Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Oktyabr 2017 10:07

“Xidmətimə qiymət verildiyinə görə qürurluyam”

Ordu quruculuğunda qazanılan uğurlar ilk növbədə özünü Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş hazırlığında göstərir. Hazırda dövlət rəhbərliyinin orduya göstərdiyi diqqət və qayğı sayəsində regionda güc sahibi olan, müasir silah və texnika ilə təchiz edilən ordumuz formalaşıb. Silah və texnikanı bacarıqla idarə edən, daim nümunəvi xidmətləri ilə fərqlənən və yuxarı komandanlıq tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılan hərbi qulluqçularımızla hər görüş bizi də qürurlandırır.
Bu yaxınlarda Müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin digər rəhbər heyəti ilə birlikdə ön xətdə olub. Yeni tikilən hərbi hissənin açılışından sonra döyüş növbətçiliyini yoxlayan nazir nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə təltif edib. Həmin hərbi qulluqçulardan birini -  müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Altun Əliyevi sizlərə tanıtmaq istəyirəm.
Altun Tovuz rayonundandır. Bir ildir bu hərbi hissədə xidmət edir. Qısa vaxtda  öz çalışqanlığı ilə komandanlığın rəğbətini qazanıb. Dəfələrlə komandanlıq tərəfindən təşəkkür və fəxri fərmanla təltif olunub. Bu gün Altun Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ona hədiyyə etdiyi saatı qolunda qürurla gəzdirir. Onun sevinci, fərəhi elə gözlərindən də sezilir.
- Çox sevinirəm ki, cənab nazirimizlə görüşüb, qiymətli hədiyyə alanların sırasında olmuşam, - əsgər deyir. -  Həmin gün həyatıma qızıl hərflərlə yazıldı. Heç vaxt nə həmin anı, nə də aldığım bu qiymətli hədiyyəni unutmaram. Bundan sonrakı xidmətimlə mənə göstərilən yüksək etimada layiq olmağa çalışacağam.
 Altun deyir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənova dönə-dönə minnətdarıq, çünki birbaşa bölmələrimizə gələrək xidmətimizi qiymətləndirir. "Nazir mövqedə xidmətimizlə, şəraitimizlə yaxından maraqlandı. O, mənə saat hədiyyə edəndə daşıdığım formanın, seçdiyim peşənin məsuliyyətini daha da dərindən dərk etdim. Bundan sonra da daha nümunəvi xidmət edəcəyimə söz verdim.
Altun kimi gəncləri tanıdıqca biz də fərəhlənirik. Çünki Vətəni sevmək, qorumaq, onun uğrunda can fəda etmək hər şeydən müqəddəsdir. Vətən bacarıqlı, çalışqan insanların çiynində yüksəlir.
İnsan gördüyü işə qiymət verildiyini hiss etdikdə, daha da ruhlanır. Silahlı Qüvvələrin şəxsi heyəti də onlara göstərilən diqqət və qayğıdan fərəhlənir, xidmətdə daha da nümunəvi olmağa çalışır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çıxışlarının birində dediyi "Vətəni müdafiə etməyə çalışan hər bir vətəndaş, hər bir gənc bizim üçün əziz, qiymətli və dəyərlidir" sözləri dövlət rəhbəri tərəfindən hər bir əsgərimizə, Vətəni böyük məsuliyyətlə qoruyan bir döyüşçüyə verilən ən yüksək qiymətdir.
Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu"