Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Oktyabr 2017 10:20

Gənc zabitlər xidmətə başlayır

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunu başa vuran kursantların buraxılış mərasimi keçirilib. Mərasimdə Təlim və Tədris Mərkəzinin kollekivi ilə yanaşı, kursantların valideynləri və yaxınları da iştirak edib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
General-mayor Gəray Bağırov çıxış edərək leytenant rütbəsi almış gəncləri təbrik edib,  onlara tövsiyələrini və tapşırıqlarını çatdırıb:
- Azərbaycanın ordu quruculuğunda zabit hazırlığı daim diqqət mərkəzindədir. Güclü ordu savadlı, bacarıqlı, vətənpərvər zabitlərin hesabına formalaşır. Zabit ordunun əsas sütunudur. Hər bir zabit tabeliyində olan şəxsi heyət üçün şəxsi nümunədir. Vətənpərvərliyi, qorxmazlığı, Vətən sevgisi ilə əsgərlərinə nümunə olan komandir, döyüş meydanında əsgərləri də ruhlandırmağı bacarır. Mən inanıram ki, təyin olduğunuz hərbi hissələrdə layiqli xidmət edəcək, müəllimlərinizin öyrətdikləri hərbi biliklərdən layiqincə yararlanacaqsınız. Hər biriniz Azərbaycan Ordusuna layiqli zabit olacaq, tabeliyinizdəki şəxsi heyətin yüksək döyüş ruhunda fomalaşması və hərbi biliklərə yiyələnməsinə nail olacaqsınız. Əziz valideynlər, bu gün sizlər üçün də əlamətdar gündür. Sizin övladlarınız hərbçi peşəsinə yiyələnib. Bu peşə çətin olsa da, şərəfli peşədir. Ümummilli liderimiz Heydər Əliyev gənclərimizdə hərb peşəsinə marağın gücləndirilməsi işinə ciddi diqqət yetirərək "Zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindən biri olmalıdır" demişdir. Zabit peşəsi, doğrudan da, ən müqəddəs və vacib peşələrdən biridir. Çünki bu peşənin sahibləri Vətən qoruyucularıdır.
Gənc leytenant Natiq Bayramlı çıxış edərək Azərbaycan Ordusunun zabiti olmaqdan qürur duyduğunu vurğuladı.
- Kurs yoldaşlarım adından kurs müddətində bizim zəhmətimizi çəkən komandirlərimizə, hərbi biliklər öyrədən zabitlər və müəllimlərimizə təşəkkür edirəm. Kursu uğurla başa vurub zabit olduğumuz üçün sevincliyik. Layiqli xidmət edərək sizlərin etimadını doğruldacağımıza şübhəniz olmasın. Ürəyi zabit olmaq arzusu ilə döyünən gənclərə arzuladığı zabit peşəsinə yiyələnməyinə imkan yaratdığı üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənova minnətdarlığımızı bildiririk. Çox şadam ki, mən də Azərbaycan Ordusunun zabiti adı ilə qürurlanacam. Söz veririk ki, zabit adını daim uca tutacaq, Azərbaycan Ordusunun adına layiq zabitlər olacağıq.
Sonra gənc zabitlərə leytenant rütbəsinin və sertifikatların təqdimi oldu. Tədbir kursantların təntənəli keçidi ilə başa çatdı.
Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"