Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Noyabr 2017 10:16

Nurlu bir sabahda görüşəcəyik

Bu vaxta kimi ezamiyyətlərim yaz-yay aylarına, təbiətin oyandığı, qanın damarlarda coşduğu vaxtlara təsadüf edirdi. Həmin çağlarda təbiətin gözəlliyini seyr etməkdən doymaq olmurdu. Onda elə zənn edirdim ki, bölgələrimizin yalnız yazı, yayı gözəldir. Bir-birinə bənzəyən yaşıl təpələr, göz işlədikcə uzanıb gedən çöllər insana sanki təzə nəfəs gətirirdi. Amma bu dəfəki gəlişim payız fəslindədir. Ətrafa nəzər yetirdikcə hər tərəfi gözəlliklər içində gülümsəyən görürəm. Sən demə, təbiətin payızı da gözəlmiş.
Füsunkar mənzərələrdən zövq alan ürəyim xoş notlar üstündə köklənmişdi. Elə bu ovqatla da torpaqlarımızı düşməndən qoruyan Vətən övladlarının görüşünə yollandıq.
Həmişəki kimi bizi hərbi hissədə növbətçi qarşıladı və gəlişimizin məqsədi barədə komandir müavininə məruzə etdi. Zabit Ədalət Hacıyevlə qısa söhbətimiz əsnasında gəlişimizin əsas məqsədinin ön xəttə getmək və Vətənimizin keşiyində dayanan döyüşçülərlə görüşmək olduğunu bildirdik. Zabit Seymur Abıyevlə ön xəttə yola düşdük.
Hava çox bürkülü idi. Nə külək, nə də meh əsirdi. Günəş buludlar arasında bəzən gizlənir, kiçik bir təbəssüm və xəlvəti baxışlarla özünü tamamilə unutdurmurdu. Başqa obalara köçməyə macal tapmamış quşlar da tüklərini qabardaraq hələ də yaşıl yarpaqları olan ağaclarda məskən salmışdı. Keçdiyimiz yollar tozlu, çınqıllı idi. Maşını müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əli İbrahimov idarə edirdi. Yolları yaxşı tanıdığından maşını məharətlə idarə etməyinə söz ola bilməzdi. Hansı istiqamətə gedəcəyimizi yaxşı bilirdi. Hamısı bir-birinə oxşayan çınqıllı yolları, cığırları çox yaxşı tanıyırdı.
Torpaq yollar arxada qaldıqca, ön mövqeyə yaxınlaşırıq. Üzü dağlara tərəf getdikcə hava soyuyurdu. Artıq barıt qoxulu səngərlərə gəlib çatırıq. Təpələrin arasında dərin, səliqəli səngərlər qazılıb. Dünyaya göz açdıqları yurda qəlbən bağlı olan zabit və əsgərlərimizin xidməti burada keçir. Onlar buradan düşməni müşahidə altında saxlayır, qarşılarında dayanan mühüm tapşırıqları yerinə yetirirlər.
Mövqedə leytenant Roman Vəliyevlə görüşürük. Düşmənlə təmas xəttində nisbi sakitliyin davam etdiyini bildirən zabitlə səngərə daxil oluruq. Söhbət zamanı öyrənirəm ki, gənc zabitimiz artıq 2 ildir xidmət edir. Elə ilk xidmət yeri də buradan - səngərdən başlayıb.
Zabitlə söhbətimiz, ancaq əsgərlər barəsində, onların hazırkı şəraiti, qayğıları haqqındadır. Leytenant bildirir ki, bu gün ön xətdə xidmət edən şəxsi heyətin bütün qayğıları ordu rəhbərliyinin diqqət mərkəzindədir.
- Əsgərlərin gündəlik sosial-məişət şəraitinə, keyfiyyətli qidalanmasına ciddi önəm verilir, - zabit deyir. - Onların xidmətinin düzgün təşkil olunması üçün hər bir şərait yaradılıb. Şəxsi heyətin hər bir problemi ilə yaxından maraqlanır, onlardan köməyimizi əsirgəmirik. Əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlığı da yüksək səviyyədədir. Hər kəs Vətənin müdafiəsində dayanmağın mənəvi məsuliyyətini aydın dərk edir və bu vəzifəni yerinə yetirməkdən qürur duyur.
Döyüş növbətçiliyində dayanan əsgərlərimizlə də söhbət edirik. Müşahidə məntəqələrinin birində dayanan əsgər Qurbanəli Əliyev Vətən keşiyində dayanmağın şərəfli və qürurverici olduğunu qeyd etdi. "Düşmənlə üzbəüz xidmət etmək şərəflidir. Biz komandirlərin verdiyi tapşırıqları vaxtında və düzgün yerinə yetirməyə çalışırıq. Düşmən atəşkəs rejimini pozduqda komandirlərimizin əmri ilə qarşı tərəfi dərhal susdururuq və onlara layiqli cavab veririk. Biz düşməndən qorxmuruq. Vətən uğrunda canını verməyə hazırsansa, Vətəni canından çox sevirsənsə, qorxmayacaqsan. Bizlər də Vətənimizi, üstündə boy atdığımız yurdu çox sevirik".
Öyrənirəm ki, əsgərin xidmətinin xeyli hissəsi geridə qalıb. Bu günə qədər o yadda qalan bir xidmət yolu keçib.
Səngər boyu leytenant Roman Vəliyev bir-bir əsgərlərlə bizi tanış edir, onların xidmətindən razılıqla danışır. Xidmətləri ilə qürur duyulan əsgərlərin məğrur baxışları, cəsur olmaqları diqqətimdən yayınmır. Onlardan birini - əsgər Pencalı Xəqaniyevi tanıyaq. Hacıqabul rayonundan xidmətə çağırılan Pencalı 13 aydır atıcı vəzifəsində xidmət edir. "Vətənimizi sevək. Elə sevək ki, onun hər qarışı uğrunda canımızdan keçməyə hazır olaq. Axı Vətən sevgisi imandan gəlir. Bu o deməkdir ki, doğulub boya-başa çatdığın torpağa sədaqət, bağlılıq insanın ruhundan gəlir. Vətəni ruhumuzla, bütün mənliyimizlə sevməliyik", - əsgər deyir.
Diqqətimi çəkən əsgərlərdən biri də İlkin Qədimov oldu. Bakının Qaradağ rayonundan hərbi xidmətə çağırılıb və 10 aydır xidmətdədir.  İlkinin vəzifəsi həm çətin, həm də məsuliyyətlidir. Sanitar-atıcı olan əsgər xidmət müddətində heç bir çətinliklə üzləşmədiyini söylədi.
- Biz qətiyyən düşməndən çəkinmirik. Hər an torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanıb, Ali Baş Komandanımızın döyüş əmrini gözləyirik. Valideynlərimə, dostlarıma söz vermişəm ki, Vətənə layiqli övlad kimi xidmət edəcəyəm. Biz düşmən gülləsiylə ölməyə yox, torpaqlarımızı işğal edən namərdləri öz yuvalarına qovmağa gəlmişik.
Əsgərlərlə söhbətimi bitirdikdən sonra manqa komandiri kiçik çavuş Sədi Feyzullayevlə də tanış olmaq fürsəti tapıram. Sədi 3 ildir xidmət edir. Bura onun ilk xidmət yeri deyil. Başqa hərbi hissələrdə də xidmət edib. Taqım komandiri onun xidmətindən  razılıqla danışdı. Hər bir əsgəri özünə dost, sirdaş hesab edən manqa komandiri onların daim qayğısına qalır, əsl döyüşçü kimi formalaşmaları üçün çalışır. "Ön xətdə xidmət edən əsgərin döyüş peşəkarlığını artırmaq əsas vəzifələrimizdən biridir. Çalışırıq ki, torpaqlarımızın müdafiəsində dayanan gənclər döyüş vərdişlərini, Vətəni qorumağın sirlərini dərindən mənimsəyə bilsinlər."
- Əsgərlər Qamil Əsgərov, Nahid Mehdiyev, Rahil Xuduzadə də söhbətlərində deyirlər ki, xalqımızı, Vətən torpaqlarını qorumaq onlara tapşırılıbsa, deməli, bu, həm də onlara göstərilən etimad deməkdir.
Artıq hava qaralır. Bir azdan ətrafa qaranlıq çökəcək. Amma atalar yaxşı deyib: "Hər qaranlıq gecənin bir nurlu sabahı var". Döyüşçülərimizdən nurlu sabahlarda, qələbə soraqlı günlərdə görüşmək arzusu ilə ayrılıram. Sağollaşanda bildirdilər ki, həmişə yurdumuzun keşiyində ayıq-sayıq dayanacaq, torpaqlarımızı erməni qəsbkarlarından azad etmək üçün hər an döyüşə hazır olacaqlar.
Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR