Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Oktyabr 2017 10:03

Uğurlar davamlı olacaq

Ermənistanın Azərbaycandan ərazi iddiası elan edilməyən müharibəyə səbəb oldu. Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı belə bir vaxtda qəbul edildi. İlk vaxtlarda yerli özünümüdafiə taborlarının bazasında yaradılan müstəqil ordu elmi əsaslarla qurulmadığına görə ərazilərimizi etibarlı müdafiə etməyə, müharibə aparmağa qadir deyildi. Hərbçi kadrların çatışmazlığı, ünsiyyət, dil amili yaradılan ordunun nizami ordu kimi formalaşmasına imkan vermirdi. Dövlətçilik baxımından səriştəsizlik, hərbi taktika və strategiyanın tələblərinə uyğun gəlməyən komandanlıq üslubu kimi amillər də ordu quruculuğunu ləngidirdi.
Xalqın tələbi ilə hakimiyyətə qayıdan böyük tarixi şəxsiyyət Heydər Əliyevin idarəçilik dühası ordu quruculuğunda da əsaslı dönüş yaratdı, ordu hissələri vahid komandanlığa tabe etdirildi. Qələbəylə nəticələnən Horadiz əməliyyatından sonra Ermənistan atəşkəs haqqında razılığa gəldi. Bununla da Azərbaycanda ordu quruculuğu istiqamətində əsaslı islahatlar aparılmasına şərait yarandı...
Ulu Öndərin siyasi kursunu ordu quruculuğunda da uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tələb və göstərişləri əsasında mühüm tədbirlər həyata keçirildi, ordu quruculuğu elmi əsaslarla davam etdirildi.
Müdafiə Nazirliyində kadr dəyişikliyi ordu quruculuğunda dönüşün başlanğıcı oldu. Kadr siyasəti az müddətdə mövcud vəziyyətin dəyişməsinə, ordunun döyüş qabiliyyətinin, mənəvi-psixoloji hazırlığının artırılmasına şərait yaratdı.
Son illərdə Silahlı Qüvvələrimizdə həyata keçirilən irimiqyaslı islahatlar Azərbaycanda ordu quruculuğunun yeni mərhələsi oldu. Silahlanmaya mərhələlərlə yeni texnikalar, silahlar daxil edilib ki, bunlar da Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi ilə nəticələnib. Bu dönməz proses uğurla davam etdirilməkdədir. Müdafiə Nazirliyinin rəhbərliyi Ali Baş Komandanın tələb və göstərişləri əsasında ordu quruculuğunu uğurla davam etdirir.    
Yüksək döyüş hazırlığına malik ordunun formalaşdırılmasını müxtəlif amillər müəyyənləşdirir. Güclü ordu savadlı, kifayət qədər dərin hərbi biliyə malik kadr deməkdir. Zabit kadrları hazırlığı ordu quruculuğunun mühüm tərkib hissələrindən biridir. Əsgərin döyüş hazırlığı zabitin müasir hərbi bilikləri hansı səviyyədə mənimsəməsindən də funksional şəkildə asılıdır. Bu baxımdan Azərbaycanda xüsusi təyinatlı təhsil müəssisələrinin maddi-texniki bazası daha da genişləndirildi, proqram materialları dünyanın aparıcı dövlətlərinin ordu quruculuğu təcrübəsinə istinadən yenidən işlənildi, Hərbi Akademiyanın fəaliyyəti istər məzmun, istərsə də forma baxımından təkmilləşdirildi. Nəzəri biliklər təcrübə ilə tənzimlənir, təkmilləşir. Müdafiə Nazirliyinin rəhbərliyi Simulyasiya Mərkəzinin fəaliyyətinin modernləşdirilməsini təmin etdi və bu, qısa müddətdə kadr hazırlığına mühüm təsir göstərdi.
Silahlı Qüvvələrin Hərbi Akademiyasında adyunkturanın yaradılması ordu quruculuğunun elmi əsaslarla aparılmasına etibarlı zəmin yaratdı. Qabiliyyətli, elmi işə marağı olan zabitlər hərbi xidmətlə bir sırada adyunkturada təhsil alır, bu və ya digər elm sahəsi üzrə ordu quruculuğuna gərəkli istiqamətlərdə tədqiqatlar aparırlar. Elmi nəticələr ordu quruculuğuna tətbiq olunur ki, bu da ordunun daha etibarlı səviyyədə formalaşmasını təmin edir.
Dünyanın aparıcı dövlətlərinin Azərbaycanla müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığı ölkəmizin güclü dövlət, son illərdə Ali Baş Komandanın təsdiq etdiyi plana müvafiq olaraq keçirilən irimiqyaslı təlimlər isə onun güclü orduya malik olduğunun təsdiqidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" - kəlamı məhz bu inamla bağlıdır.
Son illərdə silahlanmaya yeni texnikalar və silahlar daxil edildiyindən hərbi təhsil ocaqlarında,  əsasən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində proqram materialları bir daha yeniləndi. Bununla da zabit kadrları hazırlığı məzmun etibarilə genişləndi - gənc zabitlərin hərbi texnikaların və silahların istismar xüsusiyyətlərini mənimsəməsi təmin edildi. Silahlanmaya daxil edilən yeni texnikalardan və silahlardan istifadə hərbi hissələrdə zabitlərə də öyrədildi. Nəticə etibarilə ordunun gücü artırıldı. Bütün bunlar - ordunun yeni texnikalarla və silahlarla təchizi, şəxsi heyətin onların istismar xüsusiyyətlərini mükəmməl mənimsəməsi Ali Baş Komandanın tələb və göstərişləri əsasında həyata keçirilən islahatların nəticəsidir.
Son illərdə dünyanın iri dövlətləri ilə hərbi əməkdaşlıq da genişlənməkdədir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müxtəlif dövlətlərin Müdafiə nazirləri, Baş Qərargah rəisləri ilə görüşləri bu əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət etməklə, həm də Azərbaycana ehtiramın təsdiqidir.
Dünyanın hərbi analitikləri də təsdiqləyir ki, Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə malikdir, Cənubi Qafqazda ən güclü ordudur. 2016-cı ilin aprel döyüşləri təsdiqlədi ki, bu ordu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bu ordu Ali Baş Komandanın "Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik" - inamını gerçəkləşdirəcəkdir. Bu döyüşlər onu da təsdiqlədi ki, Azərbaycanda ordu xalqın dayağıdır, ordu ilə xalqın birliyi milli-xəlqi ruhun dönməzliyinin, yenilməzliyinin simvoludur.
Aprel döyüşlərindən sonra Ali Baş Komandanın, Müdafiə nazirinin hospitallarda yaralı hərbi qulluqçularla görüşləri bir həqiqətin təsdiqi idi: hər bir hərbi qulluqçu dövlətin yüksək qayğısı ilə əhatələnir. Bu görüşlər hərbi qulluqçuların hərbi xidmətə münasibətinin, həm vəzifə, həm də vətəndaşlıq borcunun hansı səviyyədə yerinə yetirilməsinin yönümünü müəyyənləşdirdi.
Son dörd ildə yeni hərbi hissələr inşa edilib, şəxsi  heyət üçün hər cür şərait yaradılıb. NATO standartlarına müvafiq hərbi hissələrdə xidmət şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə də təsir göstərir. Nəyi qoruduğunu bilən, döyüş hazırlığını artıran əsgər bu qayğını hərbi xidmətinin atributu bilir.
Azərbaycan əsgəri yüksək mənəvi-psixoloji hazırlığa malikdir. Onların bu hazırlığı Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana müvafiq olaraq müəyyən tədbirlərlə genuşləndirilir, artırılır. Son illərdə Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin xətti ilə keçirilən vətənpərvərlik tədbirlərini bir amal birləşdirir: Vətən, Vətən sevgisi, Vətənə sədaqət. Hərbçinin Vətənə sədaqəti Hərbi Nizamnamələrin tələblərinə müvafiq xidmətdir. İnamla deyə bilərik ki, Azərbaycan əsgəri Vətənini dərin məhəbbətlə sevir, Ali Baş Komandanın, Müdafiə nazirinin tələb və göstərişlərini vaxtında və sözsüz yerinə yetirir. Bunu Ali Baş Komadanın, Müdafiə nazirinin cəbhə bölgələrinə səfərlərində əsgərlərlə söhbətləri də təsdiqləyir, atəşkəs pozulanda, Ermənistan silahlı birləşmələri təmas xəttində müxtəlif səviyyədə təxribatlar törətməyə cəhd göstərəndə onlara verilən qətiyyətli cavablar da.
Prezident İlham Əliyev bildirib ki, ordu quruculuğu Azərbaycan üçün prioritetdir. Müdafiə Nazirliyi bu tezisi fəaliyyətinin başlıca qayəsi bilir və ordu quruculuğu istiqamətində istər dünya təcrübəsinə, istərsə də dövlətçilik ənənələrimizə istinadən yeni forma və metodların tətbiqinə gərəkli şərait yaradır.
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gərgin səyləri torpaqlarımızın sülh yolu ilə işğaldan azad edilməsinə xidmət edir. Sülh danışıqları baş tutmasa, Azərbaycan Ordusu öz tarixi vəzifəsini yerinə yetirəcək, torpaqlarımızı işğaldan döyüşlə azad edəcəkdir. Ordumuz buna qadirdir. Ordu quruculuğu Azərbaycan üçün, bu missiya ordu üçün prioritetdir.
"Açıq qapı" günləri cəmiyyət-ordu münasibətlərinin əhatəliyi baxımından dəyərləndirilməlidir. Mahiyyəti etibarilə bu tədbir də ordu quruculuğunun tərkib hissəsi kimi əsgərlərin mənəvi-psixoloji hazırlığında mühüm rol oynayır.
Azərbaycan Ordusu Azərbaycanın dövlətçilik qarantıdır. Son illərdə həyata keçirilən islahatlar öz təsirini göstərdi. İrimiqyaslı təlimlər təsdiqlədi ki, Azərbaycan Ordusu dünyanın aparıcı dövlətlərinin orduları ilə müqayisə ediləcək dərəcədə nizami ordu kimi formalaşıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxışı  Silahlı Qüvvələrin şəxsi heyətinin qələbə əzmini yüksəltdi. Hər zabit, hər əsgər Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dediyi bir fikri hərbi xidmətinin qayəsi bilir: "Ali Baş Komandanın BMT-də səsləndirdiyi fikirlər ordumuz üçün əmrdir".
Bakıda bu yaxınlarda keçirilən "Dəniz Kuboku-2017" yarışları Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin, "TurAz-2017" təlimləri isə Azərbaycanın Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının  təsdiqi oldu. Şübhəsiz ki, bu tədbirlərdə Rusiya Federasiyası Müdafiə nazirinin müavininin, Türkiyənin Müdafiə nazirinin iştirakı Azərbaycan Ordusuna ehtiramın təsdiqidir.
Türk şairi Orxan Şaiq Gökyayın bir şeirini xatırlayıram: "Bu Vatan kimin?". Bu Vətən bizimdi, bu ordu bizimdi, ulu öndər Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlamının işığında Vətən üçün xidmət edirik, bu orduda xidmət edirik...
General-mayor Rasim ƏLİYEV,
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi