Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Sentyabr 2017 14:31

Tam orta məktəblərdə gələcəyin əsgərlərini formalaşdıran hərbi rəhbərlərin peşəkarlıqlarının artırılması diqqət mərkəzindədir

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində "Gənclərin çağırışaqədərki hazırlığı" fənnini tədris edən hərbi rəhbərlərin peşəkarlığının artırılması məqsədilə Əlahiddə Ümumqoşun Orduda növbəti təlim toplantısı keçirilib.
Əvvəlcə toplantıya cəlb edilmiş heyətin sıra hazırlığı yoxlanılıb.
Fiziki hazırlıq dərsləri zamanı hərbi rəhbərlərə silahlı, silahsız və ikilikdə çalışmalar kompleksi, eləcə də sürət və güc çalışmaları əyani olaraq göstərilib.
Keçirilən dərslərdə diqqətə çatdırılıb ki, ölkəmiz müharibə şəraitində yaşayır. Hərbi rəhbərlər də şagirdlərdə hərb sənətinə maraq yaratmalı, gəncləri hərbi xidmətə yüksək səviyyədə hazırlamalıdırlar. Bunun üçün dövlətimiz hərtərəfli şərait yaradıb. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən tam orta məktəblərdə hərbi kabinetlərin yüksək səviyyədə tərtib olunması, hərbi vətənpərvərlik guşələri hərbi rəhbərlərin "Gənclərin çağırışaqədərki hazırlığı" fənnini uğurla tədris etmələrinə müsbət təsir göstərir.
Toplantıda hərbi vətənpərvərlik mövzusunda film və videoçarxlara baxış olub.
Hərbi rəhbərlər Əlahiddə Ümumqoşun Ordunun təlim mərkəzində müxtəlif atıcı silahların təyinatı, taktiki-texniki xüsusiyyətləri ilə tanış olub, praktiki atışları icra ediblər. Əl qumbaralarından atış çalışmaları yerinə yetirilib, müxtəlif təyinatlı atıcı silahlar natamam sökülüb və yığılıb. Hərbi rəhbərlərin təlim toplantısında kütləvi qırğın silahlarından mühafizə vasitələri və onlardan istifadə qaydaları əyani şəkildə göstərilib. 
Hərbi rəhbərlərin 3 günlük təlim-toplantısı yekun tədbiri ilə başa çatıb. Tədbirdə çıxış edənlər təlim-toplantının nəticələrini, hərbi rəhbərlərin bilik və bacarıq səviyyəsini müzakirə ediblər. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə bütün tam orta məktəblərin hərbi rəhbərlərinə yeni geyim formaları və tam tədris bazası ilə təmin edilmiş ibtidai hərbi hazırlıq yeşikləri təqdim edilib. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Təhsil Nazirliyi və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkil etdiyi təlim-toplantının əhəmiyyəti qeyd edilib, hərbi rəhbərlərin peşəkarlığının artırılmasının bundan sonra da diqqət mərkəzində saxlanılacağı bildirilib. Həmçinin vurğulanıb ki, bu gün tam orta məktəblərimizdə şagirdlərin vətənpərvər ruhda formalaşmasına xüsusi əhəmiyyət verilir. Ona görə də hər il yüzlərlə gənc Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq üçün müraciət edir.
 
Nəriman NƏCƏFOV,
fotolar əsgər Rasim İSMAYILLININDIR