanır.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov tez-tez cəbhə bölgəsində Vətənin keşiyində ayıq-sayıq dayanan əsgərlərimizlə görüşür, onların qayğılarıyla maraqlanır, xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırır. Bütün bunlar şəxsi heyətin döyüş ruhunu artırmaqla ordu quruculuğunda aparılan islahatlara güclü təkan verən amillərdir.
Azərbaycan Ordusu bu gün nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır - həm hərbi potensialına, həm də döyüş qabiliyyətinə görə. Azərbaycan gücləndikcə ordumuz da güclənəcəkdir. Dövlət başçımızın "Mən Ali Baş Komandan kimi bundan sonra da ordu quruculuğuna, ordunun inkişafına öz dəstəyimi verəcəyəm" sözləri ordumuzun şəxsi heyəti qarşısında böyük məsuliyyət deməkdir. Şübhəsiz, bu inamı, etimadı doğrultmaq üçün Azərbaycan zabiti, əsgəri döyüş vərdişlərini durmadan artıracaqdır.
Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu", fotolar arxivdəndir