Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Oktyabr 2017 09:44

Ordu quruculuğunda mühüm mərhələ

Gələn il Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 ili tamam olur. Keçən bir əsr ərzində müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biri olan Silahlı Qüvvələrin yaradılması prosesinə nəzər saldıqda görürük ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulan hərbi ənənələr müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində inkişaf yoluna qədəm qoyan Azərbaycan Ordusu bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hərbi qüdrətini daha da artırır.
Ümummilli Liderimizin əsasını qoyduğu dövlət və ordu quruculuğu müasir səviyyədə inkişaf etdirilir, torpaqlarımızın layiqli şəkildə qorunması işinin təşkili istiqamətində qəti addımlar atılır və məqsədyönlü islahatlar həyata keçirilir.
Bu gün Silahlı Qüvvələrimizin üzərinə böyük məsuliyyət düşür. Azərbaycanın məcburi şəkildə cəlb edildiyi müharibə şəraitində düşmənlə mübarizənin təşkilində əsas işi əsasən Müdafiə Nazirliyi həyata keçirir. Buna görə də Ali Baş Komandan İlham Əliyev ordunun döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsini, maddi-texniki bazanın inkişaf etdirilməsini, qabaqcıl üsulların tətbiqi ilə təlim və tədris sisteminin daim təkmilləşdirilməsini, şəxsi heyətin yeni döyüş şəraitinə uyğun təlimlərə cəlb edilməsini əsas tapşırıq kimi ordu rəhbərliyi qarşısında qoyub.
Azərbaycan Ordusunun qarşıya qoyulan tapşırıqlara nail olunmasında Ali Baş Komandanın siyasi iradəsi xüsusi rol oynamaqla yanaşı, peşəkar kadrlara önəm verilməsi də mühüm əhəmiyyət kəsb edir. General-polkovnik Zakir Həsənovun Müdafiə naziri təyin edilməsi ilə, əslində, ordu quruculuğunda yeni bir mərhələnin əsası qoyuldu.
Müdafiə Nazirliyi sistemində aparılan islahatlar nəticəsində hərbi hissələrdə sağlam mühit formalaşdı. Hərbi hissələrin ərzaq-əşya təminatına nəzarətin gücləndirilməsi, silah-sursatla təchizat, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar tapşırıqlar verildi. Bir sözlə, Azərbaycan əsgərinə və zabitinə münasibət dəyişdi. Qürur mənbəyimiz olan ordu ümid yerimizə çevrildi. Döyüş hazırlığının yüksəldilməsi və torpaqlarımızın işğaldan azad olunması naminə islahatlar aparıldı. Xarici əlaqələrdə də Azərbaycanın hərbi təhlükəsizlik maraqlarını özündə ehtiva edən islahatlara önəm verildi. Müdafiə Nazirliyinin beynəlxalq əlaqələr sisteminə yeni baxış bucağı formalaşdı.
İstənilən səviyyələrdə qərargahlarda, idarəetmə məntəqələrində şəxsi heyətin biliyi, bacarığı, vərdişləri təkmilləşdirildi. Döyüş hazırlığının çöl şəraitində, o cümlədən müəyyən hissəsinin gecə vaxtı, özü də birbaşa döyüş şəraitinə uyğun keçirilməsinə üstünlük verilməklə irimiqyaslı təlimlər həyata keçirildi ki, bu da yeni yanaşmaya bir işarə idi.
Son dörd il ərzində müasir təlim mərkəzləri inşa edildi və şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi üçün maksimum şərait yaradıldı. Müdafiə Nazirliyinin döyüş hazırlığı planına uyğun olaraq keçirilən təlimlərə ehtiyatdan çağırılan hərbi vəzifəlilər də cəlb edildi. Bundan başqa ordunun şəxsi heyəti beynəlxalq səviyyədə keçirilən müxtəlif təlimlərdə iştirak etmək imkanı qazandı.
Həyata keçirilən bütün təlimlər bir daha onu sübut edir ki, bu gün Azərbaycan ordu quruculuğunun inkişafına xüsusi diqqət yetirir, ölkənin ərazi bütövlüyünün tezliklə təmin edilməsi prioritet hədəf olaraq təyin olunur.
Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin infrastrukturunun, texniki təchizatının və müdafiə qabiliyyətinin NATO standartlarına uyğunlaşdırılması konkretləşir. Bir sözlə, təlimlər günümüzün tələbinə, Azərbaycan Silahlı Qüvvələrinin əhəmiyyət verdiyi əsas faktora çevrilir. Ona görə əminliklə deyə bilərik ki, Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissələrində bütün səviyyələrdə müasir döyüş üsullarının istifadəsi ilə genişmiqyaslı təlimlərin müntəzəm keçirilməsi düşmənə bir xəbərdarlıqdır, bizim üçün isə əsgəri həyat normasına çevrilmişdir.
Keçirilən son təlimlər, ordumuzun müasir döyüşün ən mürəkkəb tapşırıqlarını belə müvəffəqiyyətlə yerinə yetirməyə hazır olduğunu, yeni silahlardan və döyüş texnikalarından ustalıqla istifadə etmək bacarığını sübuta yetirdi.
Şübhəsiz ki, müasir tələblərə cavab verən, yüksək döyüş hazırlığına malik olan güclü ordunu formalaşdırmaq yüksək səviyyəli hərbi təhsil sistemindən keçir. Buna görə də Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi təhsilin müasir səviyyədə qurulmasına diqqət yetirilir. Xüsusi təyinatlı təhsil müəssisələrində ardıcıl təhsil proqramları həyata keçirilir. Bu məqsədlə inkişaf etmiş dövlətlərin hərbi təhsil müəssisələri ilə qarşılıqlı təcrübə mübadiləsi aparılır.
Hazırda ordumuzda düzgün layiqli kadrların seçilməsi, yerləşdirilməsi həyata keçirilir. Bundan başqa Müdafiə Nazirliyinin rəhbərliyi hərbi xidmətin nüfuzunun artırılması naminə yeni qanunvericilik layihələrinin hazırlanmasında fəal iştirak edir, eyni zamanda döyüş arsenalının müasir tələblər əsasında qurulmasını fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov verdiyi müsahibələrdən birində bu məsələyə toxunur: "Silahlı Qüvvələrimizin döyüş arsenalının müasir tələblər əsasında yenilənərək gücləndirilməsi ümumi fəaliyyətimizin başlıca istiqamətlərindən birini təşkil edir. Silahlı Qüvvələrimizin imkan və qabiliyyətlərinin artırılması, qoşunların hərtərəfli və fasiləsiz maddi-texniki təminatının keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni silahların, texnikanın, hərbi əmlakın alınması, silahlanmaya qəbul edilməsi istiqamətində işlər aparılır".
Bu gün göstərilən səylər nəticəsində hərbi hissələrdə şəxsi heyətin geyimlərinin modelində, əşya əmlaklarının keyfiyyətində, birdəfəlik sanitar-gigiyenik ləvazimatlar və digər təsərrüfat əmlakları ilə təmin edilməsində xüsusi irəliləyişlər əldə edilir. Hərbi hissələrdə milli yeməklərin hazırlanmasına üstünlük verilir. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçuların, onların ailə üzvlərinin xidməti və məişət şəraitinin yaxşılaşdırılmasına da xüsusi diqqət yetirir.
Ordumuz son bir neçə ildə bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət etməklə düşmən üzərində tam hərbi üstünlüyə yiyələndiyini sübuta yetirib. Bu gün hər bir soydaşımız Azərbaycan Ordusunun gücü, qüdrəti ilə fəxr edir, qürur hissi keçirir. Aprel döyüşləri də təsdiqlədi ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadı və Azərbaycanla hesablaşmaq lazımdır. Hərbçilərimizin vətənpərvərlik ruhu, işğalçı ordunun təxribatlarına vaxtında və layiqli cavab verilməsi hər birimizin sabaha olan inamını daha da artırır. Müstəqil Azərbaycanın inkişafı, ordumuzun qüdrəti və ölkəmizdə xalq-ordu birliyinin sarsılmaz vəhdəti  torpaqlarımızın geri qaytarılacağına tam əminlik yaradır.
Dünyada hərbi ekspertlərin apardığı sosioloji araşdırmalar zamanı məlum olub ki, özünə inamı formalaşdıran və yüksək döyüş ruhuna malik olan ordu güclü ordudur. Bu baxımdan son aprel döyüşlərinin aşıladığı inamı əsas götürərək deyə bilərik ki, Azərbaycan Silahlı Qüvvələri də güclü ordular sırasındadır.
"Azərbaycan Ordusu", fotolar arxivimizdən