Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Oktyabr 2017 10:12

Sağlamlıq keşikçilərinə minnətdaram

Qardaşımın qəfil xəstələnməsindən yaranan narahatlığa son qoyulduqdan sonra mən də başa düşdüm ki, həyat insanların xeyirxahlığıyla gözəlləşir. Sağlamlığımızın keşiyində dayanmağı özünə həyat amalı bilən həkimlər şəfa bəxş etdikləri xəstələrinin də ömründə yaşamaq hüququ qazanırlar.
Mən uzun illər Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsində işləmişəm. Ordumuzda aparılan son islahatlardan xəbər tuturdum. Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi tibb sahəsinin də sürətli inkişafı məni sevindirirdi. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında da bir daha bunun şahidi oldum. Müasir avadanlıqlar, diaqnostik aparatlarla hərtərəfli müayinələr aparan bilikli, peşəkar həkimlərimizin sorağı respublikamızın hüdudlarından uzaqlara da yayılıb.
Bir bacının həyatında qardaşın yeri əvəzedilməzdir. Qardaşım Mirnağı Kamilov kəskin ürək ağrılarından əziyyət çəkirdi. Baş Klinik Hospitalın Ürək-Damar Cərrahiyyəsi şöbəsinin rəisi tibb xidməti polkovnik-leytenantı Anar Əmraha müraciət etdik. Müayinələrdən sonra məlum oldu ki, açıq ürək əməliyyatı yeganə çıxış yoludur.
Beş saat çəkən ağır əməliyyat çox uğurla keçdi. Qardaşım indi özünü rahat hiss edir. Onun çöhrəsinə təbəssümü, sevinci, fərəhi ömrüm boyu unutmayacağım Anar Əmrah və onun rəhbərliyiylə Baş Klinik Hospitalın peşəkar və məsuliyyətli tibb heyəti qaytardı. Təcrübəli, savadlı həkimlərin, mehriban tibb bacılarının xəstə qardaşıma qədərsiz qayğıkeşliyini heç vaxt unudan deyiləm. 
Seyiddursun ABBASOVA, Bakı şəhəri