“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır”
Azərbaycan Silahlı Qüvvələri Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və xalqın azadlığının qoruyucusudur. Bu müqəddəs missiyanı yerinə yetirərkən hər bir azərbaycanlı öz məsuliyyətini dərk edir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun cəbhə bölgələrində, düşmənlə üzbəüz mövqelərdə döyüş növbəsi aparan əsgərlərlə müntəzəm görüşləri bu məsuliyyəti daha da artırır.
Silahlı Qüvvələrdə aparılan islahatlar şəxsi heyətin döyüş hazırlığının, maddi-texniki təminatının, hərbi qulluqçuların məişət şəraitinin yüksəldilməsinə zəmin yaradıb. Təlim və dərslərdə qazanılan bilik və bacarıqlar vaxtaşırı təşkil olunan yarışlarda nümayiş etdirilir. "N" hərbi hissəsində də "Ən yaxşı tank heyəti" adı uğrunda yarışlar başlanıb.
Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına cavabdeh zabit Elşən Yusifov günü-gündən möhkəmlənən ordumuzdan, yüksək döyüş texnologiyalarından, maddi-texniki təminatdan ağızdolusu danışaraq bildirdi ki, bütün bunların səbəbi ümummilli lider Heydər Əliyev məktəbinin layiqli davamçısı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin daha da möhkəmlənməsi və qüdrətlənməsi üçün göstərdiyi diqqət və qayğıdır.
“Bu qayğını hər addımda hiss edən hər bir hərbi qulluqçu üzərinə düşən tapşırıqları mətinliklə yerinə yetirməyə səy göstərir. Ordu sıralarında xidmət edən hər kəs ana Vətənimizə, doğulub boya-başa çatdığı torpağa ürəkdən, candan bağlıdır. Hər bir əsgərin bir amalı, bir məqsədi var: torpaqlarımızı azad etmək, şəhidlərimizin intiqamını almaq. Tankçılarımız hər zaman texnikanı saz və döyüşə hazır vəziyyətdə saxlayırlar. Nümunəvi xidməti ilə seçilən tank heyətləri Silahlı Qüvvələr üzrə keçirilən yarışlarda qabaqcıl yerləri tutmağı bacarırlar. Gizir Seymur Ağayevin komandiri olduğu heyət də belələrindəndir".
Təcrübəli zabitin haqqında danışdığı tank heyətini oxuculara tanıtmaq üçün gizirlə həmsöhbət oluruq.
Lənkəran rayonunda dünyaya göz açıb.
Erkən yaşlarından Vətən sevgisini dərk edən Seymur elə bu yaşlarda hərbçi olacağına qərar verərək, gələcək yolunu seçib.Yaşıdları arasında səbrlə danışmağı, təmkinlə qərar verməyi ilə seçilən Seymur, ən çətin anlarında belə Vətən sevgisinin istisinə qızınıb, hərbçi olacağı günü səbirsizliklə gözləyib. Yeniyetmə yaşlarında ermənilərin xalqımızın başına açdığı müsibətlərin şahidi olub. Xocalı faciəsini, Qarabağ uğrunda gedən döyüşlərdə canını qurban verən şəhidlərimizi heç bir zaman unutmayan gənc, böyük Vətən sevgisi ilə ordu sıralarına yollanıb. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra Silahlı Qüvvələrimizin Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursuna daxil olub. Tank komandiri ixtisasına yiyələnərək həyatını Vətəninə bağlayıb.
- Vətənin keşiyində durmaqdan müqəddəs, şərəfli peşə yoxdur. Doğulub boya-başa çatdığımız torpaq əcdadlarımızın əmanətidi. Bu səbəbdən ana torpaq deyirik, ona canımız, qanımızla bağlı oluruq.
Seymur da Vətənini sevən hər bir oğul kimi ön xətdə tank komandiri vəzifəsində xidmət etməsindən daim qürur duyur.
Tank heyəti tank komandiri, tuşlayıcı operator və sürücü-mexanikdən ibarətdir. Hədəfləri dəqiq vurmaq tuşlayıcı operatorun, texnikanı məharətlə idarə etmək sürücü-mexanikin, vaxtında və düzgün qərar vermək isə tank komandirinin başlıca vəzifəsidir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Mustafazadə gizir Seymur Ağayevin komandiri olduğu tankın tuşlayıcı operatorudur. Hərbi xidmətə Tovuz rayonundan çağırılan Elçin də həyatının mənasını Vətən keşiyində durmaqda görür.
- Tarix boyu qəhrəmanlıq salnamələrində adları çəkilən igidlər öz inancları, Vətənləri, sevdikləri uğrunda döyüşlərə atılıb, - Elçin deyir. - Əsrlər keçsə də, yaddaşlarda yaşayıb, dastanlara mövzu olublar. İnsan həyata göz açdığı gündən Vətən sevgisi ilə böyüyür və özünə yol seçir. Seçdiyin yol ürəyindəki təpərin, ruhundakı gücün işığıdır. Ömrünü Vətənə həsr edənlər də ürəyində təpər, ruhunda güc tapanlardır.
Tank komandirinin sözlərinə görə, sürücü-mexanik kiçik çavuş Yusif Kərimov xidməti ərzində özünü intizamlı, qorxmaz, vətənpərvər hərbi qulluqçu kimi tanıdıb. O, qısa müddət ərzində nümunəvi xidməti və peşəkarlığı ilə bütün şəxsi heyətin dərin hörmətini və ehtiramını qazanıb. Verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirir.
Nizam-intizamlı əsgərlə həmsöhbət olanda Ağstafa rayonunda dünyaya göz açdığını öyrənirik. O da əsgər Elçin Mustafazadə kimi ömrünü Vətənə bağlayanlardan biridir.
- Vətən sevgisi ülvi hissdir. Bu sevgi yolunda canımızı qurban verməyə hazırıq. Ali Baş Komandanın əmri ilə irəli atılmağa, torpaqlarımızı azad etməyə tam qadirik.
Seymur, Elçin, Yusif kimi Vətənini sevənlərin, ömrünü bu yola bağlayanların adları mütləq qəhrəmanlar sırasında çəkiləcək...
Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu", fotolar C.CƏFƏROVUNDUR