Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Oktyabr 2017 10:08

Hazırlıqlı əsgər ordunun gücüdür

Cəbhə xəttində yerləşən "N" hərbi hissəsində bölmələrin birində müasir avadanlıqlarla təmin olunmuş, yüksək tərtibatla hazırlanmış sinif otağında Azərbaycan Silahlı Qüvvələrinin inkişaf mərhələlərini, ulu öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin əsgərlərlə görüşlərini, Ermənistanın Azərbaycana təcavüzünün nəticələrini, Hərbi Andı və Dövlət himnini əks etdirən maraqlı eksponatlar yerləşib. Bunların hamısı əsgərlərin mənəvi-psixoloji hazırlığının artırılmasında, vətənpərvərlik  hissinin, döyüş ruhunun yüksəldilməsində mühüm rol oynayır.
İctimai-siyasi hazırlıq dərsini keçən kapitan Nizami Qəhrəmanov şəxsi heyətə ictimai-siyasi hazırlıq dərslərinin vaxtlı-vaxtında keçirildiyini deyir. "Şəxsi heyətin yüksək döyüş hazırlığı, milli-mənəvi dəyərlərə sədaqət, möhkəm nizam-intizam, qorxmazlıq, düşmənə nifrət, komandirlərinə inam kimi müsbət keyfiyyətlərə yiyələnməsində ictimai-siyasi hazırlığın önəmi böyükdür".
 Öyrənirəm ki, zabit aprel döyüşləri zamanı şücaət göstərib.  Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunudur. O, ictimai-siyasi hazırlıq dərslərinin komandanlıq tərəfindən təsdiq edilmiş mövzular əsasında təşkil olunduğunu deyir.
- Bugünkü dərsimiz "Döyüş mühafizəsində, döyüş növbəsində, qarovulda və daxili naryadda xidmətin nümunəvi aparılması ordunun yüksək döyüş hazırlığının rəhnidir" mövzusudur. Dərs zamanı əsgərlərə döyüş növbəsində möhkəm intizamın və yüksək sayıqlığın əhəmiyyətini çatdırıram. Nizamnamələrin əsas müddəalarını izah edir, vəzifə borclarını dəqiq və qüsursuz öyrənmələrini bildirirəm. Həmçinin, əsgərlərə "Azərbaycan Ordusu" qəzetində dərc olunan ön xətdən reportajları, nümunəvi xidmət edən əsgərlərdən bəhs edən yazıları oxuyur, döyüş növbətçiliyi aparmağın, Vətən keşiyində dayanmağın məsuliyyətli və şərəfli vəzifə olduğunu xatırladıram.
Hərbi hissələrdə günün nizam qaydalarına uyğun olaraq ordumuzun yaranmasından, inkişafından, tariximizdən, hərbi nizamnamələrdən, vətənpərvərlikdən, qəhrəmanlıq nümunələrindən və s. mövzulardan bəhs edən ictimai-siyasi hazırlıq dərsləri əsgərlərin həm döyüş ruhuna, həm də mənəvi-psixoloji hazırlığına müsbət təsir edir. Gəncləri mənəvi dəyərlərə sədaqətli, Vətənə məhəbbət və düşmənə nifrət ruhunda qorxmaz və cəsur əsgərlər kimi formalaşdırır.
Əsgərlər komandirlərinin suallarına əhatəli cavab verirlər. Qarovul xidməti ilə bağlı sualı əsgər Şəhadət Əsgərov cavablandırır. Hərbi xidmətə Cəlilabad rayonundan çağırılan Şəhadət qarovul xidməti zamanı hərbi hissənin döyüş bayrağını, mühüm hərbi obyektlərini, silah anbarlarını mühafizə və müdafiə etdiklərini deyərək saatdarın vəzifə borclarından danışır.
- Hərbi xidmət məni qorxmaz əsgər kimi formalaşdırıb. Peşəkar komandirlərimizdən döyüş hazırlığı, silahlar haqqında biliklər öyrənirəm. Həmçinin, ictimai-siyasi hazırlıq dərsləri hərbi biliklərimizi, dünyagörüşümüzü artırır. Heç bir çətinlik çəkmədən xidmət aparıram. Hərbi hissədə yaradılan şəraitdən tam razıyam. Asudə vaxtlarımızda  televizora baxır, qəzet və jurnallar oxuyur, vaxtımızı səmərəli keçiririk.
Hərbi xidmətə Şamaxı rayonundan çağırılan əsgər Elvin Cəfərov bölük növbətçisinin vəzifə borclarını tam şəkildə danışır.
- Mən hər dəfə növbəyə getməzdən əvvəl vəzifə borclarımı təkrarlayıram. Növbədə olarkən üzərimə düşən məsuliyyəti yaxşı dərk edir, vəzifələrimin öhdəsindən layiqincə gəlməyə çalışıram. Asudə vaxtlarımı da, əsasən, sinif otağında keçirirəm. "Azərbaycan Ordusu" qəzetində dərc olunan məqalələri, "Hərbi Bilik" jurnalından silah və texnikalar, döyüş maşınları və s. haqqında məlumatları oxumağı sevirəm.
Digər əsgərlər də mövzu barəsində sualları düzgün cavablandırırlar. Şübhəsiz ki, gənc əsgərlərin mənəvi-psixoloji keyfiyyətlərinin artırılmasında ictimai-siyasi hazırlıq dərsləri də mühüm yer tutur.
Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR