Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Oktyabr 2017 09:50

Hər anımız Vətən deyir

Yazıçı Aqil Abbasın ssenarisi əsasında çəkilən "Dolu" filmində bir epizod var: Əsgərlərimiz düşmənlə meşəlik ərazidə qeyri-bərabər döyüşə girirlər. Erməni səngərlərində gizlənən tank və digər  zirehli texnikalar  biz tərəfə atəş aça-aça tez-tez mövqelərini dəyişir. Həmin an filmin əsas qəhrəmanları "Drakon" və "Pələng" arasındakı  dialoq diqqətdən yayınmır: "Bu BTR-lərdən 4-5-i bizdə olsaydı, Əsgəranı çoxdan şumlamışdıq".
Bəli, ötən əsrin 90-cı illərində vətənpərvərliyimiz, milli ruhumuz, düşmənə nifrətimiz aşıb-daşsa da, vahid komandanlıqdan idarə edilən ordumuz, silah-sursat və texnikamız yox idi. Həmin vaxt Naxçıvanda yaşananlar heç də Dağlıq Qarabağ cəbhəsində yaşananlardan geri qalmırdı.  İşğalçı Ermənistan sərhəd boyu hücuma keçərək bu bölgəni də işğal etmək üçün bütün qüvvələrini səfərbər etmişdi.  Moskvadan Naxçıvana qayıdan ulu öndər Heydər Əliyev isə bütün naxçıvanlıları öz ətrafında birləşdirdi. Əhalinin Ümummilli Liderə böyük etimad və inamı hər şeyi kökündən dəyişdi. İnsanlar süngü-bıçaqla, ov tüfəngi ilə doğma torpağın müdafiəsinə qalxdılar.
70 il ürəyimizdə dalğalanan üçrəngli bayrağımız ilk dəfə Naxçıvanda  başımızın üzərinə qalxdı. Dövlət müstəqilliyimizin də ilk addımları məhz burada atıldı və Naxçıvanda ilk milli hərbi hissə yaradıldı. Və o zaman bizə böyük ruh verən ilk hərbi parad da məhz Naxçıvanda keçirildi…
Düz 25 il sonra səhər tezdən, tarixi bir gündə - 18 Oktyabr Dövlət Müstəqilliyi Günündə yuxudan qalxıb böyük həyəcanla hazırlaşıram. Çünki, bir azdan vaxtilə Ulu Öndərin Naxçıvanda yaratdığı ilk milli hərbi hissənin 25-ci ildönümü münasibətilə möhtəşəm hərbi parad keçiriləcəkdi.
Budur, Naxçıvan şəhərinin Heydər Əliyev prospektindən Salvartı zirvəsinə uzanan yol sanki dağların əzəmətindən, vüqarından güc alaraq dalğalanır. Böyük izdihamın gözü sıra meydanında dayanan aslan ürəkli əsgər və zabitlərimizdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Müdafiə naziri general-polkovnik Zakir Həsənov zabit və əsgərlərimizi hərarətlə salamlayır, onları əlamətdar bayramlar münasibəti ilə təbrik edir. Çıxışlardan sonra keçirilən təlimlərdə döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artıran şəxsi heyət nizami addımlarla irəlilədikcə ayaq səsləri ürəklərimizin  səsinə qoşulur. Sanki o an ətrafdakı hər kəsin ürəyindən əsgər olmaq, səngərdə dayanmaq keçir.
Heydər Əliyev adına Hərbi Liseyin kursantları, xüsusi təyinatlılar, kəşfiyyatçılar, sərhədçilər, motoatıcılar, rabitəçilər, qorxmaz şahinlərimiz bir-bir bizi salamlayır...
Budur, Əlahiddə Ümümqoşun Ordunun arsenalında olan ən müasir silah və texnikalar sırada görünür. Onların səsi Ağrıdağdan Haçadağa, Haçadağdan Murova qədər yayılıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrinin  iştirakı ilə keçirilən hərbi parad minlərlə adamın qəlbini riqqətə gətirirdi.
Ordumuzun mexanikləşdirilmiş, motoatıcı, xüsusi təyinatlı, kəşfiyyat, dağ atıcı, tank, reaktiv artilleriya, hava hücumundan müdafiə və rabitə bölmələrinin, Daxili Qoşunların "Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki-müdafiə alayının şəxsi heyəti nizami addımlarla yeri-göyü titrədirdi.
Nə yoxdu, tank əleyhinə idarə olunan "SPAYK" raket kompleksləri, Azərbaycanda istehsal olunan və beynəlxalq sərgilərdə böyük maraqla qarşılanan "Marauder" zirehli döyüş maşınları, pilotsuz uçuş aparatları, reaktiv artilleriya kompleksləri, minaatanlar, tank əleyhinə toplar, "Qrad"lar, "Sakarya", "Qasırğa", "Smerc" yaylım atəşli reaktiv sistemləri, döyüş maşınları, zenit raket kompleksləri, zirehli transportyorlar, özüyeriyən tank əleyhinə komplekslər,  müasir tanklar və özüyeriyən artilleriya qurğuları...
"SU-25" döyüş təyyarələri, "Mİ-17-1V" və "Mİ-35M" helikopterləri ulu Naxçıvan səmasını fəth edərək Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublikadakı birləşmə və hissələrinin güc və qüdrətini bir daha nümayiş etdirdi.
Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sözlərini xatırlayıram: "Naxçıvan Ordusu bu gün güclü ordudur və Naxçıvan Ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir".
Bu gün üstündə gəzdiyimiz bu Vətəni öz qanları bahasına qoruyan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bu torpağı, bu Vətəni bir də ona görə sevirik ki, o bizə şəhidlərimizin əmanətidir. Biz onlarla yaşayırıq, biz onlarla yaşadırıq, biz onlarla yaşlanırıq... Böyük türk şairi Məhmət Akifin təbirincə desək:
Basdığın yerləri "torpaq" deyərək keçmə, tanı:
Düşün altındakı minlərlə kəfənsiz yatanı!!!
Müdriklər deyirlər ki, boş zaman yoxdu, boşa keçirilmiş zaman var. Muxtar Respublikada keçirilən parad bir daha sübut etdi ki, Naxçıvan ötən 25 ildə başdan-başa tikilib-qurulmaqla, yenilənməklə bərabər, həm də gücünə güc qatıb. Əlincə yenilməzliyi qazanıb, qüdrətli orduya sahib olub.
Az qalıb, çox az qalıb. Bu gün parada çıxan zirehli texnikaların səsi Naxçıvana çox yaxın olan Şuşada,  Kəlbəcərdə, Xankəndində, Laçında da tezliklə eşidiləcək və bütün əzəli torpaqlarımız işğaldan təmizlənəcək.
Sahil TAHİRLİ, Naxçıvan