Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Noyabr 2017 10:21

“Qəhrəmanlar sırasında olmaq bizim də arzumuzdur”

Silahlı Qüvvələrimizdə döyüş hazırlığının yüksəldilməsi şəxsi heyətin qarşısında duran başlıca vəzifədir. Ordunun döyüş potensialında öz yeri olan artilleriya bölmələri də peşəkarlığını günü-gündən artırır. Tarix boyu müharibə meydanında öz sözlərini deyən topçularımız bu gün də qəhrəmanlıq ənənələrini qorumaqla, döyüş hazırlığı sahəsində yeni-yeni nailiyyətlər qazanırlar. Həmişə fərəhlə xatırladığımız Əlağa Şıxlinski və Səməd bəy Mehmandarov kimi artilleriyaçı sərkərdələrimizin adı Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Bu vətənpərvər hərb xadimləri keçmiş rus ordusunda tam artilleriya generalı rütbəsinə qədər yüksəliblər.
Məşhur sərkərdələrin davamçıları olan artilleriyaçı zabit və əsgərlərimiz Vətənimizə şərəflə xidmət edir, öz döyüş bacarıqlarını gündən-günə artırırlar.  Döyüş bölgəsində yerləşən hərbi hissələrə hər zaman həvəslə yollanıram. Vətənin keşiyində dayanan əsgərlərlə söhbətimiz zamanı onların yüksək döyüş ruhu insana könül xoşluğu verir.
Budur, artilleriya bölmələrindən birinin şəxsi heyəti döyüş hazırlığı məşğələsində peşə vərdişlərini yüksəltməklə məşğuldu. Hər bir heyət üzvü öz vəzifəsinin öhdəsindən layiqincə gəlməyə çalışırdı. Bir anlıq məşğələdə olduqlarını unudub sanki düşmən üzərinə  mərmi yağdıracaqmış kimi hərəkət edirdilər.
- Bu dəqiqə döyüş əmri verilsə, topçular tapşırıqlarını əzmlə yerinə yetirməyə hazırdılar, - zabit İntiqam Məhərrəmov dedi. - Hazırda artilleriya bölməsində atışın idarə olunması məşğələsi keçirilir. Dərsin məqsədi düşmənin mövqelərdə yerləşən canlı qüvvə və atəş vasitələrini, eləcə də döyüş texnikalarını, digər heyətləri susdurmaq və məhv etmək mövzusunda şəxsi heyətin bilik və bacarığını artırmaqdır.
Dərs zamanı şəxsi heyət atəş mövqeyini tutur, toplar və cihazlar döyüş vəziyyətinə gətirilir. Komanda-müşahidə məntəqəsindən müəyyən edilən hədəflərin parametrləri rabitə vasitəsilə atəş mövqeyinə ötürülür. Batareyanın baş zabiti komandanı qəbul edərək topu hədəfə atəş açmağa hazırlayır və hazırlıq barədə komandirə məruzə edir.
- Top döyüşə! - komandası verilir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Ağasif Quliyev əmri heyət üzvlərinə təkrar çatdırır. Əsgərlər vəzifə bölgüsünə uyğun olaraq cəld hərəkətlə qurğunu döyüşə hazır vəziyyətə gətirirlər. Baş tuşlayıcı əsgər Sərxan Baxşıyev optik cihazı qılafından cihazın səbətciyinə bərkidərək sıfır vəziyyətinə gətirir. Top komandirinin dediyi göstəriciləri qurğunun panoramında müəyyənləşdirib məruzə edir. Digər topçular qundaq qolunu açıb, klini döyüş vəziyyətinə gətirdikdən sonra öz yerlərini tuturlar. Top komandiri dərhal bayrağı qaldırıb heyətin döyüşə hazır olduğunu bildirir.
- Mütəmadi keçirilən təlimlərdə bütün heyət üzvləri lazımınca məşq etdiyi üçün məşğələdə çətinlik çəkmədən topu normativə uyğun döyüş vəziyyətinə gətirdilər, - baş leytenant Elşad Xəlilov bildirdi. - Bütün əsgərlərimiz döyüş şəraitində xidmət etdiklərinin, torpaqlarımızın 20 faizinin işğalda olduğunun fərqindədirlər. Bu səbəbdən də hər biri xidmətinə məsuliyyətlə yanaşır, düşmənlə müqayisədə üstünlüklərini sübut etməyə çalışır. Bir növ aralarında sağlam rəqabət var, bu rəqabət isə onları daha da ruhlandırır. Beləliklə, hər biri peşəkar döyüşçü kimi formalaşır. Tabeliyində bacarıqlı əsgərləri olan hər bir komandir döyüş meydanında yenilməz qüvvə, düşmən üçün göz dağıdır. Məşğələ zamanı onların çevikliyinə diqqət etdiniz, belə əsgərlərlə döyüş meydanından yalnız qələbə ilə qayıtmaq mümkündür. Burada hər kəs artilleriyaçı olmağından qürur hissi keçirir. Çünki artilleriya da döyüş meydanında öz sözünü deyir.
Yüksək döyüş hazırlığına malik olmaq bütün Silahlı Qüvvələrin qarşısında duran başlıca vəzifədir. Döyüşdə qələbəni təmin etmək üçün mənəvi-psixoloji cəhətdən də hazırlıqlı əsgərlər yetişdirmək komandirlərin başlıca vəzifəsidir. Bütün qoşun növlərində olduğu kimi, artilleriyaçıların da bu sahədə hazırlığına ciddi fikir verilir.
Məşğələdən sonra heyət üzvləri ilə söhbətləşirəm. Şamaxı rayonundan hərbi xidmətə çağırılan Sərxan Baxşıyev 16 ayın əsgəridir. Top heyətində baş tuşlayıcı vəzifəsində xidmət edir. Ürəyi Vətən, torpaq sevgisi ilə dolu olan əsgər hər an döyüşə hazır olduğunu bildirir.
- Məzuniyyətdə olarkən ən çox eşitdiyim "tərxis olunmağa nə qədər vaxtın qalıb?" sualı idi. Bu suala bir cavabımız var: "Qarabağ azad olunana kimi biz özümüzü daim xidmətdə hiss edirik". Gördüyünüz bu topun sirlərini mükəmməl bilirik. Döyüş əmri verilən gün düşməni məhv edib torpaqlarımızı azad edəcəyik. Bu bizim vətəndaşlıq borcumuz olduğu qədər də mənəvi haqqımızdır.
Əsgər Orxan Həsənov isə Hacıqabul rayonundan hərbi xidmətə çağırılıb. Ali təhsilli əsgər döyüş vəzifəsinin öhdəsindən layiqincə gəldiyini bildirir.
- Heyət nəfəri vəzifəsindəyəm,  - deyir. - Təlimlər zamanı mərmini götürəndə Çanaqqala savaşının əfsanəvi qəhrəmanı Seyit Onbaşı (Seyit Ali Çabuk) haqqında öyrəndiklərim yadıma düşür.  Seyit Çanaqqala savaşı zamanı Rumeli batareyasında heyət nəfəri idi. 18 mart 1915-ci ildə ingilislərin gəmisi Çanaqqala boğazına yaxınlaşmışdı. Səhər saatlarına qədər davam edən döyüş zamanı bir çox top sıradan çıxmış, çoxlu əsgərlər şəhid olmuşdu. Bir neçə əsgərlə sağ qalan Seyit düşmən gəmisinin yaxınlaşdığını görür, əvvəlcə dənizə, gəmilərə, sonra topa və nəhayət, 275 kiloqramlıq mərmiyə baxır. Vətən sevgisi ilə mərmini kürəyinə alır və səndəlləyərək topa yaxınlaşıb vəzifəsini icra edir. "Bismillah" deyib atəş açır. Dəqiq atəş nəticəsində düşmən gəmisi suya batır. Seyit Alinin qəhrəmanlığı hazırda dillərdə dastandır. İstərdim ki, Qarabağ müharibəsində tarixə düşən qəhrəmanlarla birgə mənim də adım çəkilsin.
Tovuz rayonundan hərbi xidmətə çağırılan, 16 ayın əsgəri Eltac Nərimanov da heyət nəfəridir. Onun da ürəyi Vətən sevgisi ilə döyünür, torpaq həsrətində olan soydaşlarımızın nisgilinə son qoymaq onun da məqsədidir.
- Hansı bölgədən gəldiyimizdən, harada doğulduğumuzdan asılı olmayaraq bu gün hər birimizi narahat edən Qarabağ dərdidir. Torpaqlarımızı azad edən gün hamımız şuşalı, kəlbəcərli, qarabağlı olacağıq.
Azərbaycan əsgəri hərbi vərdişlərini artıraraq düşməni yurdumuzdan qovmağa, Azərbaycan bayrağını işğalda olan torpaqlarımızda ucaltmağa qadirdir. Əminəm ki, bir gün Azərbaycanın hər qarışında dalğalanan bayraq hamımızı qürur hissinə bürüyəcək...
Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR