Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Oktyabr 2017 09:53

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərs

(İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)
Mövzu: Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin siyasi-iqtisadi əsasları və dövlət hakimiyyəti haqqında. Dövlət institutları arasında Silahlı Qüvvələrin rolu və yeri.
 İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan tarixinə dair tarixi və bədii ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.
Suallar:
1. Azərbaycan Respublikasının Konstitusiyası dövlət hakimiyyəti haqqında.
2.Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin siyasi-iqtisadi əsasları haqqında.
3. Dövlət institutları arasında Silahlı Qüvvələrin rolu və yeri.
Azərbaycan Respublikasının Konstitusiyası dövlət hakimiyyəti haqqında
Azərbaycan Respublikasının Konstitusiyası - dövlətimizin Əsas Qanunu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sədrliyi ilə yeni konstitusiya layihəsi hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində - referendum yolu ilə qəbul edilmiş və 1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir. 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən referendumlarda Azərbaycan Respublikasının Konstitusiyasına bir sıra dəyişikliklər edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasında dövlət hakimiyyəti haqqında aşağıdakı məqamlar açıqlanır:
- Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir;
-  sərbəst və müstəqil qaydada öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir;
- xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur;
-  Azərbaycan xalqı vahiddir. Azərbaycan xalqının vahidiyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz Vətənidir. Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin siyasi-iqtisadi əsasları haqqında
Azərbaycan dövlətinin siyasi əsasları aşağıdakılardır:
Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:
- qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;
- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
- məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkəmizin daxilində və xarici münasibətlərində Azərbaycan dövlətini təmsil edir.
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir.
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı müqavilələrə riayət olunmasının, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.
Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.
Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Milli Məclisin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər.
 Azərbaycan dövlətinin iqtisadi əsasları aşağıdakılardır:
- Azərbaycan Respublikasının mülkiyyəti toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Təbii ehtiyatlar hər hansı fiziki və hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur;
- iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq, xalqın rifahının yüksəldilməsinə xidmət edir. Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir;
- Azərbaycan Respublikasının pul vahidi manatdır. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Milli Banka mənsubdur. Milli Bank dövlətin müstəsna mülkiyyətidir;
- Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır.
Dövlət institutları arasında Silahlı Qüvvələrin rolu və yeri.
Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra dövlət qurumlarının, o cümlədən Silahlı Qüvvələrin yaradılması zəruri oldu. Bu həm də ölkəmizin erməni təcavüzünə qarşı mütəşəkkil şəkildə mübarizə aparması üçün lazım idi. Bir sözlə, Silahlı Qüvvələrin formalaşdırılması üçün hüquqi zəmin yaradılmasına ehtiyac var idi.
Azərbaycan Respublikasının keçmiş ali qanunverici orqanı olan Ali Sovet 9 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" qanun qəbul etdi və bununla ordunun yaradılması üçün hüquqi təməl yaradıldı. Bu qanun ölkəmizdə hərbi quruculuq prosesinin ilk qanunu idi. Həmin qanunun birinci maddəsində Silahlı Qüvvələrin vəzifələri müəyyən olunur və göstərilir ki, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa, onun dəf edilməsinə xidmət edir".
Azərbaycan Respublikasının Əsas Qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasında da Silahlı Qüvvələrlə və Vətəni müdafiə ilə bağlı maddələr öz əksini tapmışdır. Belə ki, 9-cu maddədə Azərbaycan Respublikasının öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaratdığı, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı olduğu qeyd edilir. 76-cı maddədə isə Vətəni müdafiənin hər bir vətəndaşın borcu olduğu, onların qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçməsi vurğulanır. Silahlı Qüvvələrin fəaliyyətini hərtərəfli tənzimləmək üçün bir qanunun yox, qanunlar toplusunun qəbul edilməsi vacibdir. Odur ki, Azərbaycan Respublikasının Milli Məclisi sonrakı illərdə bir-birinin ardınca qanunlar qəbul etdi və onları təkmilləşdirmək məqsədilə əvvəl qəbul edilmiş hüquqi aktlara dəyişiklik və əlavələr edildi. Bu baxımdan 10 iyun 1992-ci ildə qəbul olunmuş "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" qanun ən mühüm qanunvericilik sənədlərindən biri oldu. Bu qanunla Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsgəri vəzifənin əsaslarını, gənclərin hərbi xidmətə hazırlıq qaydalarını, hərbi xidmətə çağırışın qaydalarını və şərtlərini, hərbi vəzifəlilərin və hərbi çağırışçıların hərbi uçot qaydalarını, səfərbərlik üzrə çağırışın və səfərbərlikdən tərxisetmə üzrə buraxılmanın əsaslarını müəyyənləşdirmək, həmçinin Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün kadrlar hazırlamaq, Silahlı Qüvvələrin daimi döyüş və səfərbərlik hazırlığını saxlamaq təsbit edilir. Belə ki, qanunla müəyyən edilmiş hədlərdə və növlərdə hərbi xidmətə yarayan kişi cinsindən olan hər bir vətəndaş ordu sıralarında həqiqi hərbi xidmət keçməlidir.
Bu gün Silahlı Qüvvələrimiz müasir texnika, silah və sursatla təchiz olunmuş, ordunun zabit kadrları ilə komplektləşməsinə, hissə və birləşmələrin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə imkanlar yaradılmışdır.
Quru Qoşunları, Hərbi Dəniz, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının birləşmə və bölmələrində şəxsi heyətin intizamı yüksəlmiş, hərbi nizamnamələrin tələblərinə riayət olunması bərpa edilmişdir. Bütün bunlar şəxsi heyətin az bir müddətdə əsl hərbçi kimi hazırlanmasına və yetişməsinə imkan yaratmışdır. Müxtəlif hərbi ixtisaslar üzrə mütəxəssislərin hazırlanması üçün təlim mərkəzlərində gərgin işlər aparılmış, lazımi maddi-texniki baza və şərait yaradılmışdır.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində müasir standartlara cavab verən tədris bazası mövcuddur. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizirlər, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular və zabitlərin təkmilləşdirilməsi kursları fəaliyyət göstərir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1999-cu il fevralın 20-də imzaladığı fərmana əsasən yaradılmış Silahlı Qüvvələrin Hərbi Akademiyası bu gün də öz fəaliyyətini uğurla davam etdirir.
Silahlı Qüvvələrin bütün növlərində, hərbi hissə və birləşmələrdə komanda-qərargah və taktiki təlimlər, dərslər keçirilir, döyüş hazırlığı yüksək səviyyədə saxlanılır ki, bunu da aprel döyüşləri bir daha sübut etdi.
Əldə olunan nəticələr bir daha sübut edir ki, ordu quruculuğu istiqamətində aparılan dövlət siyasəti Silahlı Qüvvələrimizin möhkəmlənməsinə və peşəkarlığına xidmət edir.
1991-1993-cü illərdə Azərbaycan torpaqlarının 20 faizi düşmən tərəfindən işğal edilib. Azərbaycan dövləti ümummilli liderimiz Heydər Əliyev cənablarının rəhbərliyi altında respublikamızın ərazi bütövlüyünün bərpası üçün bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də çox böyük işlər görmüşdür. Ulu öndərin siyasətinin layiqli davamçısı olan, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının ildönümü münasibəti ilə keçirilmiş irimiqyaslı əməliyyat-taktiki təlimdə iştirak edərkən demişdir: "Azərbaycan Ordusu gündən-günə güclənir. Azərbaycanda ordu quruculuğu prosesi çox uğurla gedir və bu bizə imkan verir ki, hərbi gücümüzü artıraq. Ordu quruculuğu hər bir ölkə üçün çox önəmli məsələdir. Xüsusilə müharibə şəraitində yaşayan ölkə üçün bu, prioritet olmalıdır. Bu, belədir və Azərbaycanda ordu quruculuğu ən prioritet məsələdir. Biz uzun illərdir ki, işğaldan əziyyət çəkirik, torpaqlarımız işğal altındadır. Hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Bunu etmək üçün siyasi və diplomatik səylərlə bərabər, biz güclü orduya malik olmalıyıq və bu proses uğurla gedir. Bu gün Azərbaycan Ordusunun səviyyəsi çox yüksək zirvədədir".
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin qarşısında torpaqlarımızı azad etmək üçün hər an hazır olmaq vəzifəsi durur. Hər bir hərbi qulluqçu dərk etməlidir ki, o öz vəzifə borcunu vicdanla yerinə yetirməklə, döyüş və ictimai-siyasi hazırlıq dərslərində, təlimlərdə hərbi biliklərə dərindən yiyələnməklə, mənəvi-psixoloji və fiziki hazırlığını artırmaqla, intizamlı olmaqla özünü torpaqlarımızın azadlığı uğrunda gələcək döyüşlərə hazırlayır.
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi