Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Oktyabr 2017 10:08

Vətəndaşlıq borcu - əsgər şərəfi

Ön xətdə yerləşən "N" hərbi hissəsinin döyüş mövqeyindəyik. Səngərdə düşmənlə üzbəüz dayanan, torpaqlarımızın keşiyini çəkən Azərbaycan əsgəri ilə görüşün sevincini yaşayırıq.
İlk həmsöhbətim manqa komandiri kiçik çavuş Rahib Verdiyevdi. O, mövqedə yaradılan şəraitdən, şəxsi heyətin nümunəvi xidmətindən söz açır: "Ali Baş Komandan İlham Əliyev və ordu rəhbərliyi tərəfindən göstərilən yüksək diqqət və qayğı şəxsi heyətimizin döyüş əzmini daha da artırıb, hər bir kəsdə Vətənə, torpağa sədaqət hissini, qələbə ruhunu yüksəldib. Burada da əsgərlərimizin yüksək nizam-intizama, döyüş və mənəvi-psixoloji hazırlığa sahib olmaları göz önündədir".
Manqa komandirinə qəzetimiz üçün "Nümunəvi xidmət" rubrikasına yazı hazırlamaq istəyimi bildirdikdə kiçik çavuş Rahib Verdiyev heç kəsi fərqləndirmək istəmədi. “Biz bir ailəyik və hər kəs nümunəvi xidmət edir. Hər bir hərbi qulluqçu anlayır ki, Vətənimizin müdafiəsində mətin dayanmaq onun əsas borcudur. Ona görə də şəxsi heyətin arasından seçim etmək, kimisə fərqləndirmək çətindir. Müəllimlərimdən biri həmişə deyirdi ki, şagirdlərimizi müqayisədə fərqləndirmək mümkündür. Ona görə də müqayisədə əsgər Xəqani Kərimovun adını qeyd etmək istərdim".
Söhbət zamanı öyrənirəm ki, əsgər Xəqan i Kərimov ordu sıralarına Quba rayonundan çağırılıb və 10 aydır torpaqlarımızın müdafiəsində onun da töhfəsi var. Ürəyi qisas hissi ilə alışıb yanan, torpaqlarımızı düşməndən azad etmək, şəhidlərimizin qisasını almaq arzusu ilə yaşayan əsgər güclü Azərbaycan Ordusu sayəsində tezliklə vüsalına çatacağını bildirir: "Məktəb illərində müəllimlərimdən və valideynlərimdən ermənilərin bizim xalqın başına gətirdiyi əzab-əziyyətlər, vəhşiliklər haqqında çox eşitmişəm, Milli Qəhrəmanımız Çingiz Mustafayevin Qarabağda lentə aldığı görüntüləri çox izləmişəm. Bütün bunlar qəlbimi parçalayırdı. İnsanlığa yad olan hərəkətlərin, xalqımızın başına açılan oyunların qisasını almaq üçün bu formanı geyinmək qərarına gəldim. Fəxr edirəm ki, bu gün güclü Azərbaycan Ordusunun əsgəriyəm. Ordumuz mənim timsalımda bütün Azərbaycan xalqını vüsalına çatdırmaq gücündədi".
Əsgər Xəqani Kərimov “nümunəvi xidmət etməyin sirri nədədir?” sualıma cavab olaraq onu da bildirdi ki, hər bir əsgər yoldaşı kimi o da xidmətini düzgün təşkil etməyə, verilən əmr və tapşırıqları vaxtında yerinə yetirməyə, sahib olduğu peşəyə dərindən yiyələnməyə, müasir silah və texnikanı mənimsəməyə çalışıb: "Mən fəxr edirəm ki, xidmətimi ön xətdə davam etdirirəm və xidmətimlə komandirlərimin, əsgər yoldaşlarımın rəğbətini qazanıram. İçimdən gələn məsuliyyət hissi, vətəndaşlıq borcu, əsgər şərəfi, torpaq təəssübkeşliyinin sayəsində başqa cür olmağa haqqım da çatmır. Gələcəkdə xidmətimi düzgün təşkil edəcək və hər zaman torpaqlarımızın keşiyində dayanaraq xalqımızı düşmənlərimizdən qoruyacağıq".
Söhbət zamanı əsgər Kərimov idmanın boks növü ilə məşğul olduğunu və dəfələrlə yarışlara qatılaraq nailiyyətlər əldə etdiyini bildirdi. Dünənin idmançısı, bu günün əsgəri olan X.Kərimov idmanı insanın formalaşmasında əsas amillərdən biri kimi qeyd etdi. "Fiziki cəhətdən möhkəm olmağımız üçün komandirlərimizin sayəsində burada idman şəhərciyi yaradılıb. Hər gün nizam qaydasına uyğun olaraq fiziki hazırlıq tədbirləri keçirilir. Hərbi qulluqçunun döyüş hazırlığı və fiziki hazırlığı yüksək səviyyədə olmalıdır".
Mərd oğullarımızla sagollaşıb yola düşürəm. Bir daha əmin oluram ki, işğal altında olan torpaqlarımızı azad etməyə hər zaman hazırıq.
Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR