Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, 8 Noyabr - Zəfər Gününün üçüncü ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliği, onların mənəvi-psixoloji və döyüş ruhunun daha da yüksəldilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Plana uyğun olaraq hərbi qulluqçular tərəfindən Şəhidlər xiyabanları ziyarət olunub, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların məzarları üzərinə güllər düzülərək xatirələri ehtiramla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirlər çərçivəsində ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslar təşkil olunub, Vətən müharibəsinə həsr olunan sənədli filmlər və videoçarxlar nümayiş etdirilib, viktorinalar, mədəni-kütləvi, vətənpərvərlik və idman tədbirləri keçirilib.
Mərasimlərdə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbənin əhəmiyyətindən, xalqımızın qələbənin qazanılmasındakı rolundan, igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıq nümunələrindən danışılıb, şəhidlərimizin xatirələrinin daima yaddaşlarda yaşayacağı vurğulanıb.
Həmçinin hərbi qulluqçularımız tərəfindən müxtəlif bölgələrdə şəhidlərimizin xatirələrinə ağaclar əkilib, abadlıq işləri aparılıb.
Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən hərbi qulluqçular fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb, məktəblilər tərəfindən ədəbi-bədii kompozisiyalar, həmçinin hərbi orkestrlərin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramları təqdim olunub.