Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Oktyabr 2017 09:48

“Həyatımda ən çox sevindiyim gün idi...”

Cəbhə bölgəsində, düşmənlə təmas xəttində zabit Murad Muradovla görüşüb söhbət edirik. Zabit deyir ki, Müdafiə naziri general-polkovnik  Zakir Həsənov bu yaxınlarda hərbi hissəmizdə olarkən ön xətdə döyüşçülərlə görüşüb və onların qayğılarıyla maraqlanıb. "Ordu rəhbərliyinin tez-tez əsgərlərə baş çəkməsi şəxsi heyətin hərbi xidmətə məsuliyyət hissini daha da artırır. Ali Baş Komandanın və Müdafiə nazirinin etimadını doğrultmaq hər bir döyüşçünün başlıca məqsədidir. Döyüş mövqeyindən, bölmələrdən və burada təşkil olunmuş xidmətdən razılıqla ayrılan nazir  nümunəvi döyüşçülərimizi də mükafatlandırıb", - deyə zabit bildirdi.
Ordu rəhbərliyindən mükafat alan hərbi qulluqçularla görüşmək mənim üçün də xoş bir təsadüf idi. Düşmənlə üzbəüz mövqelərdə xidmət etmək böyük cəsarət tələb edir. Bunu döyüşçülərimiz yaxşı bilir və sayıqlığı heç zaman əldən vermirlər. Biləsuvar rayonundan olan gizir Yaşar Quliyevlə söhbət edirik. O, artıq 7 ildir ki, müxtəlif hərbi hissələrdə xidmət edir.
- Yaşar, Müdafiə nazirindən hədiyyə almaq hər kəsə nəsib olmur...
- Nazirin bizim bölməyə gəlişini gözləmirdim. Ancaq gəldi və əl uzadıb hamımızla görüşdü. Həmin an həm həyəcanlı, həm də sevincli idim. Xidmətimizlə maraqlandı. Sonra mənə də saat bağışladı. Bu mənim üçün gözlənilməz və həyatımda aldığım ən qiymətli hədiyyə oldu. Müdafiə naziri bizimlə səmimi söhbət etdi və dedi ki, ölkə başçısı möhtərəm Prezidentimiz  İlham Əliyev siz döyüşçülərin əməyini daim yüksək qiymətləndirir. Düşmən işğalında olan torpaqlarımızı azad etməyə hazır olduğumuzu məndən də soruşdu. Mən də hər zaman Vətənimin müdafiəsinə hazır olduğumu, Ali Baş Komandanımızın döyüş əmrini digər silahdaşlarım kimi səbirsizliklə gözlədiyimi bildirdim.
Zabit M.Muradovun sözlərinə görə, nazirin saat hədiyyə etdiyi hərbçilər həmişə öz bacarıqları ilə seçilən döyüşçülərdir. O, gələcəkdə başqa döyüşçülərin də belə mükafatlara layiq görüləcəyinə əminliyini qeyd etdi.
 Son vaxtlar ordu rəhbərliyi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılan şəxsi heyət öz üzərlərinə düşən məsuliyyəti daha dərindən dərk edir və bu onların döyüş ruhunu daha da artırır. Döyüş ruhu yüksək olan ordunun isə döyüş meydanında qələbəsi mütləqdir.
Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu"