Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Oktyabr 2017 10:22

“Mən də qalib əsgər olacam!”

İnsanlar iki cür olur: Tanrı tərəfindən ona bəxş edilən ömrü rəzil və qorxaq kimi yaşayanlar; mərd, qorxmaz, xalqını və Vətənini böyük məhəbbətlə sevənlər. Birincilər həyatda heç vaxt yaxşı ad qoya bilmirlər. İkincilər isə, hər zaman zirvəyə doğru ucalırlar. Həyatda elə insanlar da vardır ki, istər uşaqlıq illərində, istər məktəb illərində, istər tələbəlik illərində, istər əsgərlik illərində, istərsə də ömrünün ahıl çağlarında bütün keçirdiyi günləri mənalı yaşamağı özlərinin həyat amalına çevirməyi bacarıblar.
Belələrindən biri 1989-cu il aprelin 21-də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olan, həyatın mənasını dərindən dərk edən, öz xidməti ilə fərqlənən və buna görə də Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən bu günlərdə qiymətli hədiyyə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Ramil Allahyarovdu.
Çavuş söhbət zamanı bildirdi ki, nazirdən qiymətli hədiyyə almaqla bir hərbi qulluqçu kimi böyük arzularından birinə çatıb: "Bütün şəxsi heyətin, eləcə də hərbi hissəmizin rəhbərliyinin qarşısında bu sevinci yaşamağımla, Müdafiə nazirindən şəxsən qiymətli hədiyyə almağımla, bir hərbi qulluqçu olaraq, top komandiri vəzifəsini daşımağımla qürur duydum. Yaşadığım könül xoşluğunu, keçirdiyim ruh yüksəkliyini bütün silahdaşlarıma da arzulayıram. Elə bilirəm ki, qazandığım qiymətlli hədiyyə 7 illik zəhmətimin nəticəsidir, -  çavuş deyir.
Deməli, uğur əldə etməyin sirri öz peşənə dərindən yiyələnməkdə və hər addımda məsuliyyətli olmaqdadır."
Atalar yaxşı deyib: niyyətin hara, mənzilin ora. Vətənə xidmət hər bir kəsin borcudur. Çavuş Ramil Allahyarov da bu borcun məsuliyyətini dərindən başa düşərək tabeliyindəkilərin də  bir hərbçi kimi formalaşmasında əlindən gələni əsirgəmir. Şəxsi heyətə hərbi texnikanın sirlərini öyrətməyi, vətənpərvərlik hissini aşılamağı özünə borc bilir. İstəyi odur ki, onlar da Vətənə layiq olsunlar, Vətəni qorusunlar.
Torpaqlarımızın işğalda olduğu bir vaxtda bilikli və cəsur hərbçilərimizə daha çox ehtiyac duyulduğunu vurğuluyan həmsöhbətim dedi ki, onların hesabına torpaqlarımızı işğaldan azad edəcəyik: "Havası, suyu, təbiəti ilə hər kəsin zövqünü oxşayan, cənnət məkan olan Qarabağımızın düşmən tapdağında  olması ürəyimizi dağlayan yaradır. Qədim əzəli  torpaqlarımız həsrətlə bizi gözləyir. Tezliklə qalib əsgər olmaq mənim də arzumdur."
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR