Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Oktyabr 2017 10:09

“Bütün tapşırıqları yerinə yetirəcəyik”

Müasir dövrdə döyüş tapşırıqlarının dəqiq və vaxtında yerinə yetirilməsi hər bir kəsdən yüksək nəzəri-hərbi biliklə yanaşı, fiziki-psixoloji hazırlıq da tələb edir. Döyüşdə uğur qazanmaq üçün müasir silahlara malik olmaqla yanaşı, bu silahlardan istifadə qaydalarını mükəmməl öyrənmək vacib şərtdir.
Hücuma hazırlıq zamanı toplardan açılan sərrast atəş döyüşün taleyini həll edir. Təsadüfi deyil ki, hələ orta əsrlərdən müharibələrdə düşmənə qarşı savaşda toplardan geniş istifadə edilib. Artilleriya imkanlarına malik ordular məğlubedilməzliyi ilə daim seçilib.
Azərbaycan Ordusunun artilleriya bölmələri bu gün tarixi təməl üzərində yeni uğurlu nəticələr əldə etməyə, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Tarixi torpaqlarımızın işğalçılardan təmizlənməsində artilleriya qüvvələrinin üzərinə böyük məsuliyyət düşür. Onlar digər qoşun növlərinin səmərəli hücum strategiyasını təmin etməli, dəqiq koordinatlar əsasında düşmənin istehkam qurğularını, sığınacaqları, eləcə də digər strateji hərbi obyektləri məhv etməlidirlər.
Ön xətdə ezamiyyətim zamanı "N" hərbi hissəsinin artilleriya bölməsinin gündəlik fəaliyyətindən yazı hazırlamaq qərarına gəldim. Havanın dumanlı, çiskinli olmasına baxmayaraq şəxsi heyət döyüş növbətçiliyini ikiqat məsuliyyətlə aparırdı. Bölmənin zabiti kapitan Sübhi Mürsəliyevlə görüşüb, söhbət edirk. Uzun müddət ön xətdə xidmət edən zabit qeyd edir ki, müharibədə artilleriyanın rolu böyükdür: "Tələblərə görə artilleriya qüvvələri - toplar cəbhə xəttindən bir qədər arxada yerləşdirilir. Hərbi əməliyyatların artilleriya dəstəyi ilə uğurla başa çatdırılması qələbəyə hesablanır. Bölməmizin əsgər-zabit heyətinin həm mənəvi-psixoloji durumu, həm də döyüş təcrübəsi yüksək səviyyədədir. Zabitlər əsgərlərə toplardan istifadənin sirlərini öyrədir, onlara lazımi təlimatlar, əmrlər verir, təhlükəsizlik qaydalarını izah edirlər. Peşəkar top heyəti düşmənin dayaq nöqtələri barədə məlumatlı olduğuna görə, döyüş əmri verilən anda həmin nöqtələr birinci olaraq məhv edilir. Ermənilərin yaratdıqları istehkam qurğularının dağıdılmasında topçularımız öz bacarıq və peşəkarlıqlarını nümayiş etdirməyə tam qadirdilər".
Yaxınlıqda məşq edən gənc topçulara yaxınlaşıb onlarla söhbət edirik. Çavuş Azər Zamanov ön cəbhədə xidmət etməsindən qürur hissi keçirdiyini vurğulamaqla yanaşı, tabeliyindəki topçuların döyüşə tam hazır olduqlarını bildirir: "Bizim əsas vəzifəmiz hərbi əməliyyatların aparılması zamanı piyada qüvvələrini atəş dəstəyi ilə təmin etməkdir. Piyada qüvvələrinə yardım etmək üçün düşmənin vacib hədəflərini sıradan çıxarmalıyıq. Minaatan komandiri kimi artilleriyanın sirlərini şəxsi heyətə öyrədir, onların qələbə əzmini artırmağa çalışıram. Təlim və dərslər bilavasitə atəş mövqeyində aparılır. Məlumdur ki, top genişmiqyaslı döyüş əməliyyatlarının taleyini müəyyən edən bir silahdır. Buna görə də əsgərlərimiz dəqiq koordinatlar əsasında topla zərbə endirmək qabiliyyətinə malikdirlər".
Göyçay rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Əziz Yusifov qısa müddətdə bacarıqlı topçu kimi formalaşıb. Üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələn əsgər artilleriya sahəsində yetərli bilgilərə malikdir: "Əsas vəzifəm batareyanın baş zabitindən aldığım tapşırıqları top heyətinə çatdırmaqdır. Hər birimiz topu vaxtında döyüşə hazırlamaq, lazımi istiqamətlərə atəş açaraq verilmiş tapşırıqları yerinə yetirmək əzmindəyik".
Digər həmsöhbətim isə Cəlilabad rayonundan hərbi xidmətə çağırılan, artıq 15 aydır xidmətdə olan əsgər Alxas Musayevdir. Alxas deyir ki, topçu olmaq böyük məsuliyyət tələb edir: "Artilleriya döyüşün gedişinə əsas təsir göstərən hərbi vasitədir. Burada olduğum müddətdə müxtəlif artilleriya qurğularının taktiki-texniki xüsusiyyətlərinə yiyələnmişəm. Müharibə başlayarsa, sözsüz ki, əsas yük bizim üzərimizə düşəcək. Sərrast atəşlərimizlə düşməni məhv edəcəyimizə əminik".
Əsgərlərlə səmimi söhbətdən belə nəticəyə gəlirəm ki, bütün qoşun növləri kimi artilleriyaçılarımız da düşməni istənilən vaxt məhv etməyə qadirdilər. Azərbaycan əsgəri heç vaxt torpaqlarımızın düşmən tapdağında qalması ilə barışmayacaq. Cəsur, qorxmaz, vətənpərvər döyüşçülərimiz tezliklə düşməni məhv edib, səmaları göy qurşağıtək bəzəyən, Bayraqtəpədə, Lələtəpədə dalğalanan bayrağımızı digər tarixi torpaqlarımızda da dalğalandıracaqlar.
Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR