Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Oktyabr 2017 09:43

Qətiyyətin son ünvanı - Qələbə!

Ön xətdə əsgərlərimizlə görüşəndə, onların gözündəki sevinci hiss edəndə, dili ilə demək istədiklərini - bizimlə birlikdə müşayiət etdiyiniz torpaqlar ulu babalarımız Cavanşirin, Babəkin, Xətainin at oynatdığı oylaqlardı. Bu torpaqları qorumaq bizim müqəddəs borcumuzdur - fikrini duyanda qəlbimizdən həzin bir titrəyiş keçir. Belə ruha, belə sevgiyə, belə məsləkə ortaq olursan. Kövrəlirsən, qürurlanırsan, fəxr edirsən.
Əsgər Nemət Qeybullayev söhbət zamanı bildirdi ki, ana laylasına bənzəyən Vətən sevgisi həzinliyiylə, doğmalığıyla canımıza-qanımıza hopub. Bu, ana nəsihətidir, dərin mənası ilə beynimizə, idrakımıza həkk olunub. Dünyaya göz açan hər bir uşağın ilk dərsi - sənin borcun Vətəni, doğma torpağı qorumaq, ona xidmət etməkdir! - olmalıdır: "Bu dərsi alan bir vətəndaş kimi mən də borcumu anlayır, müstəqil Azərbaycanın milli mənsubluğundan doğan qüruru sözümdə və əməlimdə yaşatmağa çalışıram. Bu gün hamımızı narahat edən məsələ ölkənin ərazi bütövlüyünün təmin olunması və məcburi köçkünlərin öz doğma yerlərinə qaytarılmasıdır. Bu məsələdə biz əsgərlərin üzərinə böyük vəzifələr düşür. Bu vəzifənin öhdəsindən gələcəyik - əsl vətəndaş olmağı bacarırıq, Vətənin müdafiəsində dayanmışıq. Sevinirəm ki, mən də belə oğulların sırasındayam".
- Hərbi xidmətə gəldiyim ilk gündən radiotelefonçu vəzifəsinin sirlərini dərindən mənimsədim, - deyə əsgər sözünə davam edir. - Ön xətdə olduğumuza görə bir əsgər kimi döyüş növbətçiliyində fərqlənmək üçün müşahidəçilik qabiliyyətini, ərazinin relyefini, oriyentirləri müəyyən etməyi, həmin oriyentirlərə əsasən məsafəni təyin etməyi, silah və texnikadan istifadə qaydalarını da mənimsədim. Məsələn, dayandığımız nöqtədən gördüyünüz cihazlar vasitəsilə düşmənə qədər olan məsafəni müəyyən edir, bu məsafədə nə baş verirsə, nəzarətdə saxlayıb müşahidə jurnalına qeyd edirik. Öyrəndiklərimin bir məqsədi, bir məramı var - əldə etdiyim bilgilərin sayəsində torpaqlarımızı qorumaq.
Nemət Qeybullayev qətiyyətli əsgərdir. Sülh danışıqları baş tutmasa, torpaqlarımızı Ali Baş Komandanın əmriylə belə qətiyyətli əsgərlər azad edəcək. Qətiyyət qələbə deməkdir...
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR